Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:20

Walesa gizli agent olması barədə ittihamları 'darmadağın' edib


Lech Walesa

Nobel Sülh Mükafatı laureatı, 1980-ci illərdə məşhur «Solidarnost» (Həmrəylik) hərəkatının lideri, Polşanın keçmiş prezidenti (1990-1995) Lech Walesa ötən gün Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində onun kommunistlər dövründə Polşanın təhlükəsizlik xidmətlərinin gizli agenti olmasına dair ittihamları «siyasi qisas» adlandırıb.

«Bu, adi siyasi qisasdır», – Walesa belə deyib. O vurğulayıb ki, keçmişdə Kaczynski qardaşlarının ölkənin siyasi həyatında iştirakına qarşı olduğuna görə, Jaroslaw Kaczynski-nin hakim Hüquq və Ədalət Partiyası ondan qisas almağa çalışır.

«Onlar ortaya hansısa sənədlər çıxardılar və istədilər ki, insanlar məndən üz çevirsinlər. Gec-tez hər şey aydın olacaq və onlar buna görə məsuliyyət yükünü daşımalı olacaqlar. Mən artıq bu işlə bağlı bütün məhkəmə prosedurlarını udmuşam», - Walesa-nın sözləridir.

«UDAN MƏNƏM, ONLAR DEYİL»

Siyasətçi 1970-ci illərdə hər hansı kömək və dəstək olmadan fəaliyyət göstərdiyini də vurğulayıb:

***Buna da bax-Lech Walesa: 'Qəbzləri agentlərin özləri düzəldib'

«Məsləhət almaq üçün heç kimim yox idi. Heç bir partiyanın üzvü deyildim. Ancaq əlimdən gələni edirdim. Mən heç vaxt kommunistlərin tərəfində olmamışam. Mənim kommunistlərin tərəfində ola-ola, onlara qalib gəldiyimi demək üçün dəli olmalısan. Onlar mənim köməyimlə qalib gəlsəydilər, başqa məsələ. Ancaq udan mənəm, onlar deyil».

O, indiki antihökumət hərəkatında iştirakından da söz açıb. Walesa bu hərəkata hakim partiyanın bəzi islahatlarına qarşı bu yaxınlarda keçirilmiş etiraz aksiyaları zamanı qoşulub:

«Mən, sadəcə, bizim bu qədər böyük çətinliklə əldə etdiyimiz qələbənin mənasız olmasını istəmirəm. Bu hərəkata qatılmaqla prezident olmağa çalışmıram, ancaq bundan boyun da qaçırmıram».

Lech Walesa gəmiqayırma zavodunun işçilərinin nümayişində. 1988
Lech Walesa gəmiqayırma zavodunun işçilərinin nümayişində. 1988

«KƏSKİN EHTİYAC DOĞSA…»

«Kəskin ehtiyac yaransa və hər şey dağılmağa başlasa, onda mən bir polyak və bir vətənpərvər kimi bunu etməyə məcbur olacağam. Düzdür, mən bunu o qədər də istəmirəm», - yenə Walesa-nın sözləridir.

Bu il yanvarın 31-də Polşanın Milli Yaddaş İnstitutu Krakov Məhkəmə Ekspertizası İnstitutundan olan əlyazma mütəxəssislərinin işinin nəticələrini təqdim edib. Həmin ekspertlər Walesa-nın keçmişdə, Polşa Xalq Respublikası dövründə kommunistlərin agenti olmasına dair sənədlərin həqiqi olduğunu iddia ediblər. Sənədlər təqribən bir il öncə Polşanın keçmiş daxili işlər naziri general Czeslaw Kiszczak-ın evindən tapılıb. Bu sənədlər arasında «Bolek» ləqəbi ilə çalışan gizli agentin işinə dair materiallar var. Ən maraqlısı odur ki, agentin özünün sənədlərin arasından tapılmış əməkdaşlığa dair yazılı öhdəliyində «Lech Walesa «Bolek»» imzası aşkarlanıb.

***Buna da bax-Ekspertlər Lech Walesa-nın təhlükəsizlik xidməti ilə əməkdaşlıq etdiyini deyirlər

Walesa dəfələrlə «Bolek qovluğu»nun «Solidarnost» hərəkatının populyarlığının artdığı dövrdə onun nüfuzuna xələl gətirmək üçün kommunist rəhbərliyi tərəfindən təşkil edilmiş saxta sənəd olduğunu vurğulayıb.

Bu ilin aprelində Walesa Milli Yaddaş İnstitutunun müstəntiqləri ilə birlikdə sənədləri nəzərdən keçirmək və məsələ ilə bağlı suallara cavab vermək üçün onlarla görüşməyə razılıq verib. Walesa bu sənədlər arasında yalnız birini orijinal sənəd kimi tanıyıb, qalanlarını isə «zibil» adlandırıb.

«KACZYNSKİ YENİ TARİX YAZMAQ İSTƏYİR»

1989-ci ildən bəri məşhur «Gazeta Wyborcza»nın baş redaktoru, «Solidarnost» hərəkatının tanınmış fəallarından olan Adam Michnik də ötən qış «The Financial Times» qəzetinə müsahibəsində hakim partiyanı keçmişi saxtalaşdırmaqda ittiham edib:

«Kaczynski yeni tarix yazmaq istəyir. İstəyir Polşanın azadlıq qəhrəmanları yalnız qardaşı və özü olsun. Lech Walesa və qalan hamı Tadeusz Mazowiecki (kommunist dövründən sonrakı ilk baş nazir) kimi idiotlar və mənim kimi satqınlardır».

Günün bütün mövzuları

XS
SM
MD
LG