Almaniya kansleri Angela Merkel prezident Racep Tayyip Erdogan hökumətini Avropa Birliyi-Türkiyə münasibətlərinə ziddi ziyan vurmaqda günahlandırıb.
Bu barədə AzadlıqRadiosu aprelin 27-də Reuters və digər informasiya agentliklərinə istinadla xəbər verib.
“Son həftələr baş verən hadisələr, Almaniya-Türkiyə, həmçinin Avropa-Türkiyə münasibətlərinə ciddi ziyan vurub”, Merkel bildirib.
Merkel ayın əvvəllərində Türkiyədəki referendumun ədalətli şəraitdə keçirilməməsindən də narahatlıq bildirib.
Qeyd edək ki,bu referendumda ölkə sakinləri cüzi səs çoxluğu ilə ölkənin parlament sistemindən prezident idarəçiliyinə keçməsinə səs verib ki, bu prezident Erdoganın 2029-cu ilədək hakimiyyətdə qalmasına imkan verir.
Amma Angela Merkel qeyd edib ki, bir-birindən üz döndərmək istər Avropa, istərsə də Türkiyənin marağında deyil və dialoqa dönmək üçün işi davam etdirəcəyik.
Merkel həmçinin Almaniya qəzetinin əməkdaşı Deniz Yucelin Ankarada saxlanmasının konstitusion hökumətlə bir araya sığmadığını vurğulayıb.
Almaniya və Türkiyə vətəndaşlığı olan Yucel “Die Welt” qəzetinin əməkdaşıdır.
O, fevralda terrorçuluq ittihamı ilə həbs olunub və məhkəmə qarşısına çıxarılmalıdır.
Merkel bildirib ki, mayın 29-da Avropa Birliyi liderlərinin Brüssel sammitində Türkiyəyə qarşı mümkün tədbirləri müzakirə etmək fikrindədir.
2016-cı il 15 iyul qiyam cəhdi və bunun ardınca bu cəhddə əli olmaqda şübhəli bilinənlərin təqib olunmasından sonra Almaniya ilə Türkiyə arasındakı münasibətlər pisləşib.
Qeyd edək ki, Merkelin bəyanatından bir gün əvvəl Türkiyədə ilahiyyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda şübhəli bilinən 1000-dən çox adam saxlanıb.
Türkiyə hakimiyyəti hazırda ABŞ-da yaşayan Fətullah Güleni 15 iyul qiyam cəhidinin təşkilində ittiham edir.
Gülen ittihamı rədd edir.