Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 14:30

Prezidentin çıxışından sonra məktəbli qızların bakirəliyini yoxlamağa başlayıblar


Məmurlar israr edirlər ki, onların məqsədi yalnız “cinsi həyata erkən başlayaraq çətinliklə üzləşmiş qızlara köməklik göstərməkdir” və onlar məktəbli qızları aşağılamaq niyyətində qətiyyən olmayıblar.

Səbəb nə olursa-olsun, Səmərqənd vilayətindəki məktəbli qızları və kollec tələbələrini ginekoloqların müayinəsinə göndərirlər. Həkimlər onların hamilə və ya bakirə olub-olmadıqlarını yoxlamalıdırlar.

Bir neçə tələbə və şagird qız baş verənlər barədə AzadlıqRadiosunun Özbək xidmətinə şikayət ediblər.

"Mən lap utanırdım. Mənəviyyat dərslərini deyən müəllim qızları həkimin kabinetindən çıxarırdı. Oğlanlarımız bizə gülürdülər, - deyib Səmərqənddəki kolleclərdən birinin tələbəsi Nargiza. Onu noyabrın 16-da ginekoloqun qəbuluna getməyə məcbur etmişdilər, - Müayinə zamanı bəlli oldu ki, tələbələrimizdən biri hamilədir. Artıq cümə günü bu barədə bütün kollec bilirdi”.

Nargiza deyib ki, ona qalsaydı, ginekoloqun qəbuluna heç vaxt getməzdi.

Səmərqənd kolleclərindən birinin müəllimi tələbə qızların ginekoloq yoxlamasından keçdiklərini təsdiq edib:

"Bu tədbir yeniyetmələr arasında erkən hamimləliyin qarşısının alınması məqsədilə aparılırdı və vilayət səhiyyə və təhsil idarələrinin qrafikinə uyğun keçirilirdi. Hər bir kollecə müəyyən gün ayrılmışdı. Həmin gün bütün tələbə qızlar ginekoloqun qəbuluna gedirdilər. Onlara əvvəlcə çarpayıda baxılırdı. Əgər həkimlərdə şübhə yaranırdısa, onda pasienti ginekoloq kreslosuna keçirirdilər. Bəzi qızları ultrasəs cihazında yoxlayırdılar”.

Müəllim deyir ki, "qızları həkimə məcburi qaydada aparırdılar”.

Vilayət məmurları həmçinin jurnalistlərə izah ediblər ki, ginekoloji müayinədən başqa, bakirəliyini itirmiş qızlar və onların valideynləri ilə söhbətlər aparılır. Onların sözlərinə görə müayinə vaxtı vilayətdə onlarca hamilə qızın olduğu üzə çıxınb.

Səmərqənd vilayət hökumətinin adının çəkilməsini istəməyən məmuru AzadlıqRadiosuna deyib ki, həkimlərə qızların hamiləliyi barədə yalnız onların valideynlərinə bildirmək tapşırılıb.

Məmur bildirir ki, müəllimlər, həkimlər və psixoloqlarla bu söhbətlər zamanı hamilə şagirdləri utandırmırlar, əksinə, intiharların baş verməməsi üçün onlara kömək etməyə çalışırlar. Axı Özbəkistanda uşağa qalmış və ya bakirəliyini itirmiş bir çox qızlar rüsvayçılıqla üzləşməmək üçün intihara əl atırlar.

Rəsmi bunu da deyir ki, şüur baxımından qızlar 15-17 yaşlarında hamiləliyə hazır olmurlar. İctimaiyyətin qınağından sonra böhranlı vəziyyətlər yaranır:

"Bizim məqsədimiz belə çətin həyati situasiyada qızlara kömək etməkdir. Biz qarşımıza onları alçaltmaq məqsədini qoymuruq. Biz bu tədbirləri ona görə keçiririk ki, qızlar depressiyaya düşərək, öz canlarına qıymasınlar”.

Səmərqənd vilayəti Səhiyyə İdarəsi yanında Reprodiktiv Sağlamlıq Mərkəzinin həkimi israr edir ki, bakirəliyini itirmiş qızları utandırmırlar, əksinə onlara “faydalı məsləhətlər” verirlər:

"Yeniyetmə qızlar hamiləlik vaxtı müxtəlif patologiyalarla üzləşirlər: qanazlığı, güclü toksikoz, plasentar çatışmazlıq, sümük sisteminddə neqativ dəyişikliklər. Biz bütün bunları qızlara ginekoloji müayinə zamanı izah edirik. Biz onları başa salırıq ki, körpə ölümləri daha çox 18 yaşından gənc olan anaların uşaqları arasında baş verir. Təkrar edirəm ki, bizim məqsədimiz qızları utandırmaq yox, onlara düzgün məsləhət verməkdir. Təəssüf ki, xalq arasında yayılmış inama görə ginekoloqa yalnız “pis qızlar” müraciət edirlər”.

Regional məmurlar deyirlər ki, kütləvi ginekoloq müayinələri onların şəxsi təşəbbüsü ilə keçirilmir. Bu barədə qərar prezident Şavkat Mirziyoyevin bir çıxışından sonra qəbul edilib. Dövlət başçısı noyabrın 9-da etdiyi çıxışında deyib ki, Səmərqənd vilayətində qadınlar və qızlar arasında intihar halları artıb. Bir il ərzində artıq 145 intihar qeydə alıınıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG