Keçid linkləri

2026, 21 Fevral, şənbə, Bakı vaxtı 02:11

Merts: Yeni dünya düzəni formalaşır, Almaniya mövqeyini ortaya qoymalıdır

Fridrix Merts
Fridrix Merts

Yeni dünya düzəni sürətlə formalaşdığı bir vaxtda Almaniya öz mövqeyini ortaya qoymalı, daha böyük məsuliyyət götürməlidir. Bunu kansler Fridrix Merts fevralın 20-də CDU partiyasının milli qurultayının açılışında deyib.

"Bildiyimiz, qaydalara əsaslanan beynəlxalq nizam artıq mövcud deyil", – Merts Ştutqartda CDU üzvlərinə bildirib.

"Bu, vahid Avropada Almaniya üçün yeni böyük strategiyanın formalaşması ilə nəticələnəcək. Cəsarət göstəririk, gələcəyi formalaşdırmaq, mövqeyimizi ortaya qoymaq cəsarəti", – o vurğulayıb.

13 fevral

Merts ABŞ və Avropanı transatlantik etimadı bərpa etməyə çağırır

Almaniya kansleri Fridrix Merts deyir ki, köhnə dünya düzəni artıq mövcud deyil. O, fevralın 13-də Münxen Təhlükəsizlik Konfransında açılış nitqində Rusiyanın və Çinin yaratdığı təhdidlərlə bağlı xəbərdarlıq edib, qarşıdakı problemlərin həllindən ötrü ABŞ-Avropa münasibətlərinin bərpa olunmasının vacibliyini vurğulayıb.

"Ən yaxşı günlərində belə qüsurlu olsa da, hüquq və qaydalara söykənən qlobal nizam artıq yoxdur. ...Biz yenidən açıq şəkildə güc və böyük güclərin siyasəti ilə xarakterizə olunan bir dövrə adlamışıq", – Merts illik konfransdakı çıxışında deyib.

Kansler Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsini yeni sərt reallığa ən aydın örnək kimi göstərib. Onu da deyib ki, "Çin başqalarının asılılıqlarını sistemli istismar edir".

Merts yeni transatlantik tərəfdaşlığa çağırıb. O xəbərdarlıq edib ki, böyük güclərin rəqabəti dövründə hətta ABŞ belə təkbaşına yetərincə güclü olmayacaq.

"Atlantik okeanın hər iki tərəfində başa düşməliyik ki, birlikdə daha güclüyük... Gəlin transatlantik etimadı birlikdə bərpa edək, dirçəldək", – o vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio da dünyanın çox sürətlə dəyişdiyini, yeni geosiyasi dövrə keçdiyini bildirib.

XS
SM
MD
LG