Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:34

Markes və pampers


Elçin Aslangil
Elçin Aslangil

-

- Qara qəpiklər boyda daşlar yağaydı göydən, başımı pəncərədən çölə tutub it kimi gəbərəydim.

Elçin Aslangil

MARKESİN NOBEL NİTQİNİ OXUYARKƏN

(Hekayə)

- Evdə quru çay qurtarıb, uşağı arada bayıra çıxardıb gəzdirsən yaxşı olar. Uşağın başını qatan olsaydı, mən də işlərimi rahatca görüb qurtarardım. Sənin kitab rəfin də tozlanıb, silib təmizləmək lazımdır.

- Tüpürüm mənim kitab rəfimə!

“Magellanla birlikdə dünyanı dolaşan Florentina dənizçisi Antonio Piqafetta Amerikanın cənub sahillərinə səyahətindən bəhs edən, macəradan çox xəyalı xatırladan, son dərəcə səliqəli və dəqiq yol qeydlərinin müəllifidir.”

- Görəsən bacım özünə paltar almağa getdi?

- Getməyibsə cəhənnəmə getsin.

“Müasir dövrün ən görkəmli abidələrindən biri Çili şairi Pablo Neruda on bir il əvvəl dinləyicilərini marifləndirdi. O vaxtdan bəri mərhəmətli bəzənsə bədxah avropalılar, tükənmək bilməyən inadkarlıqları əfsanəyə çevrilən qadınların və narahat kişilərin vətəni olan Latın Amerikasının qəribə müammaları ilə daha çox maraqlanmağa başladılar.”

- İndi yaxşı toy ola, təzə aldığım paltarı geyinib gedəm toya. Səyidə məni o paltarda görsə dəli olar.

- Səyidə ölər, yasına geyinib gedərsən.

“Varlıqlarını həqiqətə uyğunlaşdırmaq üçün zəruri vasitələrdən məhrum olduqlarına görə ramedilməz reallığın yaratdıqları – şairlər və dilənçilər, sərkərdələr və əclaflar, musiqiçilər və peyğəmbərlər yaradıcı təxəyyülə ehtiyac duyurlar.” - Amma mən arvadımın dırdırından təngə gələrək öz təxəyyülümün içinə zad eləyib səhərdən axşama kimi özümə söyməklə kifayətlənirəm. Varlığımı həqiqətə uyğunlaşdırmaq kimi bir fikrim olsaydı, ömür boyu subay qalardım. Evə quru çay da lazım olmazdı. Cənab Markes, indi vəziyyət belədir ki, on aylıq qızımın içinə etdiyi beş nömrəli pampersdən heç bir fərqim yoxdur.

- Bunu o kitabda yazıblar? Səhərdən axşama kimi silirəm süpürürəm, ev təmizə çıxmır. Uşağın paltarlarını yumaq ayrı bir işgəncədir. Sənsə adama əl yetirməzsən. Nə olar o uşağa heç olmazsa arada ilıq su ver, yazıqdır.

- Əziz həyat yoldaşım, mənim təmiz tumanım var?

- Var. Nə olub ki?

- Mən bu it oğlu Markesin Nobel nitqini yarımçıq qoymamaq üçün sidiyimi az-az tumanıma qaçırdaraq özümü murdarlamağımla barışmalı oluram. Ancaq sən məndən əl çəkmirsən. Sənin dırdırınla heç cür barışa bilmirəm, imkan ver bu zibili oxuyum!

- Oxu daa, mən sənə deyirəm oxuma?

- Demirsən, mane olursan.

“Ədəbiyyatda imdadımıza yetişən orjinallıq nə üçünsə sosial dəyişiklik cəhdlərimizin qarşısını kəsir.”

- Görürsən, yazıçılara ev verdilər. Bəs sənə niyə vermirlər? Yəqin onlar televizora çıxırlar ona görə. Ya da, səndən yaxşı yazırlar. Sənsə ancaq kitab oxuyursan. Adam da hər gün kitab oxuyar? Yazdıqlarını niyə ora-bura göndərmirsən? Atam deyir ki, böyük yazıçılar haqda yazmaq lazımdır. Belə etsən onlar da sənin haqqında gözəl fikirlər deyərlər. Sən də məşhurlaşarsan. Böyük adamlar haqda yazmaq lazımdır. Bax bu əlimdəki süpürgəni görürsən?

- Hə görürəm.

“Ustadım Uilyam Folkner eyni ilə buna bənzər günlərin birində demişdi: “Mən insanlığın sonunu qəbul etməkdən imtina edirəm.”

- Bu süpürgəni əlinə alıb, başının içində nə varsa hamısını süpürüb atmalısan zibil qabına. Özünə doğru-düzgün bir iş tapmalısan. Başa düşdün? Cavab ver daa. Gözünü kitabdan çək, gözlərimin içinə baxıb de ki, mən səni başa düşdüm.

- Poxa düşdüm poxa! Əl çək!

- Vallah mən sənin yaxşılığına deyirəm. Çıxartdığın kitablardan neçə yüz dənəsi satılıb? Amma mən o gün avtobusa minəndə, bir oğlan əlində Varisin, Elxanın kitablarını satırdı. Soruşdum ki, gündə neçəsini satırsan? Dedi: Azı 20-30 dənə. İndi gör onların kitablarından ayda neçəsi satılıree. Bir aya yəqin ki, ən azı 500 dənəsi satılar. Hər kitabdan iki manat qalsa, aya 1000 manat edər. Az pul deyil haa. Amma sən səhərdən axşama kimi yazırsan oxuyursan, bu iki ildə görmədim ki, yazdıqlarına görə bir qara qəpik qazanasan.

- Qara qəpiklər boyda daşlar yağaydı göydən, başımı pəncərədən çölə tutub it kimi gəbərəydim.

“Utopiyanı xatırladan bu ağrılı reallıqla qarşılaşdıqda, biz – hər şeyə inanmağa hazır olan nağılçılar – hiss edirik ki, cavab utopiysı yaratmaq gec deyil.”

- Kitabı nə vaxt oxuyub qurtaracaqsan?

- Hələ təzə başlamışam. Nə olub?

- Quru çay alardın evə. O kitabda nə yazılıb?

- Mən sənin ağzına – ağzına vursam səsin kəsilər?

- Uşağı da götürüb gedib oturaram atam evində. Boşanaram səndən. Səni rəzil edərəm. Məni vurmaq elə bilirsən sənə sərf edər? Mən yiyəsiz deyiləmee, atam da var, qardaşlarım da, hələ üstəlik qohumlarımı da yaxşı tanıyırsan. Bu dəqiqə gedərəm. Elə lap bu dəqiqə!

- Taksı çağırım?

* * * * *

- Siz, məhkəməyə müraciət edərək boşanmaq istədiyinizi bildirmisiniz. Bir övladınız var. Qərarınız qətidir?

- Bəli, qərarım qətidir.

- Vətəndaş Elçin, nə səbəbə və nə vaxt belə bir qərara gəldiniz?

- Qabriel Qarsia Markesin “Nobel nitqi” ni oxuyarkən.

- O kimdir? Deyə hakim soruşdu. Elçin ağzını açmamış həyat yoldaşı dedi:

- Ailəmizin dağılmağına səbəb olan gədəni deyir cənab hakim.

Hakim üzünü Elçinə tutub sualı təkrarladı:

- Vətəndaş, O, uzun - uzadı adı olan kişi kimdir axı?

- Varlığını həqiqətə uyğunlaşdırmaq üçün zəruri vasitələrdən məhrum olduğuna görə ramedilməz reallığın yaratdığı mənim kimi əclafın biridir.

Yerində bir az qımışan hakim, Elçindən kobud danışmamağı və söyüş söyməməyi tələb edərək dedi:

- Mən sizə övladınıza görə bir ay vaxt verirəm, yaxşıca düşünün. Hər hansısa problemin yaşanmaması üçün, xanımınız atası evində qalacaq, bu vaxt ərzində.

* * * * *

- Evdə quru çayımız var?

- Hə var, narahat olma.

- Elə bil bayaq uşaq ağlayırdı.

- Yeməyini verdim yatdı.

- Bu kitabı bu gün bitirəcəm. Herman Hessenin “Yalquzaq” əsəridir.

- Mən ata evimdə qaldığım o bir ayda Kafkanın “Çevrilmə” hekayəsini oxudum və düşündüm ki, yəqin sən hansısa bir həşarata çevriləcəksən tezliklə. Məsələn, hər gün silinib təmizlənməyən hamamda çimdiyinə görə, tarakana çevrilə bilərsən. Maraqlı idi. Sonra Çexovun “Qara Rahib” ini oxudum. "Qara Rahi"bi oxuyanda bilirsən nə düşünürdüm?

- Nə?

- Sən hər gün süpürülməyən tozanaqlı evin havasını udmaqdan və çirkli qabda balıq konservası yeməkdən vərəmə yoluxa bilərsən.

- Yox. Mən az qala sənsizlikdən vərəmləyəcəkdim.

XS
SM
MD
LG