Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:56

Ötən gün – iyunun 13-də ABŞ-ın keçmiş dövlət katibi Madeleine Albright Tbilisidə dövlətin inkişafında qadınların rolunun vacibliyindən danışıb. O, iyunun 11-də NDI-nin (Milli Demokratiya İnstitutu) Direktorlar şurasının digər üzvləri ilə birlikdə Gürcüstana gəlib. Tanınmış Amerika diplomatı bu günlər ərzində ölkə rəhbərləri və «Gürcü arzusu» Partiyasının nümayəndələri ilə bağlı qapılar arxasında görüşlər keçirib. Bu haqda «Exo Kavkaza» portalı yazır.

«Milli Demokratiya İnstitutu on illərlə Gürcüstanda xüsusi iş görüb. Müxtəlif nəsilləri təmsil edən onlarla insan Gürcüstanda çox gözəl iş ortaya çıxarıb, öz ürəklərini, inamlarını və əməklərini qoyublar», – Gürcüstan prezidenti Giorgi Margvelashvili keçmiş dövlət katibi ilə görüşdə deyib.

BROŞKALARIN DİLİ

Yeri gəlmişkən, Margvelashvili-nin özü də 1995 - 2000-ci illərdə NDI-da çalışıb.

Albright Tbilisidə də öz sevimli üslubuna əl atıb. O bu dəfə də broşkalarının dili ilə danışıb.

Onun bəzək sancaqlarına sevgisi dünyada məşhurdur. Dövlət katibi olduğu vaxtlarda o, broşkaların köməyilə diplomatik danışıqların iştirakçılarına görüşü hansı tonda və əhvalda keçirəcəyini bildirirdi.

M.Albright özünün məşhur qanadlı ifadəsini də xatırlayıb: «Cəhənnəmdə başqa qadınlara kömək etməmiş qadınlardan ötrü xüsusi qaynar yer var».

ABŞ-ın keçmiş dövlət katibi, hazırda isə Milli Demokratiya İnstitutunun Direktorlar şurasının sədri M.Albright NDI-ın «Qadınlar gələcək liderlərdir» proqramının gürcü iştirakçıları ilə görüş keçirib. Albright siyasətdə və icraedici hakimiyyət strukturlarında daha çox qadının olmasının vacibliyindən danışıb:

Madeleine Albright və ABŞ-ın Gürcüstanda səfiri Ian Kelly
Madeleine Albright və ABŞ-ın Gürcüstanda səfiri Ian Kelly

«Bunun mənim feministliyimlə əlaqəsi yoxdur. Ona görədir ki, qadınlar siyasi və iqtisadi cəhətdən güclü olanda, cəmiyyəti qat-qat daha sabit görürük».

HƏR ŞEYİN BAŞLADIĞI YER

O, gürcü qadınlarını fəal olmağa və özlərini yerlərdə siyasi fəaliyyətə həsr etməyə çağırıb:

«Axı bu, hər şeyin başladığı yerdir. Bu, hakimiyyətin yeganə səviyyəsidir ki, ona hamı etibar edir».

NDI-nin Direktorlar şurasının digər üzvləri ilə birlikdə Tbilisidə qonaq olduğu gündən M.Albright gürcü xalqı və Gürcüstan hökuməti haqda çoxlu xoş sözlər deyib. Ancaq onun ölkə prezidenti G.Margvelashvili, daha sonra isə «Gürcü arzusu» Partiyasının liderləriylə görüşlərinin bağlı qapılar arxasında keçməsi ictimaiyyətin diqqətindən qaçmayıb. Bəzi müşahidəçilər ehtimal edirlər ki, bu görüşlərdə söhbət təkcə Milli Demokratiya İnstitutunun Gürcüstanla əməkdaşlığından yox, həm də ölkədə mövcud problemlərdən gedib. ABŞ-ın keçmiş dövlət katibinin Gürcüstan prezidentinin iyunun 12-də verdiyi bayram ziyafətindəki çıxışında dediyi sözlər belə düşünməyə əsas verir.

«Əsl dost olduğumuzdan bir-birimizlə mürəkkəb mövzulardan da danışa bilərik. Heç kəs demokratiyanın nə dərəcədə mürəkkəb olduğu, qüvvələr balansı sisteminin, qanunun aliliyinin, KİV-in xüsusi rolunun və konstitusiya islahatının gedişatının zəruriliyini inkar etmir», – deyə o bildirib.

GÖRÜŞLƏRDƏ NƏDƏN DANIŞIBLAR

Təcrübəli diplomat öz qısa çıxışında bu günlərdə Gürcüstanda qızğın müzakirə olunan bütün məsələləri əhatələyib.

Bununla yanaşı, «Gürcü arzusu» Partiyasının üzvləri bu barədə açıq danışmaq istəməyiblər. Parlamentin vitse-spikeri, gender bərabərliyi komissiyasının sədri Tamar Chugoshvili gürcü jurnalistlərini inandırmağa çalışıb ki, M.Albright-la görüşdə yalnız iki məsələ qaldırılıb:

«Biz onu (Albright-ı) parlamentin gender bərabərliyi yönündə gördüyü işlərlə tanış etdik. Bu məsələdə NDI Gürcüstan parlamentinə böyük kömək göstərir», – deyə o bildirib.

T.Chugoshvili-dən fərqli olaraq, parlamentin spikeri Irakli Kobakhidze keçirilən görüşlərlə bağlı heç bir açıqlama verməyib. Yayılan press-relizdə isə deyilir ki, NDI-nin nümayəndələri ilə görüşdə ölkənin demokratik inkişafı və konstitusiya dəyişiklikləri müzakirə olunub.

Madeleine Albright-ın Gürcüstan paytaxtına səfəri iyunun 15-dək davam edəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG