Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:08

London terror şübhəlisi 52 yaşlı britaniyalı Khalid Masood-dur


London polisi bildirib ki, martın 22-də Vestministerdə terrorçu hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs 52 yaşlı, Britaniya doğumlu Khalid Masood-dur.

O son vaxtlaradək Birmingem şəhərinin də daxil olduğu Uest Midlend qraflığında yaşayıb.

Bu hadisə ilə bağlı martın 23-də Birləşmiş Krallıq boyunca keçirilən reydlərdə 8 nəfər həbs edilib. Onlar terrorçu aktların hazırlanmasında şübhəli bilinirlər.

Bunlardan 7-si Birmingem şəhərində, biri isə şərqi Londonda həbs olunub.

Polis bildirib ki, Britaniya parlamentinin mühafizə olunan ərazisində terrorçu hücumu həyata keçirərkən polis tərəfindən güllələnərək öldürülmüş Masood-un bir neçə başqa ayamaları da olub.

Bu da xəbər verilir ki, Masood hazırda davam edən heç bir polis təhqiqatında olmayıb və onun haqqında heç bir kəşfiyyat məlumatı verilməyib.

Britaniyanın baş naziri Theresa May deyib ki, Masood təhlükəsizlik xidmətlərinə zorakı ekstremizm hadisələrinin araşdırılması zamanı “epizodik fiqur” kimi məlum olub.

Polisin əsas versiyası budur ki, Masood İslam terrorçuluğunun təsiri altına düşüb.

Ona qarşı əvvəllər heç bir terror ittihamı irəli sürülməyib.

Hakimiyyət orqanları bildirirlər ki, Khalid Masood bundan əvvəl ciddi bədən xəsarəti yetirilməsi də daxil hücum, qanunsuz silah gəzdirilməsi və ictimai asayişin pozulması ilə bağlı məsuliyyətə cəlb edilib.

Onun ilk cinayət məsuliyyəti 1983-cü ildə mülkiyyətə cinayətkar ziyan və qanunsuz bıçaq gəzdirməsi ilə bağlı olub.

Polisin məlumatına görə Masood martın 22-də Vestminister körpüsünün üstündə maşınla piyadaları vurmaqda şübhəli bilinir. Bu akt nəticəsində iki nəfər ölüb, daha 30 nəfər xəsarət alıb. O həmçinin Britaniya parlamentinin təhlükəsizlik perimetrində polis zabitini bıçaqlamaqda şübhəli sayılır.

Özünü İslam Dövləti adlandıran təşkilat hücum edənin onun “əsgəri” olduğunu iddia edib.

Ekstremist qruplaşma martın 23-də qeyri-rəsmi Amaq xəbər agentliyinin saytında bildirib ki, hücum edən “anti-İŞİD koalisiyasına daxil ölkələrin vətəndaşlarına hücum etmək çağırışına cavab olaraq hərəkət edib”.

Bu arada terror aktı qurbanlarının kimliyi müəyənləşdirilib.

Körpü üstündə maşınla vurularaq öldürülən iki piyadadan biri,43 yaşlı britaniyalı Aysha Frade parlament yaxınlığındakı kollecdə administrator işləyirdi. İkinci qurban ABŞ-ın Yuta ştatından olan müəllim Kurt Cochran-dır. O Londona öz xanımı ilə evliliklərinin 25 illiyini qeyd etməyə gəlmişdi.

Öldürülmüş polis zabiti Keith Palmer-in 48 yaşı vardı. O 15 il idi ki, parlament və diplomatik mühafizə qüvvələrində xidmət edirdi.

Vestminister körpüsünün üstündə xəsarət almış qurbanlar 12 ölkənin vətəndaşlarıdır.

Onların arasında fransalı məktəbli və rumıniyalı ər-arvad da var. Qalan yaralılar Londona turist kimi gəlmiş çinlilərdir.

Yaralılardan 7-sinin vəziyyəti kritikdir. Onlardan biri də hadisə zamanı özünü Temza çayına atmış rumın qadındır.

Britaniya xəfiyyələri bundan əvvəl Masood-un terror aktını təkbaşına törətdiyini güman edirdilər, lakin indi başqalarının da bu hadisə ilə əlaqəli ola biləcəyini istisna etmirlər.

Həbs edilənlərin kimliyi hələlik açıqlanmayıb.

Baş nazir May parlamentə bildirib ki, ölkə boyunca terror təhlükəsi dərəcəsi qaldırılmayacaq. Hazırda təhlükə dərəcəsi “sərt” şkalasındadır. Bu ən yüksək həddən bir pillə aşağıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG