Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:24

Leyla Əliyevanın “daçası”


Mayendorf Bağlarındakı mülklərdən bəzilərinin fotoları. (Leyla Əliyevanın mülkinin şəkli onların arasında yoxdur.)
Mayendorf Bağlarındakı mülklərdən bəzilərinin fotoları. (Leyla Əliyevanın mülkinin şəkli onların arasında yoxdur.)

.

Moskvadan 7 kilometr qərbdə Rublyevo-Uspenskoye magistralı boyunca şam meşəsinin ortasından 3 metr hündürlükdə metal hasar keçir. Hasarın o üzündə Mayendorf Bağları yerləşir. Bu ərazidə Rublyovkanın eksklüziv və sirli icması – Forbes milyonçuları, Dövlət Dumasının deputatları və yüksək rütbəli hökumət rəsmiləri yaşayır.

Evlərdən biri Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevaya məxsusdur. Bəzi mənbələr onun 30, bəziləri 31 yaşı olduğunu göstərir. Ekspertlər Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsinə (OCCRP) bildiriblər ki, Leyla Əliyevanın mülkünün dəyəri 10 milyonlarla dollarla ölçülür. Belə ki, həmin ərazidəki evlərin ortalama satış qiyməti 37 milyon dollardır.

OCCRP Azərbaycanın birinci ailəsinin sərvətini araşdırır və qeyd edir ki, Moskvadakı "daça" Əliyevlərin dünyadakı dəbdəbəli imarətlərindən yalnız biridir. Avqustun 5-də dərc olunmuş araşdırma müəllifi Olesya Shmagun vurğulayır ki, İlham Əliyev həyatının böyük hissəsini dövlət qulluqçusu kimi çalışıb.

Nəzakətsiz adamlar

Rublyevo-Uspenskoye magistralı çox diqqətlə qorunan yoldur. Prezident Vladimir Putin hər gün buradakı malikanəsindən Kremldəki ofisinə gedir. Putin yolda çıxanda da başqa sürücülər gözləməli olur,

onun maşını təhlükəsizlik xidmətinin əhatəsində keçir. Bu zaman prezidentdən başqa hamı tıxaca düşür. Onların içində bahalı Mercedes, Lexus sürənlər də olur.

Səbirsiz sürücülər senzurasız sözlər işlədir, maşını yavaşıtmalı olurlar. Elə Mayendorf Bağlarına gedən OCCRP jurnalisti də varlı sakinlərdən eşitdiyi sözlər içində “səfeh” və “əclaf” sözlərini qələmə ala bilib.

Burada səni arzulayan yoxdur

Mayendorf Bağları 2001-ci ilədək dövlətə məxsus olan Barvikha kurort zonasının yerində salınıb. Mülkiyyət agentləri bu ərazidə Alp mənzərəli göl və təpələrin yerləşdiyini bildirir.

Leyla Əliyeva və Emin Ağalarov oğlanları ilə
Leyla Əliyeva və Emin Ağalarov oğlanları ilə

Burası Chateau Mayendorf-dan beş dəqiqəlik piyada məsafəsində yerləşir. Putin buradan rəsmi tədbirlər üçün istifadə edir. Onun rəsmi Novo-Ogaryovo malikanəsindən Mayendorf Chateau-ya maşınla 5 dəqiqəyə getmək olar.

OCCRP-nin əldə etdiyi sənədlərə görə, Leyla Əliyeva 2006-cı ilin mayında bu ərazidə mülk alıb. Bu, prezident qızının rusiyalı pop müğənnisi və sahibkar Emin Ağalarovla ailə qurmasından dərhal sonra baş verib. Cütlük bu ilin mayında boşandıqlarını elan edib.

Yazıda qeyd olunur ki, Barvikhadakı evlərdən biri bu il dünyada ən bahalı 15 mülkdən biri hesab olunub. Rublevka Rusiya vətəndaşları üçün sərvət və xüsusi elitarlıq rəmzinə çevrilib. İnsanlar inanır ki, belə həddən artıq bahalı mülk vicdanla qazanan adamlar üçün əlçatmazdır. Elə üç metrlik hasar da həmin fikri mğhkəmləndirir deyəsən.

Leyla Əliyeva Azərbaycanın təbliğində xidmətlərinə görə təltif edilərkən atası İlham Əliyev və anası Mehriban Əliyeva ilə
Leyla Əliyeva Azərbaycanın təbliğində xidmətlərinə görə təltif edilərkən atası İlham Əliyev və anası Mehriban Əliyeva ilə

Uğur, uğur gətirir

Əvvəlcə, ortabab yaşayanlar hasarın altından baxmağa çalışırdı. Rublevkadakı həyat barədə kitablar və filmlər çox populyar idi. Ancaq tədricən ictimaiyyət dəbdəbəyə alışdı və indi çoxları bu evlərin 10 milyonlarla dollar qiyməti olmasından təəccüblənmir.

Ola da bilsin Rublevka şöhrətini itirib. Belə ki, varlıların çoxunun indi ya Cote d'Azur-da, ya da Mayamidə mülkləri var. “Evlərin çoxu illərlə boş qalır: bəzi sahiblər boşanırlar, bəziləri xaricə köçürlər. Rublevkadakı evlər son vaxtlar yaxşı satılmır. Ancaq qiymətlər elə də düşməyib,” daşınmaz əmlak üzrə məsləhətçi Natalya Orekhova deyir.

Leyla Əliyevanın aldığı torpaq 7 min 660 m2 ərazini əhatə edir, şam ağacları ilə dövrələnib, yaxınlıqda kiçik göl var.

“Ancaq dəvətnaməsiz Əliyevanın evinə baxmaq belə mümkün deyil. Axı bu icmanın sakinləri gizlin-pünhanlığa yüksək dəyər verirlər. Gizlilik perimetri hələ evlərdən xeyli uzaqdan başlayır. Təhlükəsizlik darvazasından içəridə meşənin dərinliklərinə aparan asfalt yolun bir ucunu görmək olur," - deyə müəllif yazır.

Mühafizəçilərdən biri jurnalistə bildirib ki, foto çəkmək də qadağandır: “Hətta dəvətli qonaq olsanız belə, qonşular təhlükəsizliyə xəbər verəcək ki, foto çəkmisiz. Sonra biz telefonunuza baxıb buradan çəkilmiş bütün fotoları pozacağıq”.

Ancaq müəllif əlindəki sənədlərə əsasən bəzi detalları təsvir edir.

O qeyd edir ki, Leyla Əliyevanın mülkiyyəti 2 binadan ibarətdir: 577 m2-lik yaşayış evi və nisbətən böyük, 581 m2-lik ön bina. Mülkün dəyərini dəqiq demək mümkün deyil, belə ki, burdakı evlərin çoxu əsrin əvvəlində alınıb.

Ancaq Leyla Əliyevanın qonşularından biri, Ruslan Baysarov 2 il öncə buradakı mülkünü 40 milyon dollar əvəzində girov qoyub. Baysarov "Forbes" jurnalının Rusiya nəşrinin tərtib etdiyi varlılar siyahısında 103-cü yerdədir. Bəzi reklamlarda ərazidəki oxşar evlərin alış qiymətləri 19 milyondan 73 milyon dollaradək göstərilir.

Güclü qonşular

Çeçenistanın rəhbəri Ramzan Kadyrov-un yaxın dostu olan Baysarov-dan başqa, Leyla Əliyevanın qonşuluğunda daha kimlər var?

  • Rusiyanın ən böyük neft şirkəti Rosneft-in keçmiş prezidentinin oğlu Alexey Bogdanchikov,
  • "Forbes" siyahısında 8-ci yerdə gələn metal maqnatı Vladimir Lisin,
  • "Forbes" qadın siyahısında 2-ci yerdə gələn bankir Olga Belyavtseva,
  • Dövlət Dumasının bir neçə deputatı.

2014-cü ildə bir sıra media orqanları Ukraynanın devrilmiş prezidenti Viktor Yanukovych-in də Mayendorf bağlarında mülk alması barədə yazdı. OCCRP bu hasarlı ərazidəki bütün mülklərin sənədlərini əldə edib, lakin nə Yanukovych-in, nə də onun yaxınlarının adına rast gəlməyib.

Ancaq müəllif onu da qeyd edir ki, bəzi mülk sahibləri adlarını gizli saxlamağa çalışır. Burda mülklərin çoxu ofşor şirkətlər tərəfindən qeydiyyata alınıb. Müxtəlif yurisdiksiyalara məxsus şirkətlərin izləri Britaniyanın Vircin adalarına, yaxud Panamaya gedib çıxır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG