Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:44

Honq-Konqun ən zəngin adamı təqaüdə çıxır


Li Ka-shing
Li Ka-shing

«Reuters» xəbər verir ki, Honq-Konqun ən zəngin adamı Li Ka-shing ötən həftənin cümə günü «CK Hutchison Holdings Ltd.» şirkətinin rəhbəri vəzifəsindən təqaüdə çıxdığını elan edib.

Şirkətin məlumatına görə, 89 yaşlı Li «Hutchison Holdings Ltd.»nin mayın 10-da illik ümumi toplantısından sonra təqaüdə çıxaraq, yerini böyük oğlu Victor Li-yə təhvil verəcək. Victor Li-nin atasının varisi olacağı artıq bir neçə il öncə elan edilmişdi.

Biznesdə yüksəlişi

2005-ci ildə yaradılmış, Kayman adalarında qeydiyyatdan keçirilmiş, baş ofisi Honq-Konqda yerləşən «CK Hutchison Ltd.» şirkəti telekommunikasiyalar, infrastruktur, limanlar, pərakəndə satış, energetika və digər sahələrdə fəaliyyət göstərir. Şirkətə məxsus «Hutchison Port Holdings» şəbəkəsi 2005-ci ildə dünyanın ən iri liman operatoru olub, 2016-cı ildə isə o, artıq Asiya, Yaxın Şərq, Afrika, Avropa, Amerika və Avstraliyada 48 limanın operatoru idi. Dünyanın 50-dən artıq ölkəsində fəaliyyət göstərən, 323 minədək əməkdaşı olan şirkət Asiyanın ən böyük biznes imperiyalarından biridir.

***Buna da bax-20 milyarderin 1.2 trilyon dolları var

13 yaşında bir zavodda şəyird kimi işə başlayan Li biznes sahəsində istedadı və uğurlarına görə «Supermen» ləqəbini qazanıb. Li reportyorlara bildirib ki, uğurunun əsas sirri daim özünü təkmilləşdirməsi və ağır zəhmətə qatlaşmasıdır.

Li-nin şirkətin baş müşaviri vəzifəsində qalacağı gözlənilir. Müşahidəçilər son bir neçə ildə qrup direktoru olan Victor Li-nin şirkətin əsas kursunu dəyişməyəcəyini deyirlər.

Li Ka-shing-in şirkətə rəhbərlik etdiyi dövrdə xarici aktivlərin satın alınması sürətlənib. Nəticədə şirkətin Avropa telekommunikasiya biznesində gəlirləri artaraq, Brekzit-dən (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) sonra baş verən itkiləri kompensasiya edib.

Li «CK Hutchison»un rəhbəri olduğu üçün eyni zamanda holdinqə daxil olan Kanada neft nəhəngi «Husky Energy Inc.»ə, Avropanın aparıcı telekommunikasiya şirkətlərindən birinə, habelə Britaniyada infrastruktur aktivlərinə nəzarət edir. Bu fəaliyyətinə görə o, 2000-ci ildə Britaniyada cəngavər tituluna layiq görülüb.

*** Buna da bax - 'Forbes' Durov-u milyarderlər siyahısına saldı

Şirkətləri ili gəlirlə başa vurur

Britaniyanın HSBC bankının keçmiş baş icraçı direktoru (CEO) Stuart Gulliver Li Ka-shing-i özünün rol modeli hesab etdiyini deyib. O, bankda çalışdığı 38 il ərzində Li ilə birgə işləyib.

Li 1979-cu ildə məhz HSBC-dən «Hutchison Whampoa» ticarət evinin səhm paketini almaqla Çinin ən iri biznes maqnatlarının sırasına daxil olub.

Gulliver Victor-un da olduqca bacarıqlı olduğunu bildirib.

«Sabah səhər mən işə gedəndə, heç nə dəyişməyəcək. Atamla mən həm də alt-üst mərtəbələrdə oturan qonşuyuq. Biz necə söhbət etməyə bilərik?», – Victor deyir.

Li-nin təqaüdə çıxması onun bəzi ən iri şirkətlərinin gözlənildiyindən də yaxşı nəticə göstərdiyi haqda xəbərlərlə eyni vaxtda açıqlanıb.

12 təhlilçinin proqnozuna görə, 2017-ci il üçün gəlirlərində 4.41 milyard dollar artım gözlənilən «CK Hutchison» ili 6%, yəni 4.48 milyard dollar artımla başa vurub.

Şirkətin daşınmaz əmlak qanadı olan «CK Asset Holdings Ltd.» də gözləntiləri arxada qoyaraq, ili gəlirlərində 55% artımla tamamlayıb.

Kommunist partiyasını tənqid etmir

«Forbes» jurnalının dünyanın ən zəngin adamları siyahısında 23-cü yerdə qərarlaşan Li keçmiş Britaniya müstəmləkəsi, 1997-ci ildə Çinin tərkibinə qayıtmış Honq-Konqun ən zəngin biznes maqnatıdır.

***Buna da bax-Putin-in prezidentliyi dövründə 29 milyard dollar qazananlar var

Li-nin Çinin Kommunist Partiyasının rəhbərliyi ilə sıx əlaqələri son bir neçə ildə diqqət mərkəzində olub. O, partiyanı heç vaxt açıq tənqid etməyib.

«Ölkəmin tarixi haqda çox oxuyuram. Əgər bu gün Çində Konstitusiya islahatı ilə bağlı səs verə bilsəm, prezident Xi-nin (Jinping) daha bir müddətə seçilməsinə səs verərdim. Mən ona səs verəcəyəm. Mərkəzi hökumətlə münasibətim çox yaxşıdır. Ancaq şəxsən deməli olmadığım şeyləri demirəm», – Li deyib.

Ancaq Li təqaüdə getməsinə baxmayaraq, tamamilə fəaliyyətsiz qalmaq niyyətində olmadığını deyir: «... Bütün səylərimi yeni (xeyriyyə) fondumun, xüsusən də tibb və təhsil sahəsindəki fəaliyyətinə həsr edəcəyəm».

«CK Hutchison»un səhmləri birjada ötən həftəni 0.3% artımla başa vurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG