Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Nigeriya və Liviyanı da hasilatı azaltmağa çağırırlar


Rusiya energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanı energetika naziri Khalid al-Falih

Nigeriya və Liviya da neft hasilatları sabitləşən kimi istehsalı azaltmalı, OPEC, Rusiya və digər ölkələrin əldə etdikləri razılaşmaya qoşulmalıdırlar. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyir.

Novak iyulun 23-də «The Financial Times» qəzetinə müsahibə verib. İyulun 24-də Sankt-Peterburqda OPEC və qeyri-OPEC neft nazirləri toplaşacaq, Nigeriya və Liviyanın hasilatı artırmasının qiymətlərə təsirini müzakirə edəcəklər.

«HASİLAT SABİTLƏŞİNCƏ...»

Rusiya, Qazaxıstan, Azərbaycan - OPEC üzvü olmayan bir sıra ölkələr neftin qiymətini dirçəltmək məqsədiylə qlobal istehsalı azaltmaq üzrə razılaşmaya qoşulublar. Razılaşmanı 2015-ci ilin noyabrında Səudiyyə Ərəbistanı, İran, İraq və kartelin digər üzvləri əldə edib.

Ancaq bu razılaşmanın təsiri elə də güclü olmayıb. Çünki Nigeriya və Liviyada hasilat artır, ABŞ-da isə şist nefti istehsalı güclənir. Həmin ölkələr razılaşmaya qol qoymayıb.

«Məncə Nigeriya və Liviya da digər məsuliyyətli neft istehsalçılarına qoşulmalı, hasilatın sabit səviyyəsinə çatınca, bazarın sabitləşməsi təşəbbüsünə töhfələrini verməlidirlər», – Novak deyib.

RƏSMİ MÜRACİƏT OLA BİLƏR

Nazir onu da söyləyib ki, bu məsələ 24 iyul görüşünün gündəmində olacaq.

«The Arab News» xəbər verir ki, bəzi nazirlər iki ölkənin razılaşmaya qoşulması üçün rəsmi müraciət edə bilərlər.

Gündəlik hasilatın 1.8 milyon barrel azaldılmasını nəzərdə tutan razılaşma ilkin mərhələdə neftin qiymətini yüksəldə bilib. Ancaq bu il qiymətlər 13 faiz düşüb.

Novak «The Financial Times»a onu da deyib ki, Rusiya Səudiyyə Ərəbistanının enerji sektorunda əlaqələrini genişləndirməyə çalışır.

«Rusiya və Səudiyyə şirkətləri neft və qaz sektorunda imkanları öyrənirlər», – o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG