Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Məxfi informasiya Trump-dan gizlədilir?


ABŞ prezidenti Donald Trump nəvələri ilə gəzir, 17 fevral 2017.
ABŞ prezidenti Donald Trump nəvələri ilə gəzir, 17 fevral 2017.

ABŞ kəşfiyyat xidmətləri Prezident Donald Trump-dan məxfi informasiyanı gizlədirlər. Bu iddia ilə “The Wall Street Journal qəzeti çıxış edir.

“The Wall Street Journal” qaynaqlarına istinadla yazır ki, ilk dəfədir kəşfiyyat orqanları məxfi məlumatların bir hissəsini Birləşmiş Ştatların prezidentinə açıqlamamaq haqqında qərar veriblər. Və bu qərar xüsusi xidmət orqanlarının Donald Trump-a etimadının olmaması ilə izah edilir.

ABŞ-ın kəşfiyyat xidmətləri prezidentin bu informasiyaları sızdırmasından, kənara çıxarmasından ehtiyat etdiklərindən məxfi saxlamaq istəyiblər.

Buna da bax: Ağ evin müşaviri FBI-ni də aldadıb​

Kəşfiyyatçılar prezidentə niyə etimad etmirlər?

Tam məxfi
Tam məxfi

“The Wall Street Journal” bu məsələdə ad çəkmədən, situasiya ilə tanış olan keçmiş və indiki məmurlara istinad edir. Qəzet yazır ki, Donald Trump-dan məlumatların saxlanılması kəşfiyyat qurumları ilə prezident arasındakı etimadsızlığın nə qədər dərin olduğunu üzə çıxardır. Bu inamsızlığın kökündə isə iki məqamın dayandığı qeyd edilir. Birinci səbəb prezident komandasının Rusiya hakimiyyəti ilə əlaqələrinin mövcudluğudursa, ikincisi, Donald Trump-ın Amerika kəşfiyyat idarələrinə qarşı apardığı düşmənçilikdir.

“The Wall Street Journal”ın yazdığına görə, bəzi hallarda kəşfiyyat qurumlarının informasiyanı gizlətməkdə bir başqa məqsədi də var. Onlar informasiyanı əldə etmək məqsədilə yararlandıqları qaynaqları və metodları Donald Trump-a açıqlamaq istəməyiblər. Hər halda, qəzetin müsahibləri belə izah ediblər.

Əvvəllər də prezidentdən məlumatı saxlaya bilərdilər

Qəzet yada salır ki, kəşfiyyat təmsilçiləri əvvəllər də prezidentə və ya Konqres üzvlərinə öz işlərinin detallarını açıqlamaya bilərdilər. Bu addım yalnız bir halda – ölkə başçısına, sadəcə, qaynağın əldə etdiyi informasiya və kəşfiyyat qurumlarının bununla bağlı şərhlərinin gərəkli olması haqda qərar verildikdə atıla bilərdi.

Ancaq indiyə qədər informasiyanın məxfi saxlanılması prezidentə etimad göstərilməməsi və ya ondan ehtiyat edilməsi ilə izah olunmayıb, “The Wall Street Journal”ın qaynaqları bildirir.

Qəzet bunu da vurğulayır ki, məmurların bu günədək ABŞ-ın yeni prezidenti Donald Trump-dan neçə dəfə informasiyaları gizli saxladıqları bəlli deyil.

Buna da bax: Moskva Trump-dan ümidini kəsir?

Xatırlatma

Yeri gəlmişkən, prezident fevralın 15-də ABŞ kəşfiyyat xidmətlərini onun mövqeyinin zəiflədilməsi məqsədilə məlumat sızdırmaqda ittiham etmişdi. Donald Trump bu haqda danışarkən bildirib ki, kəşfiyyat qurumları sənəd və informasiyaların sızdırılmasına özləri imkan yaradırlar və bu, qanun pozuntusudur. “Bu, məndən çox-çox qabaqlar başlayıb və indi də davam edir”, – Trump bildirmişdi.

Michael Flynn, Vaşington, 13 fevral 2017
Michael Flynn, Vaşington, 13 fevral 2017

Fevralın 14-də prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Michelle Flynn vəzifəyə təyin edildikdən 24 gün sonra istefaya getməli oldu. Buna səbəb kimi onun Rusiyaya tətbiq edilmiş sanksiyalarla bağlı bu ölkənin səfiri ilə danışıqlar aparması göstərilirdi.

ABŞ prezidenti isə özünün və ya yaxın ətrafının Rusiya ilə əlaqələrini hər zaman təkzib edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG