Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 07:32

AP: Trump kampaniyasının keçmiş başçısı Putinin xeyrinə plan təklif edibmiş


Paul Manafort (ortada) Respublikaçı Partiyanın qurultayında. 2016-cı il, iyul.

Associated Press xəbər verir ki, ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının sədri Paul Manafort Rusiya prezidenti Vladimir Putinə xeyir, onun opponentlərinə isə ziyan verəcək gizli siyasi strategiya təklif edibmiş.

AP agentliyi Manafort-a edilmiş ödənişlərlə tanış bir neçə nəfərlə söhbətlərinə və əldə etdiyi biznes sənədlərinə əsasən yazır ki, amerikalı biznesmen sözü gedən planı Kremllə sıx bağları olan Rusiya maqnatı Oleq Deripaskaya hələ 2005-ci ilin iyununda təklif edibmiş.

Belə deyilir ki, təklif olunmuş plan siyasəti, biznes sövdələşmələrini, habelə Birləşmiş Ştatlar, Avropa və keçmiş Sovet İttifaqı boyunca xəbər reportajlarını Putinə xeyir verəcək şəkildə təsirləndirmək məqsədi güdürdü.

Manafort nəhayət Deripaska ilə 10 milyon dollarlıq kontrakt imzalamış və AP-nin məlumatına görə ən tezi 2009-cu ilədək onunla biznes əlaqələrində olmuşdu.

AP-nin bu xəbəri Trump administrasiyasının və Manafortun özünün bundan əvvəl verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Manafort bildirirdi ki, Rusiya maraqları üçün heç vaxt işləməyib.

Kremllə sıx bağları olan Oleq Deripaska
Kremllə sıx bağları olan Oleq Deripaska

Manafort Rusiya kəşfiyyat rəsmiləri ilə əlaqələri və bundan əvvəl Ukrayna prezidenti Viktor Yanukoviçin siyasi partiyası üçün gördüyü işə görə ona edilmiş qanunsuz ödənişlərlə bağlı iddialarla əlaqədar 2016-cı ildə istefa vermişdi. AP bildirir ki, Manafort Deripaska üçün işlədiyini etiraf edib.

Lakin o deyib ki, bu işbirliyi zamanı Rusiyanın siyasi maraqlarını təmsil etməyib və onun adı “qarayaxma kampaniyasında vicdansızcasına hallandırılıb”.

AP-yə təqdim etdiyi bəyanatda Manafort bildirib ki, o on il bundan əvvəl Deripaskanı onun investisiya yatırdığı ölkələrdə biznes və şəxsi məsələlərdə təmsil edib.

Deripaskanın sözçüsü AP-nin sorğularına cavab verməyib. Biznesmenin şirkəti 2008-ci ildə bəyan etmişdi ki, Manafort heç vaxt bu firma üçün işləməyib.

Adlarının çəkilməsini istəməyən ABŞ rəsmiləri AP-yə deyiblər ki, Trump-ın Rusiya ilə əlaqələrinin araşdırılmasında Manafort ABŞ kəşfiyyatının xüsusilə diqqətində olub.

FTB direktoru James Comey bu həftə Konqresdə keçirilən dinləmədə təhqiqat obyekti kimi Manafortun adını çəkməkdən imtina etmişdi.

Ağ Evin sözçüsü Sean Spicer isə martın 20-də bildirmişdi ki, Manafort Trump-ın seçki kampaniyasında qısa müddətdə və məhdud rol oynayıb.

Martın 22-də NBC News telekanalının suallarına cavab verərkən Spicer Manafort barədə danışmaqdan ümumiyyətlə imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG