Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:05

'1 dollar 2 manat 80 qəpik ola bilər'


Qubad İbadoğlu
Qubad İbadoğlu

«Rəsmi statistik məlumatlara görə, ötən il Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi. Ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yeri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi».
Bunu iqtisadçı Qubad İbadoğlu yazıb.

«MAAŞ VƏ PENSİYALARIN VERİLMƏSİ GECİKƏCƏK»

Onun 2017-ci ildən də gözləntiləri nikbin deyil: «İlin birinci yarısı daha ağır olacaq. Bu dövr ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. Çünki azalan idxal, zəifləyən iqtisadi fəallıq büdcənin mədaxilinin proqnoz səviyyəsində formalaşmasına problemlər yaradacaq. Bu da büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq».

Buna da bax-'Pensiya verməyə pul tapmırlar, 100 milyon oyunlara verirlər'

Q.İbadoğlu yazır ki, ilin ən böyük problemi işsizlik və inflyasiya olacaq:

İNFLYASİYA İKİRƏQƏMLİ OLACAQ

«İş yerlərinin ixtisarı 2017-ci ildə də davam edəcək. İl ərzində enerjidaşıyıcıların, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya ikirəqəmli olacaq. 2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək. Həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar.

Buna da bax-Manatın 3 məzənnəsi

Fikrimcə, il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən biri üzrə inkişaf edə bilər. Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenaridə isə 2 manat 80 qəpik ola bilər. Bir sözlə, manatın dollara nisbətdə məzənnəsi üçün dəhliz 2 manat 20 qəpiklə 2 manat 80 qəpik arasında müəyyənləşə bilər».

Q.İbadoğlu yazır ki, 2017-ci ildə manatın gerçək məzənnəsi formalaşmayana kimi ölkəyə kapital cəlb etmək və iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq. Gözlənilən dəyişikliklər yalnız müstəqil vətəndaş cəmiyyəti və azad mətbuatın dəstəyi ilə səmərə verə bilər. Onun fikrincə, iqtisadi islahatlar siyasi islahatlarla birlikdə aparılmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG