Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:37

İstefaya göndərilən müşavir gizli plana cəlb olunubmuş


Michael Flynn

Birləşmiş Ştatların nüfuzlu qəzetlərindən biri «The New York Times» istefaya göndərilən müşavir Michael Flynn-in Rusiya və Ukraynayla bağlı gizli planından yazır.

Qəzet hansısa konkret mənbəyə əsaslanmır, amma M.Flynn-lə yanaşı, prezident Donald Trump-ın bir neçə başqa silahdaşının da plana cəlb olunduğunu, Ukraynada böhranı sanksiyaları aradan qaldırmaqla həll etməyə hazırlaşdıqlarını, Federal Tədqiqatlar Bürosunun (FBI) bununla bağlı faktları araşdırdığını bildirir.

FAKTLAR VAR

«Cənab Flynn Rusiya səfiriylə sanksiyaları müzakirə etdiyinə və administrasiyaya bu haqda yalan danışdığına görə getdi, amma plan da, onun tərəfdarları da ortadadır», – deyən müəllif belə bir cəhdin qanunsuz olmadığını, amma Rusiyanın maraqlarına xidmət edə biləcəyinə görə siyasi dairələri əndişələndirdiyini ehtimal edir.

«The New York Times»ın yazdığına görə, Ukraynayla bağlı təklif sülh planından artıq bir şeydir. Bu təklifin müəlliflərindən biri – özünü Ukraynanın gələcək D.Trump-ı hesab edən Andrii V.Artemenko indiki prezidentin – Petro Poroshenko-nun korrupsiyada əli olduğunu təsdiqləyən faktlara sahib olduğunu deyib. Onun sözlərinə görə, bu faktlar P.Poroshenko-nu devirməyə və Krım məsələsinin həllinə yardım edə bilər. O, Rusiya prezidenti Vladimir Putin-in də bu planı dəstəklədiyini söyləyib. «Məni Rusiyanın, ABŞ-ın, CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti adlandıranlar çox olacaq. Amma danışmasaq, bu problem necə həll edə bilərik?», – A.Artemenko belə deyib.

Planın digər tərəfdarları – D.Trump-ın şəxsi vəkili Michael D.Cohen (xanımı ukraynalıdır) və D.Trump-ın keçmiş şəriki, ona vaxtilə Rusiyayla anlaşmalarda yardım etmiş Felix H.Sater prezidentlə bu haqda hələ danışmadıqlarını deyirlər.

UKRAYNANIN HESABINA?

Ağ evin planı necə qarşılayacağı bəlli deyil. Amma «diplomatik özfəaliyyət» Ukrayna rəsmilərini artıq özündən çıxarıb. «The New York Times»ın yazdığına görə, Ukraynanın Birləşmiş Ştatlardakı səfiri Valeriy Chaly deyib ki, cənab Artemenko-nun hansısa ölkəyə, o cümlədən Birləşmiş Ştatlara Ukrayna adından sülh planı vermək səlahiyyəti yoxdur.

Kiyevdə «Trump, Ukraynaya buyur!» aksiyası – 20 yanvar 2017
Kiyevdə «Trump, Ukraynaya buyur!» aksiyası – 20 yanvar 2017

D.Trump-ın Ukraynayla bağlı mesajları birmənalı deyil. Seçki kampaniyası zamanı o, Ukrayna məsələsinə fərqli yanaşdığını, Krım sakinlərinin bəlkə də elə Rusiyaya qatılmaq istədiklərini demişdi. Ancaq son çıxışlarında ABŞ rəsmiləri Ukraynanın arxasında durduqlarını, Krım qaytarılmayınca, Rusiyaya sanksiyaların ləğv edilməyəcəyini bildirirlər.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri John Herbst isə fərqli fikirdədir. Onun sözlərinə görə, D.Trump-ın V.Putin-ə tərifləri onun Rusiyayla münasibətləri Ukraynanın hesabına düzəldəcəyi qorxusunu artırır. A.Artemenko-nun planı da bu baxımdan potensial vasitə ola bilər.

ARAŞDIRMA GEDİR

«The New York Times» qəzeti yazır ki, Federal Tədqiqatlar Bürosu (FBI) hazırda Ukrayna planı tərəfdarlarının görüşləriylə bağlı araşdırma aparır, keçmiş Britaniya agentinin və D.Trump-ın siyasi rəqiblərinin əldə etdiyi faktları öyrənir.

FBI-ya verilən məlumatlardan birində D.Trump-ın vəkili M.Cohen-in seçki kampaniyası zamanı Praqada Rusiya təmsilçisiylə görüşdüyü, demokratların sənədlərinə haker hücumlarını müzakirə etdiyi deyilir. Amma həm M.Cohen, həm də onunla görüşdüyü güman edilən rus rəsmisi belə bir şeyin olmadığını bildirirlər.

Yaltada Putin-in qraffitisi.
Yaltada Putin-in qraffitisi.

Qəzet yazır ki, Ukrayna parlamentində 2014-cü ildən fəaliyyətə başlayan A.Artemenko D.Trump-ın inauqurasiya mərasiminə də qatılıb və bu zaman Manhettendə Ukrayna planının müzakirə edildiyi güman olunan oteldə qalıb. Sonra o, Facebook səhifəsində D.Trump-a rəğbətini və amerikalı konqresmenlərlə görüşüb, Ukraynanın sülh planını müzakirə etdiyini bildirib. Statusunda A.Artemenko indi yeni liderlərin zamanı gəldiyini, D.Trump-ın onun siyasi karyerası və Krımla bağlı planlarını gerçəkləşdirməkdən ötrü fürsət olduğunu qeyd edib.

4 NAMİZƏD VAR

«The New York Times»ın yazdığına görə, ukraynalı vəkilin planının Ağ evə çatdırılmasına prezidentin keçmiş şəriki F.Sater yardım edib, zərfə qoyulmuş yazılı təklifi D.Trump-ın şəxsi vəkili M.Cohen-ə verib. M.Cohen özü bunu etiraf edib və qəzetə müsahibəsində A.Artemenko-ya yardımını P.Poroshenko-nun korrupsiyada günahlandırılmasıyla bağlayıb, «Saxtakarlıq yaxşı şey deyil, doğrudurmu?» - deyib.

M.Cohen isə fevralda Ağ evdə olarkən təklifi (keçmiş) təhlükəsizlik müşaviri M.Flynn-in ofisinə çatdırdığını deyib. Sonra da, cavab gözlədiyi halda, müşavirin istefaya getdiyini eşidib.

«The New York Times» indi hər üç şəxsin planlarını gerçəkləşdirməkdən ötrü yeni təhlükəsizlik müşavirinin təyinatını gözlədiklərini yazır. D.Trump vəzifəyə 4 namizədinin olduğunu bildirib, amma vəzifəni kimin tutacağı, hələ ki, bəli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG