Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:03

Auditdən keçməyənlər məhkəməyə veriləcək


Vergilər nazirliyi

Azərbaycan Respublikasının Auditorlar Palatası məcburi auditdən yayınan şirkətlərə qarşı avqustdan başlayaraq kütləvi şəkildə məhkəmələrə müraciət edəcək.

Palata hazırda auditorlardan daxil olan son hesabatları təhlil etməkdədir. Auditdən keçməyən şirkətləri və onların rəhbərlərini ağır cərimələr gözləyir.

Məcburi auditdən yayınmaya görə sanksiyalar hələ 2011-ci ildə müəyyən olunub. Bu ilin mayında isə qanunu pozanlara qarşı inzibati cərimələrin tətbiqi qaydasının müəyyənləşdirilməsi tamamlanıb. Bu illər ərzində maliyyə hesabatlarını rəy almaq üçün auditorlara təqdim etməyənlərə «güldən ağır söz deyən» olmayıb. İndən belə banklar, sığorta şirkətləri, səhmdar cəmiyyətlərinə münasibətdə protokolları Maliyyə Bazarlarına Nəzarət Palatası, digər kommersiya və qeyri-kommersiya təşkilatlarına münasibətdə isə protokolları Auditorlar Palatası tətbiq edəcək.

Buna da bax:​ 'Bəzi banklarda auditin nəticələri müsbət olmadığından...' [icmal]

Siyahı üzərində iş gedir

Auditorlar Palatasının Məhkəmə işləri və inzibati protokollar şöbəsinin müdiri Elnur İbrahimov AzadlıqRadiosu-na bildirib ki, indiyədək kənar auditdən keçməli olan əksər təşkilatlar boşluqdan sui-istifadə edərək qanunu pozub. «Vergilər nazirliyi məcburi auditdən keçməli olan qurumların siyahısını mütəmadi Palataya təqdim edir. Auditorların yarımillik hesabatlarının təhlili əsasında auditdən yayınanların siyahısını dəqiqləşdirəcəyik. Daha sonra onlara qarşı inzibati protokolları məhkəmələrə göndərəcəyik».

İnzibati Xətalar Məcəlləsinə əsasən, maliyyə hesabatlarını məcburi auditdən keçirməyən hüquqi şəxslərə qarşı tərtib olunan protokollar məhkəmədə təsdiqini taparsa, onlar 1500 manatdan 2500 manatadək cərimələnəcək. Şirkətlərin vəzifəli şəxsləri də cərimədən yaxa qurtara bilməyəcək. Onları 300 manatdan 600 manatadək cərimə gözləyir.

Buna da bax: 10-a yaxın bank normalara cavab vermir

Auditdən keçənlərin sayı azalıb

Auditorlar Palatasının hesabatına görə, maliyyə hesabatlarının yoxlanmasından ötrü kənar auditor cəlb edən qurumların sayı ilbəil azalır. 2016-cı il ərzində 67 min 522 məcburi audit obyektindən vur-tut 1 522-si, və ya 2,3 faizi auditdən keçib, halbuki, 2015-ci ildə auditor rəyi alan təşkilatların sayı 1 770 idi.

Məcburi audit siyahısı (audit.gov.az)
Məcburi audit siyahısı (audit.gov.az)

Mənbə: audit.gov.az

Bazarda əcnəbilər söz sahibidir

Bu ilin əvvəlinə Azərbaycanda 38 sərbəst auditorun, 67 auditor təşkilatının (o cümlədən, 4 beynəlxalq auditor təşkilatının filialı və nümayəndəliyi, eləcə də 18 xarici investisiyalı audit şirkəti) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.

Buna da bax:​ Hesablama Palatasının görünməyən 'şəffaflığı'

2016-cı ildə onlar 56,8 milyon manat məbləğində 3 min 540 müqavilə bağlayıblar. Xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri həmin müqavilələrin 14 faizini (495) bağlayıblar, amma ümumi gəlirin 64,4 faizi (36,6 milyon manat) «Böyük dördlüyə» daxil bu şirkətlər götürüblər.

Gəlirlərin daha 25,5 faizini (14,5 milyon manat) 526 müqavilə bağlamağa nail olmuş xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları əldə ediblər. Yerli auditor təşkilatları ümumi dəyəri 3,9 milyon manat olan 1531 müqavilə, sərbəst auditorlar (fiziki şəxslər) isə 1 milyon 827,8 min manatlıq 988 müqavilə bağlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG