Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:42

Musa Tukanov azadlığa buraxılıb


Məhkəmə Karlar Cəmiyyətinin həbsdəki sədr müavini Musa Tukanova şərti cəza verib. O, bu gün, iyunun 7-də azadlığa buraxılıb.

Hökmü Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Bu haqda onun oğlu Akif Tukanov “ Turan” agentliyinə məlumat verib. Ancaq Akif Tukanov deyib ki, şərti cəzanın müddətini dəqiq bilmir.

Bunu, hələlik, məhkəmədən də dəqiqləşdirmək mümkün olmayıb.

Mayın 16-da keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış etmişdi. İrəli sürülən ittihamların məhkəmə istintaqı zamanı təsdiqini tapdığını bildirən ittihamçı Musa Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ancaq onun vəkili ittihamın rədd edilməsini, Tukanovun azadlığa buraxılmasını istəmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyasının M.Tukanovu ittihamlar üzrə qismən təqsirli bildiyi, ona şərti cəza verdiyi bildirilir.

Xatırlatma

Musa Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) parçalanmadan sonra tərəflərindən birinin rəhbəridir.

O, ötən ilin oktyabrında saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan Musa Tukanov barəsində həbs-qətimkan tədbiri seçmişdi.

Müdafiə tərəfi ittihamla razılaşmırdı.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə Musa Tukanov rəhbərlik edib. Ancaq bu partiyanın dövlət qeydiyyatı olmayıb.

XS
SM
MD
LG