Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:46

25 il əvvəl - meydan dövrünün şüarları...


"Azadlıq" meydanı 1988-89-cu illər
"Azadlıq" meydanı 1988-89-cu illər

Meydan dövrünün şüarları: Gerçəkləşəni də var, “canlı” qalanı da, “şirin arzu”ya çevriləni də...

“Öldü var, döndü yox!”, “Qa-ra-bağ! Qa-ra-bağ!”, “Torpaqdan pay olmaz”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Qoy ucalsın elin səsi, Qarabağın şikəstəsi!”, "Koroğlu qeyrətli, Babək hünərli! Yaşa, yaşa, Azərbaycan!"..

Bunlara Meydan hərəkatının ilk şuarları da demək olar.

“Meydan” kitabında toplanıb

28 il öncə Sovet Bakısının o zamankı “Lenin” (indiki “Azadlıq”) meydanına toplaşanların elliklə səsləndirdiyi, divar və plakatlara yazılmış şüarları jurnalist, araşdırmaçı yazar Ədalət Tahirzadənin “Meydan” kitabında yenidən xatırlamaq olar. Nostalji yaşamaq istəyənlər bu kitabdakı "Yaşasın Lenin milli siyasəti!", "Biz millətçi deyilik, beynəlmiləlçiyik!", "SSRİ vahid dövlətdir, onu parçalamağa yol vermərik!" və s. şüarlardan gəncliyini də yada sala bilər...

Dövran dəyişdikcə, milli duyğular sel olub axdıqca, həmin şüarların yerini indi bəlkə elə də təsirləndirməyən “Yaşasın, müstəqil Azərbaycan”, “Yaşasın demokratiya!”, “Rədd olsun Araz boyu tikanlı məftillər!”, “30 milyonluq azəri xalqı, azadlıq naminə birləşin!” “Xalq hökumət üçün deyil, hökumət xalq üçündür”. “Axdın ciblərinə yadın, özgənin! Adın Odlar yurdu, odun özgənin!”, “İki gözümüz - biri Bakı, biri Təbriz!” kimi şüarlar tutur.

Bu şüarları kim yazırdı? Bu gün hansı onlardan hansı daha aktualdır? Hansı şüarlar bir xəyala, şirin arzuya çevrilib? Hansı şüarlar indi üz qızardır? Hansılar gerçəkləşib? AzadlıqRadiosu Meydan dövrünün sadalanan şüarlardan heç də az məşhur olmayan qəhrəmanlarından – Nemət Pənahlıdan, Zərdüşt Əlizadədən və Pənah Hüseyndən həmin suallara cavab istəyib.

Buna da bax:​ “Sovet dağılıb, möhürü hələ də saxtakarların əlindədir”

“Mən heç bir şüarın müəllifi deyiləm”

“Kimsə şüar yazmırdı, xalqın sözüydü, səsiydi, o ovqatın içində deyirdilər”, - o günləri xatırlayan Nemət Pənahlı sözə belə başlayır və deyir ki, onun özü heç vaxt çıxışında özəl bir şüar səsləndirməyib:

“Xalqın özü vəziyyəti şüarla ifadə edirdi. İnanın, hər mitinqdə bizə kisələr dolu təkliflər, şüarlar gəlirdi. Adamlar özləri düşünürdülər ki, hansı addım atılsa, yaxşı olar və ya hansı şüar səslənməlidir”.

Nemət Pənahlı o vaxt əsas şüarların Qarabağla bağlı olduğunu, daha sonra onların müstəqillik, demokratiya yönündə dəyişdiyini söyləyir: “Millət özü prosesin icindəydi. Sanki canlı orqanizm kimi mübarizədə, savaşdaydı, öz hisslərini də şüarlarda ifadə edirdi”.

Nemət Pənahlının “Öldü var, döndü yox”, “Biz ölərik, Neməti tək qoymarıq” şüarları yadında qalıb: “İndi sualınıza cavab verərkən bunları xatırladım. Ancaq o dövrün şüarlarını “Əbədiyyət yolçusu” kitabında göstərmişəm”.

Nemət Pənahlı “Müstəqil olsaq, neft gəlirləri ilə torpağımızı 20 sm qızılla örtərik” deyiminin onun adıyla bağlandığını söyləyir, ancaq əlavə edir ki, çıxışında belə qeyri-real fikir səsləndirməyib.

O, indiyədək aktuallığını qoruyan və xalqın arzusu kimi baxdığı şüarı da deyir: “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”. Bu arzunun gerçəkləşəcəyinə inandığını vurğulayır: “Birinci mərhələ Şimali Azərbaycanı sovet cəngindən qurtarmaq və müstəqil dövlət qurmaq idi, ikinci mərhələ Cənubi Azərbaycanın müstəqilliyi olacaq”.

Buna da bax:​ Bloq icmalı: «Bizə fəxr ediləsi tarix buraxmadınız»

«“Biz ölərik, Qarabaği vermərik!” gözəl şüar idi»

Şüarları saf-çürük edən politoloq Zərdüşt Əlizadə xatırladır ki, SSRİ Konstitusiyasının 72-ci maddəsində Azərbaycan dili dövlət dili kimi göstərilsə də, şüarbazlar bu dilin dövlət dili olmasını tələb edirdilər: “Bundan başqa, Qarabağla bağlı şüarlar çox idi. Məsələn, “Biz ölərik, Qarabaği vermərik!” şüarı gözəl idi. Di gəl, heç biri gerçək olmadı. Belə şüarlar o dövrdə kütləni yönəldən siyasi dələduzların məkrlərini ifadə edirdi. Bunlar obyektiv, xalqın düşüncəsinə uyğun siyasi proses və məqamları ifadə etmirdi”.

Zərdüşt Əlizadə Ermənistanla iqtisadi əlaqələr kəsilsin” şüarının gerçəkləşdiyini deyir və vurğulayır ki, bu, baş verdi, ancaq Azərbaycan da öz iqtisadiyyatından məhrum oldu. O, sovetlər dönəmində Azərbaycanın sənaye potensialını və sənaye məhsullarını ixrac etdiyini yada salır: “Neft maşınqayırma məhsullarına olan ehtiyacın 70 faizini Azərbaycan ödəyirdi. Azərbaycan alimlərinin icad etdikləri cihazlar kosmosa yol açırdı. İndi isə ölkə yalnız xam neft satan ölkəyə çevrilib”.

“Azərbaycanın müstəqilliyi böyük nailiyyət idi”

Meydan hərəkatının liderlərindən biri, AXC hakimiyyətində baş nazir çalışmış Pənah Hüseynin fikrincə, müstəqilliklə bağlı şüarlar gerçəkləşib və Azərbaycan dünyada artıq müstəqil ölkə kimi tanınır: “Azərbaycanın müstəqilliyi bərpa olundu və ölkəmizin bayrağı bu gün beynəlxalq təşkilatlarda dalğalanır. Problemlər olsa da, bu, böyük nailiyyətdir”.

Pənah Hüseynə görə, aktuallığını qoruyan şüar “Qarabağ, Azərbaycan, Azadlıq”dır. O deyir ki, Qarabağ probleminin çözülməməsi hələ də ona aid şüarları “canlı” saxlayıb: “Ancaq bu gün torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün bərpası kimi, vətəndaşların hüquq və azadlıqlarının qorunması da vacib məsələdir”.

Keçmiş baş nazir də xalqı şüarların müəllifi sayır: “Konkret müəllif axtarmağa dəyməz. Şüarların da, meydan hərəkatının da əsas qüvvəsi, müəllifi xalq idi”.

Buna da bax:​ Sabir Rüstəmxanlı: ‘Həmin gün parlament əhatəyə alınmışdı...’

O, şüarların “Qarabağ”dan başlayıb xalqın müstəqillik və demokratik hakimiyyət tələblərinə doğru inkişafını təbii sayır və deyir ki, postsovet məkanında başlanan digər milli-azadlıq hərəkatları kimi, Azərbaycanda da sonuncu mərhələ hərəkat liderlərinin hakimiyyətə gəlişiylə yekunlaşmışdı: “Azərbaycan milli-azadlıq hərəkatının aparıcı qüvvəsi AXC idi, onun lideri Əbülfəz Elçibəy də hakimiyyətə gəldi”.

Gerçəkləşən şüarlar

Ədalət Tahirzadənin “Meydan” kitabında bəzi şüarların gerçəkləşdiyi də görünür. Məsələn, Kirovabad şəhəri 20 ildən çoxdur öz qədim Gəncə adını daşıyır.

“Gələcəyimiz naminə Azərbaycanda olan kimyəvi zavodlar ixtisar olsun!” şüarı da öz-özünə həllini tapıb. Keçmiş sovet respublikaları ilə əlaqələr dayandığından, bu zavodların əksəriyyəti ya qapadılıb, ya da istehsal gücünü yox səviyyəsinə salıb.

Yeni və köhnə şüarlar

Artıq Azərbaycanda yeni dövrün yeni şüarları var. Bu şüarların içərisində “İlhamla irəli!” kimi yenisi də var, “İnsanlara hürriyyət, millətlərə istiqlal” kimi yaşı bir əsri ötmüşü də. Sırf Azərbaycan çərçivəsində baxılsa, insan haqları, siyasi və sosial hüquqlarla bağlı şüarlar aktuallığını qoruyub, amma... Azərbaycan cəmiyyətində heç kimin dodaq büzməyə belə cəhd göstərməyəcəyi bir şüar, çox güman, öndə gedir. Bildiniz, yəqin. Söhbət Qarabağın, işğal altındakı başqa torpaqların azadlığından gedir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG