Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:39

Azı 1 milyonu olanların sayı artır


Pul

Varlılar daha da varlanır. Bütün dünyada investisiya qabiliyyətli aktivləri azı bir milyon ABŞ dolları dəyərində olanların sayı artır. «Capgemini» şirkətinin hazırladığı «Ümumdünya Sərvət Hesabatı 2017» barədə «Bloomberg» agentliyi yazır.

2025-Cİ İLƏDƏK 100 TRİLYON DOLLAR

Konsaltinq və texnologiya şirkəti olan «Capgemini» proqnozlaşdırır ki, 2025-ci ilədək belə investorların sərvəti 100 trilyon dollara çatacaq. 2016-cı ildə bu rəqəm 63.5 trilyon dollar olub.

Ancaq kədərlidir ki, hətta çox varlılar da bərabərsizlikdən əziyyət çəkir. Belə ki, aktivləri 1-5 milyon arası olanların sayı 7.4 faiz, azı 30 milyonluq aktivi olanlarsa 8.3 faiz artıb.

Hesabat Şimali Amerika və Avropada varlıların sayının uyğun olaraq 7.8 və 7.7 faiz yüksəldiyini aşkarlayıb. 2015-ci ildəki artım 2 və 5 faiz idi. Ancaq Yaponiyanı çıxmaqla Asiya-Sakit Okean regionunda artım səngiyib, 9 faizdən 7.4 faizə düşüb.

***Buna da bax-Çin dollar milyarderlərinin sayına görə ABŞ-ı ötüb

İnvestorların aktivlərinin ən çox toplandığı səhmlərdən qazanc ötən il Rusiyada varlı investorların sayını 19.7 faiz artırıb. 2015-ci ildə bu ölkədə 1.8 faizlik düşüş qeydə alınmışdı. Bu arada Rusiyada milyonçu yığını nisbətən kiçikdir, cəmi 182 mindir.

AKTİVLƏR HARDA «YATIR»

Braziliyada da ötən il artım qeydə alınıb, 2015-ci ildə 7.8 faiz azalan milyonçu sayı ötən il 10.7 faiz yüksəlib. Bu ölkədə ultra-varlılar varlı investorların ümumi sərvətinin 87 faizinə sahibdirlər.

Birləşmiş Ştatlarda isə azı 1 milyonu olanların sayı 8 faiz çoxalıb.

Ötən il dünyanın əksər yerlərində imkanlı investorlar daha çox səhm bazarından qazanıblar. İnvestorların 90 faizi səhmləri «investisiya performansının vacib, yaxud ən vacib hissəsi» adlandırıb. Bu ilin ikinci rübündə investorların aktivlərinin 31.1 faizi səhmlərdə olub. Ötən ilin sonunda bu rəqəm 24.8 idi.

***Buna da bax-Warren Buffett 2.9 milyard dollarlıq ianə edib

Daşınmaz əmlaka yatırım ötən il 18 faizdən bu il 14 faizə düşüb. Xammal, birbaşa yatırım kimi alternativ aktivlərə qoyuluşlarda sıçrayış baş verib.

2010-cu ildə 10.9 milyon milyonçu investorun cəmi 42.7 trilyon dollar sərvəti varıydısa, ötən il 16.5 milyon nəfərin sərvəti 63.5 trilyon dollar yüksəlib.

SƏRVƏT NECƏ İDARƏ OLUNUR

İnvestorlar sərvətlərinin menecerlərinə inamın yüksək olduğunu dilə gətiriblər. Ancaq hesabatda onların məmnunluğuna xərclərin təsir göstərdiyi vurğulanır. Ortalama ödəniş 65 min 795 dollardır, yaxud idarə olunan aktivlərin ortalama 8.4 faizi qədər. Ənənəvi sərvət menecmenti şirkətlərinin robo-müşavirlərdən baha başa gəldiyi də qeyd olunur.

Hesabatda ənənəvi sərvət menecerlərinə tövsiyə olunur ki, güclü rəqibləri önləməkdən ötrü biznes modellərinə yenidən baxsınlar.

«Capgemini» bəzi investorlardan soruşub ki, sərvətlərinin idarəçiliyi üçün «Google», «Amazon.com Inc.», «Alibaba Group Holding Ltd.», «Apple Inc.» və «Facebook Inc.» kimi texnologiya şirkətlərinin xidmətlərindən istifadəylə araları necədir. 56 faizdən azacıq çoxu bu ideyaya açıq olduğunu söyləyib.

«Capgemini» bir neçə ilə böyük texnologiya şirkətlərinin bu sənayeyə girişini «qaçılmaz» sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG