Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:20

Yerdə sürünən elektrik naqilləri


Arxiv fotosu
Arxiv fotosu

Lerik sakinləri deyirlər ki, yolda getdiyin yerdə bir də görürsən elektrik dirəyi aşdı... Artıq kəndin 18 yaşlı bu cürük dirəklərin qurbanı olub.

ÖLÜM MƏNBƏYİ NAQİLLƏR

Lerik rayonunun Cənginəvud kənd sakini Əmiraslan Cəfərov AzadlıqRadiosunun "Qaynar xətt” proqramına deyir ki, onların kədində elektrik dirəkləri sakinlər üçün real təhlükə mənbəyinə çevrilib:

​“Kənddə işıq dirəkləri Sovet vaxtından qalmadır, hamısı çürüyüb. Yol getdiyin yerdə bir də görürsən yanından ötdüyün dirək aşdı… Dəfələrlə işıq idarəsinə getmişik, dirəklərin, naqillərin dəyişdirilməsini tələb etmişik”.

Onun sözlərinə görə, vaxtında tədbir görülməməsi noyabrın 4-də 18 yaşlı Elvin Səfərov mal-qaranı örüşdən qaytararkən faciəli ölümünə səbəb olub. Gənc oğlanın elektrik dirəyinə toxunması nəticəsində onu 10 min voltluq cərəyan vurub. Hadisə yerinə çatan sakinlər onu dirəkdən bir neçə metr aralıda ölmüş vəziyyətdə tapıblar.

Kənd sakini Oqtay Hüseynov deyir, burada naqillər az qala yerlə sürünür:

“Bir neçə gün əvvəl örüşdən qayıdan iki itibuynuzlu heyvanı da cərəyan vurdu. Naqillər o qədər aşağıdan gedir ki, ağaclara dolaşır, adamlar ağaclara yaxın getməyə qorxur. Bu naqillər ölüm mənbəyidir”.

“BƏZƏN AYAĞININ ALTINDA CƏRƏYAN HİSS EDİRSƏN”

Qonşuluqdakı Təbrizli kəndində də eyni vəziyyətdir. Həmin kəndin sakini Elşad Hüseynov deyir, dəfələrlə yerli işıq idarəsindən gəlib dirəklərə, naqillərə baxış keçirib gediblər. Ancaq indiyədək bircə dirək də dəyişdirilməyib:

“Əl atsan, naqillər ələ gələr. Yay-qış uşaqları çölə buraxmırıq. Hər anı ölümdür. Yağış yağır, yer yaş olur, bəzən elə ayağının altında da cərəyan hiss edirsən”.

Lerik rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, bəzi kəndlərdə həqiqətən də elektrik dirəklərinin və naqillərin vəziyyəti ürəkaçan deyil. Hazırda isə dirəklərin və naqillərin dəyişdirilməsi ilə bağlı yerli işıq idarəsi tərəfindən Cənginəvud kəndində işlər aparılır.

Lerik rayon prokurorluğundan bildiriblər ki, Elvin Səfərovun ölümünün səbəbləri araşdırılır.

XS
SM
MD
LG