Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:23

Tillerson-un Moskva səfəri və Qərb-Rusiya qarşıdurması


ABŞ dövlət katibi Rex Tillerson Moskvaya gəlib
ABŞ dövlət katibi Rex Tillerson Moskvaya gəlib

AzadlıqRadiosu yazır ki, ABŞ dövlət katibi Rex Tillerson-un dövlət ktibi kimi Moskvaya ilk səfəri ərəfəsində Qərb və Rusiya arasında gərginlik yeni mərhələyə qalxıb.

Tillerson aprelin 12-də Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.

Bu, Donald Trump Ağ Evə gələndən bəri Vaşinqtonla Moskva arasında ən yüksək səviyyədə ilk görüş olacaq.

G7 qrupu xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşündən birbaşa Moskvaya yollanan Tillerson təyyarəyə minməzdən əvvəl jurnalistlərə deyib ki, Lavrovla görüşü zamanı Rusiyanı Suriya prezidenti Bashar al-Assad-a dəstəyini dayandırmasına sövq etməyə çalışacaq.

O Suriyada dinc sakinlər üzərinə iddia edildiyinə görə Dəməşq tərəfindən edilmiş kimyəvi hücumu “vəhşi” hərəkət adlandırıb.

Lakin Rusiya prezidenti Vladimir Putin Assad-ı dəstəkləməkdən əl çəkəcəyinin heç bir siqnalını verməyib və Ağ Ev bildirir ki, Moskva “təcrid” olunub və “tarixin yanlış tərəfini tutub”.

Ağ Evin sözçüsü Sean Spicer Rusiya barəsində deyib ki, "onlar Şimali Koreya, Suriya və İranla bir cərgədə dayanıblar”.

Spicer deyib ki, “bunlar yaxınlıq ediləcək ölkələr deyil” və “Rusiyanı çxımaq şərtilə bu ölkələrin hamısı iflasa uğramış ölkələrdir”.

Ya Assad-la, ya Qərblə

Bundan əvvəl İtaliyanın Lukka şəhərində, G7 nazirlərinin Yaxın Şərqdəki həmkarları ilə görüşündə Tillerson deyib ki, Rusiya ya Birləşmiş Ştatlarla birlikdə Suriyanın dinc gələcəyi üçün çalışmaq, ya da Assad, İran və Livanın Hizbullah qruplaşması ilə bir cərgədə olmaq arasında seçim etməlidir.

Tillerson deyib ki, hələlik aydın deyil: Rusiya Suriyanın kimyəvi silahlarının ləğv olunması barədə öhdəliyinə ciddi yanaşmayıb, yoxsa buna səriştəsi çatmayıb?

O əlavə edib ki, “bu ikisinin fərqi ölənlər üçün heç bir təfavüt eləmir”.

O deyib ki, “biz Assad-ın kimyəvi silahdan bir daha istifadə etməsinə yol verə bilmərik”.

Tillerson artıq Moskvadadır və aprelin 12-də həmkarı Sergey Lavrovla görüşəcək.

Lakin Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Tillersonla görüş “hələki” Putinin gündəliyində yoxdur. Bununla yanaşı Rusiya telekanalları belə bir görüşün olacağını bildiriblər.

Bundan əvvəl Vladimir Putin ABŞ-ın Suriyaya raket zərbələrini “təcavüz” kimi pisləmişdi.

Rusiya prezidenti aprelin 11-də keçirilən mətbuat konfransında deyib ki, ABŞ Assad-ı devirməyə çalışır.

O Xan Şeyxunda baş verdiyi iddia edilən kimyəvi hücum faktının beynəlxalq komissiya tərəfindən araşdırlmnasına çağırıb.

ABŞ Suriyaya raket zərbələrini məhz bu hücuma cavab olaraq endirmişdi.

Putin habelə deyib ki, Qərbin Assad-ı ittiham etməsi ona 2003-cü ildə ABŞ-ın İraqa müdaxilə etdiyi vaxtı xatırladır. O zaman da müdaxilə üçün əsas, Saddam Hüseynin kimyəvi silahlara malik olması barədə məlumatlar idi.

Qərbin mövqeyi qəti deyil

G7 qrupu nazirlərinin aprelin 11-də başa çatmış görüşündə ölkələr Rusiyaya qarşı Assad-a görə yeni sanksiyalar məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

Tillerson deyib ki, həm İraqda, həm də Suriyada bir nömrəli məsələ İslam Dövləti qruplaşmasının məğlub edilməsidir.

Lakin o əlavə edib ki, Suriya məsələsində Rusiya ABŞ və Qərbin mövqeyinə şərik olmalıdır.

G7 sammitində Britaniya və Kanada, Moskva Assad-a dəstəyini davam etdirəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalrın sərtləşdirilməsinə çağırıblar.

Fransanın xarici işlər naziri Jean-Marc Ayrault deyib ki, Rusiya Assad-a dəstək “riyakarlığına” son qoymalıdır.

Onun fikrincə, “Rusiya yaxasını Assad rejiminin əlindən qurtarmaq üçün yaranmış imkandan istifadə etməldir”.

İtaliyanın xarici işlər naziri Angelino Alfano görüşdən sonra deyib ki, G7 nazirləri Rusiyanın Suriya sülh prosesində iştirak etməli olduğu barədə razılığa gəliblər.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel isə deyib ki, Suriya sülh prosesində Rusiya ilə yanaşı İran da iştirak etməlidir.

Yaponiyanın xarici işlər naziri Masato Ohtaka da bildirib ki, Rusiya münaqişənin həllində “əsas rollardan birini oynaya bilər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG