Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 17:42

Senatorlar gürcülərə təhlükəsizlik təminatı verdilər


Senatorlar Lindsey Graham, John McCain və Amy Klobuchar

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-i tərifləsə də, ABŞ Baltikyanı ölkələrə də, Ukraynaya da, Gürcüstana da əvvəlki kimi dayaq duracaq. Bunu Birləşmiş Ştatların senatorları həmin ölkələrə səfərləri zamanı deyiblər.

«Reuters» xəbər agentliyi yazır ki, senatorların Ukrayna və Gürcüstanda çıxışları ABŞ Konqresinin yeni prezident D.Trump-ın Rusiyayla münasibətləri yumşaltmaq cəhdlərinə qarşı çıxacağını göstərir.

«Reuters»in məlumatına görə, senator John McCain Tbilisidə çıxışında həmkarlarını Rusiyaya sanksiyaları gücləndirməyə çağıracağına söz verib.

«MÖVQEYİMİZ DƏYİŞMƏYƏCƏK»

«Münasibətlərimizi davam etdirməliyik və anlamalıyıq ki, V.Putin-ə qarşı durmayınca onun təcavüzünü önləyə bilməyəcəyik», – deyə McCain keçmiş Sovet ölkələriylə əməkdaşlığın vacibliyini vurğulayıb.

Tbilisidə senatorlar Gürcüstan prezidenti Giorgi Margvelashvili, xarici işlər naziri Mikheil Janelidze və bir neçə müxalifət lideriylə görüşüblər. Gürcüstanın «Freedom&Democracy Watch» xəbər xidmətinin yazdığına görə, görüşlərdə məqsəd Qafqazda təhlükəsizliyi və yeni administrasiya dövründə münasibətlərin inkişaf yollarını müzakirə etmək olub.

John McCain Gürcüstanda.
John McCain Gürcüstanda.

Yanvarın 2-də Tbilisi yaxınlığında NATO ilə Gürcüstanın Birgə Təlim və Təkmilləşdirmə Mərkəzində olarkən McCain deyib: «Mən, ABŞ Konqresi və administrasiyasının Gürcüstanın müstəqilliyi və azadlığını bundan sonra da dəstəkləyəcəyinə əminəm. Mövqeyimiz dəyişməyəcək».

«DAHA ÇOXLAR»

Senatorlar həm də 2008-ci ildə – Rusiyanın müdaxiləsindən sonra ayrılmış Cənubi Osetiya ilə sərhəddə olublar. Burada çıxışında McCain dünyanın V.Putin-ə görə daha təhlükəli olduğunu, ABŞ-ın gürcü xalqının azadlıq və təhlükəsizlik qarantına çevrildiyini söyləyib.

«Bizim mesajımız budur: 2017-ci il «daha çoxlar» ili olacaq. Daha çox hərbi dəstək, daha çox iqtisadi inteqrasiya, ticarət və təkcə burada deyil, dünyanın hər yerində Rusiyanın təcavüzünə qarşı daha çox hərəkət – daha çox sanksiya», – deyən senator Lindsey Graham dünyanın Rusiyadan cana doyduğunu və bunu Moskvaya çatdırmağın zamanı gəldiyini söyləyib.

Gürcüstandan öncə Ukraynada, Baltikyanı ölkələrdə olan senatorlar orada da ABŞ-ın dəstəyinin davamlı olacağına söz veriblər. «The Washington Post»un yazdığına görə, bu səfərin məqsədi, ümumiyyətlə, ABŞ-ın Rusiyanın təcavüzünə qarşı duracağını vurğulamaqdır.

XS
SM
MD
LG