Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:52

İstefaya getmiş müşavirin məktubu


Michael Flynn

Qərb mətbuatının əsas mövzularından biri ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn-in istefasıdır. M.Flynn Ağ evdə heç bir ay deyildi fəaliyyətə başlamışdı. Onun belə tezliklə getməsi Ağ evdən ötrü adi hal deyil. Mətbuat, müşavirlər komandasının, adətən, belə tezliklə ələnmədiyini vurğulayır.

SANKSİYALARDAN DANIŞDIĞINI ETİRAF EDİB

«The Associated Press» agentliyi müşavirin istefa məktubunu dərc edib. Agentliyin Ağ evdən əldə etdiyi məktubda M.Flynn müşavir vəzifəsinə keçməzdən öncə bir neçə xarici həmkarı, nazirlər və səfirlərlə telefonla söhbət etdiyini, bununla prezidentlə, onun müşavirləriylə xarici liderlər arasında münasibət qurmağa çalışdığını bildirib. «Təəssüf ki, hadisələr sürətlə cərəyan etdiyindən, mən vitse-prezidentə də, başqalarına da Rusiya səfiriylə telefon söhbətim haqda tam məlumat verməmişəm. Səhvimi etiraf edərək prezident və vitse-prezidentdən üzr istədim və onlar mənim üzrxahlığımı qəbul etdilər», – deyə M.Flynn yazır.

M.Flynn-lə bağlı qalmaqala səbəb elə onun Rusiya səfiriylə uzun-uzadı telefon söhbətləridir. Müşavirin səfirlə vəzifəyə təyin olunmamışdan əvvəl, həm də keçmiş prezident Barack Obama Rusiyaya sanksiyalar qoyduğu gün danışdığı aşkara çıxıb.

D.Trump-ın V.Putin-lə telefon söhbəti.
D.Trump-ın V.Putin-lə telefon söhbəti.

Ağ evin mətbuat katibi Sean Spicer də, vitse-prezident Pike Pence də danışıqlar zamanı sanksiyalardan bəhs edilmədiyini deyirdilər. M.Pence müsahibələrindən birində buna hətta əmin olduğunu bildirmişdi. Ancaq M.Pence-in çıxışından bir neçə həftə sonra M.Flynn özü rus səfiriylə söhbətində sanksiyalar məsələsinə toxunduğunu istisna etməyib. Bu isə ABŞ qanunlarına ziddir.

«ABŞ TARİXİNƏ DÜŞƏCƏKLƏR»

M.Flynn məktubunda istefaya xalqına xidmətdən şərəf duyaraq getdiyini bildirib. Həmçinin, cəmi 3 həftə ərzində ölkənin xarici siyasətində köklü dəyişikliyə, ABŞ liderliyinin bərpasına nail olmuş prezident D.Trump-a xidmət etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb: «Bilirəm ki, prezident D.Trump-ın və vitse-prezident M.Pence-in güclü liderliyi sayəsində onların komandası ABŞ tarixinə düşəcək. Mən Amerika xalqına yaxşı xidmət ediləcəyinə inanıram, çünki onlar Amerikanı yenidən nəhəng ölkəyə çevirmək uğrunda birgə çalışırlar».

D.Trump seçki kampaniyası zamanı da, sonra da Rusiyayla əməkdaşlığa meylli olduğunu dəfələrlə vurğulayıb. Ancaq onun təhlükəsizlik müşavirinin rus səfiriylə təyinatdan öncə danışması, həmçinin qanuna zidd olaraq sanksiyaları müzakirə etməsi yuxarı dairələrdə geniş mübahisələr doğurub.

Fevralın 13-də keçirdiyi mətbuat konfransında Ağ evin sözçüsü Sean Spicer D.Trump-ın müşavirin məsələsinə baxdığını, prezident üçün ölkənin təhlükəsizliyinin hər şeydən önəmli olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG