Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:12

Polşa yazıçısı 2018-ci il üçün Man Booker mükafatını alıb


Olga Tokarczuk

Polşa yazıçısı Olga Tokarczuk özünün “Uçuşlar” kitabının tərcüməsinə görə 2018-ci ilin nüfuzlu Man Booker Beynəlxalq Mükafatına layiq görülüb. Bu romanda 21-ci əsrdə səyahətdən və insan anatomiyasından bəhs olunur.

Tokarczuk-un ingilis dilinə Jennifer Croft tərəfindən tərcümə olunmuş əsəri müsabiqənin son 5-liyinə daxil olmuşdu.

Guardian yazır ki, Man Booker mükafatı yazıçıya 50 min funt sterlinq (113 min 940 manat) qazandırıb.

Beş hakimdən biri olan Lisa Appignanesi deyib ki, Tokarczuk-un əsəri yüksək mükafata layiqli seçim olub.

O həmçinin qeyd edib ki, əsər ingilis dilinə yüksək bədii səviyyədə tərcümə olunub:

"Yazıçı gedişlər və gəlişlər qalaktikasında və yalnız plastik məmulatların ölməz olduğu aləmdə səyahətlər vasitəsilə müasir insana yaxın məqamlara sirayət edə bilib”.

56 yaşlı Tokarczuk bu mükafatı almış ilk Polşa yazıçısıdır.

Buna baxmayaraq o öz ölkəsi Polşada son dərəcə məşhurdur və bestsellerlər müəllifi kimi tanınır.

İxtisasca psixoloq olan yazıçının əsərlərində onun Jung-a olan dərin marağı öz təsirini göstərir.

Tokarczuk habelə Polşada, özünün doğma yurdu Aşağı Sileziyada hər il keçirilən Ədəbiyyat festivalının həmtəsisçilərindən biridir.

“Uçuşlar” romanının İngiltərə naşiri Fitzcarraldo Editions əsəri Tokarczuk-un səkkiz romanı arasında ən güclüsü olduğunu bildirib.

Torakczuk-un romanı müsabiqədə İraq yazıçısı Ahmed Saadawi-nin “Frankenstein Bağdadda” (Frankenstein in Baghdad) romanına qalib gəlib. Bu romanda ABŞ-ın hərbi müdaxiləsindən sonra İraqda baş vermiş və təsəvvür edilən dəhşətlərdən söz açılır.

Son beşliyə habelə Man Booker mükafatının iki bundan əvvəlki laureatının əsərləri daxil edilmişdi. Bunlar Cənubi Koreyadan Han Kang və Macarıstandan Laszlo Krasznahorkai idilər.

Appignanesi deyib ki, son qərar üçün seçulmiş beşlik doğrudan da güclü idi və bunların arasından qalibi müəyyən etmək o qədər də asan olmayıb.

Man Booker Beynəlxalq Mükafatı 2005-ci ildən başlayaraq hər iki ildən bir həm də xaricidilli müəllifə verilir. 2016-cı ildən xarici kitablar hər il mükafata təqdim edilir.

2017-ci ildə Man Booker mükafatını almış David Grossman-ın ivrit dilində yazılmış “At bara gəlib” romanı İsraildəki kiçik komediya klubunda baş verən hadisələrdən bəhs edir.

2016-cı ildə isə mükafatı Han Kang-ın “Vegetarian” romanı qazanmışdı. Bu romanda evin yeknəsəq həyatından bezən qadın özünü ağaca çevirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG