Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:19

Las-Veqas faciəsini törədənin motivi qaranlıq qalır


ABŞ-ın Las-Veqas şəhərində kütləvi qırğın törətmiş silahlının motivi qaranlıq qalır. Həmin faciədə ölənlərin sayı 59-a çatıb. Polis atəş açanın evindən və maşınından partlayıcılar, sursat tapıb.

Oktyabrın 2-də açıqlanmış rəsmi məlumata görə, hücumda azı 527 nəfər yaralanıb.

Oktyabrın 1-də gecə Stephen Paddock adlı şəxs «Mandalay Bay» otelinin 32-ci mərtəbəsindən küçədə keçirilən musiqi festivalına avtomat silahdan atəş açmağa başlayıb. 64 yaşlı Paddock-un bir neçə dəqiqə atəş açandan sonra özünü də öldürdüyü bildirilir. Polis onun olduğu otaqda 17 silah aşkarlayıb.

Klark dairəsinin şerifi Joseph Lombardo-nun deməsinə görə, polis Paddock-un Nevadanın Meskit kurort şəhərindəki evində axtarış aparıb,

«18 əlavə odlu silah, partlayıcılar, bir neçə min patron, elektron cihazlar tapıb, hazırda bunlar tədqiq olunur».

«SIRF ŞEYTAN ƏMƏLİ»

Lombardo deyib ki, Paddock-un maşınından bir neçə funt ammonium nitrat aşkarlanıb, bu maddədən partlayıcıların hazırlanmasında istifadə oluna bilər.

Meskit qumar, əyləncə və turist şəhəri olan Las-Veqasın 130 kilometrliyində yerləşir.

Polis bu hücumu müasir ABŞ tarixində ən böyük kütləvi qətliam adlandırıb.

Prezident Donald Trump bu insidentin «sırf şeytan əməli» olduğunu, ölkəyə kədər və sarsıntı gətirdiyini söyləyib. O, oktyabrın 4-də həmin şəhərə baş çəkəcəyini deyib.

Ekstremist «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması «Amaq» xəbər agentliyi vasitəsilə hücuma görə məsuliyyəti üzərinə götürüb, atəş açanın bir neçə ay öncə İslamı qəbul etdiyini bildirib.

Ancaq Federal Təhqiqat Bürosu (FBI) Paddock-un beynəlxalq terror qruplaşmasıyla əlaqəsi olmadığını vurğulayıb.

SƏBƏB?

Şerif Lombardo-dan atəşin potensial motivi barədə soruşanda deyib ki, «indiki məqamda psixopatın beyniylə düşünə bilmir».

Paddock-un qardaşı Eric Paddock deyib ki, Stephen multimilyonçu olub, kazinolarda böyük pullar xərcləyib və ona tez-tez pulsuz otaq, yemək verirlərmiş.

Qardaşının niyə belə bir qətl törətməsi barədə suala cavabında E.Paddock deyib ki, «hətta heç nə düşünə bilmirəm. Buna heç bir səbəb yoxdur».

Paddock-un otaq yoldaşının 62 yaşlı Marilou Danley olduğu müəyyənləşib. Qadın atışma vaxtı Tokioda olub və Birləşmiş Ştatlara qayıdan kimi dindiriləcək.

2016-cı ilin iyununda Floridanın Orlando şəhərində gecə klubunda silahlı 49 nəfəri qətlə yetirmişdi. Həmin hücumu törədən İŞİD-ə sədaqətdən danışırdı. Qruplaşma sonradan hücuma görə məsuliyyəti üzərinə götürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG