Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:37

51 məktəbə isti yeməyi kim verəcək?


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Təhsil Nazirliyi birbaşa tabeliyində olan 51 təhsil ocağının isti yeməklə təchiz olunması üçün şirkətlərə üz tutub.

Mütəxəssislər deyirlər ki, bütün ölkə ərazisinə səpələnmiş bu təhsil ocaqlarının – gimnaziya, lisey, internat və peşə məktəbinin ərzaq təminatının bir təchizatçı qurum tərəfindən təşkili ciddi riskdir. Nazirlikdə bu fikirlə razılaşmırlar.

Bu ilin aprel-dekabr aylarında yemək təchizatını icra etməyə iddialı olacaq şirkətlərə çoxsaylı tələblər qoyulub. Tələblərin bir çoxu nazirliyin ötən il keçirdiyi tenderdəkilərlə uzlaşsa da indi məsələ xeyli qəlizləşib.

Buna da bax:​ Nazirlik mənimsəmə halları aşkarladığını bildirir

Şərtlər hamıya görə deyil

Məsələn, indi, əvvəlki kimi, son bir ilin maliyyə hesabatı deyil, həm də həmin hesabatın auditdən keçməsi tələb edilir. İddiaçılara qiymət verilərkən, İSO standartları üzrə təlim keçən işçilərin olması, subpodratçıların cəlb edilib-edilməyəcəyi (bu haqda tərəflər arasında niyyət protokolu imzalanmalıdır) də nəzərə alınacaq.

Tenderdə qalib gəlmək üçün şirkətlərin maliyyə imkanlarına ayrıca önəm veriləcək. Təhsil Nazirliyi şirkətin bank hesabında yarım milyon manat sərbəst pul vəsaitinin olması tələbini irəli sürüb. Həmin şirkətin mətbəxi, anbarları, ət, tərəvəz və meyvə emalı sexləri, şirniyyat və çörək sexləri, avtomobil parkı, digər lazımi inventar və avadanlıqlarının da olması şərtdir.

Buna da bax: Azərbaycan məktəblərində xəstələnən uşaqlar

Nazirliyin rəsmisi: «Lazım olan sayda şirkət var»

Nazirliyin Tender Komissiyasının sədri Elvin Rüstəmov deyib ki, ölkədə bu şərtlərə uyğun gələn şirkətlər var. Ötən il nazirliyin tenderinə lazımi sayda şirkət qatılıb və «TAİS İKF» MMC qalib gəlib.

Ekspert: «Bu, həm də «ələmə mexanizmidir»

Nazirliyin təşkil etdiyi tender iştirakçılarına tələblərin çoxluğuna diqqət çəkən «Şəffaflıq-Azərbaycan» təşkilatının eksperti Elvin Yusifli AzadlıqRadiosu-na bunun bir çox potensial iddiaçıların tenderöncəsi «ələkdən keçirilməsinə» hesablanmasının da mümkünlüyünü vurğulayır:

«Burada dilemma nədən ibarətdir: dövlət satınalan təşkilata elə bir spesifik şərt qoya bilər ki, bu, manipulyasiyaya imkan yaradar. Şərtlər müəyyən şirkətin imkanlarına uyğun gələ, digərlərininsə satınalmaya qoşulmasını əngəlləyə bilər».

Buna da bax:​ Bakılı repetitor: 'Qazancımı direktorla bölüşdürürəm...'

Dolğun məlumat müsbət qiymətləndirilir

Təşkilatın nümayəndəsi Təhsil Nazirliyinin tenderi haqqında dolğun məlumatın dərcini müsbət hal sayır, axı bir çox dövlət qurumu satınalmaya dair məlumatı mediada çox xəsisliklə dərc edir. Nəticədə maraq göstərən şirkətlər çox zaman gərəksiz yerə xərcə düşür, çünki tenderə girsələr də, iş və tələblər onların qüvvəsini aşdığından, geri çəkilməyə məcbur qalırlar:

«Tender elanında məhdud informasiya verilir, təfsilatları komissiyadan öyrənmək üçün iştirakhaqqı ödəməlisən. Başqa sözlə, satınalan təşkilat tenderin şərtlər toplusunu, faktik olaraq, satmış olur. Əslində, tələb olunan mal, iş və xidmətləri təklif edən şirkət bu proseduran iştirakçılarına haqq ödəməlidir».

Buna da bax:​ 'Hökumət 200 şagirdi zorla 8 sinif otağına sığışdırır'

«Tenderi hissələrə bölmək olardı»

Dövlət satınalmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu söyləyən «Şəffaflıq-Azərbaycan» təşkilatının eksperti E. Yusifli Təhsil Nazirliyinin isti yemək təchizatının vahid tender əsasında keçirilməsi məsələsinə də toxunub. O deyir ki, mövcud qanunvericilik satınalan təşkilata geniş səlahiyyətlər verir və buna görə də belə hallar ortaya çıxır. Halbuki, ərazi amili nəzərə alınmaqla, tender bir neçə lot (hissə) üzrə keçirilə bilərdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG