Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

ABŞ-ın hərbi diqqəti terrordan Rusiya və Çin üzərinə keçir


ABŞ-ın müdafiə naziri James Mattis
ABŞ-ın müdafiə naziri James Mattis

ABŞ-ın müdafiə naziri Rusiya və Çini “revizionist qüvvələr” adlandırıb və deyib ki, Birləşmiş Ştatların hərbiyyəsi öz strategiyasını terrorizmlə mübarizədən “supergüclər yarışına” qaytarır.

Jim Mattis bu bəyanatı yanvarın 19-da Pentaqonun Milli Müdafiə Strategiyasını təqdim edərkən verib. Bu sənəd ABŞ-ın hərbi strateqləri üçün qarşıdan gələn illərdə əsas siyasi təlimat rolunu oynayacaq.

Mattis öz çıxışında işarə edib ki, Müdafiə Nazirliyi özünün əsas diqqətini terrorizmlə mübarizədən ayırır. O xatırladıb ki, son 17 ildə ABŞ-ın əsas diqqəti məhz terrorla mübarizəyə yönəlmişdi.

Mattis deyib: “Biz terrorçulara qarşı kampaniyamızı davam etdirəcəyik, lakin bundan sonra ABŞ milli təhlükəsizliyinin başlıca diqqəti terror yox, böyük qüvvələrin rəqabətinə yönələcək”.

O Çin və Rusiyanı “revizionist” və ya təftişçi ölkələr adlandırıb və əlavə edib ki, Pekin və Moskva “dünyanı yalnız özlərinin avtoritar modellərindən” ibarət görmək istəyir.

Müdafiə sənədi 2014-cü ildən bəri qəbul edilmiş ilk hərbi strategiya təlimatıdır və Donald Trump-ın adminsitrasiyası dövründə ilk belə sənəd sayılır. Bu sənəddə ötən ay qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasındakı bir sıra müddəalar yenə də yer alıb və burada da başlıca hədəf kimi Çin və Rusiya seçilib.

Mattis Müdafiə Nazirliyinin məxfi siyasət sənədinin ictimaiyyət üçün açıq olan 11 səhifəsini təqdim edib.

Bu sənəddə deyilir ki, Rusiya öz qonşularının sərhədlərini pozur və onların iqtisadi, diplomatik və təhlükəsizlik qərarları qəbul etməsinin qarşısını özünün veto qüdrətindən istifadə etməklə alıb.

Yanvarın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni müdafiə strategiyasını pisləyib və onu “qarşıdurma” sənədi adlandırıb. Lavrov əlavə edib ki, bu sənədin qəbul edilməsi hərbiyyə rəsmilərinə daha çox müdafiə xərcləri üçün əsas verəcək.

Lavrov deyib: “Biz təəssüf edirik ki, ABŞ normal dialoq aparmaqdan və beynəlxalq qanunları əsas götürməkdənsə özünün liderləyini qarşıdurma konsepsiya və strategiyaları ilə sübuta yetirməyə çalışır.”

Pentaqonun sənədində İran və Şimali Koreyadan qaynaqlanan təhlükələrə də toxunulur və qeyd edilir ki, ABŞ Pxenyanın təhlükələrindən müdafiə olunmaq üçün raket sistemlərinə malik olmalıdır.

Sənəddə qeyd olunur ki, “Şimali Koreya özünün qanunsuz hərəkətlərini və məsuliyətsiz ritorikasını” davam etdirir, İran isə “bütün Yaxın Şərq boyunca zorakılıq toxumu səpir və sabitsiziliyin əsas mənbəyi olaraq qalır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG