Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:24

Taciklər də çövkənə iddia edir. Azərbaycanın cavabı


-

“Azərbaycanın Çövkən oyunu heç bir xalqın, ölkənin maraqlarına toxuna bilməz”.

Bu sözləri APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov səsləndirib.

Onun sözlərinə görə, müasir Azərbaycan dilində “çövkən” sözü “çovqan” kimi də səslənir və “Azərbaycan dilinin izahlı lüğət”ində bu sözün mənası “at üstündə ucu əyri çomaqla top-top oyunu” kimi təsvir edilir: “Çövkən” sözünün türk mənşəli olmasını, onun etimologiyasını qədim türk lüğətləri də təsdiqləyir:

“Çögən = çoğan, çokən” və “çomak” sözlərinin kökündə duran “çög = çoğ = çok” və “çom” ifadələri müvafiq olaraq “çökmək” (dibə çökmək, diz çökmək) və “dalmaq” mənasında qədim türk dilində işlənib.

“Çom” - köklü sıraya “çömçə” (nəyisə dartıb götürmək üçün alət) və ya çömbəlmək (dizləri yığaraq əyilmiş formada oturmaq) sözləri də aiddir. “Çog=Çoğ=Çok” və “Çom” qohum köklər olaraq ortaq mənada “enmək”, “düşmək”, “əyilmək”, “dartıb götürmək” və s. deməkdir.

Həqiqətən, at üstündə əyilmədən, topu dartıb özünə sarı çəkmədən onu vurmaq da mümkün deyil. Deyilənlər “çovqan = çovkən = çoğan = çogən” sözünü bilavasitə türk etimologiyası ilə bağlayır”

Kamran İmanov bu gün də Azərbaycanın qərb zonasında Çovkən oyununun “Çomax” adı ilə də tanındığını bildirib:

“Çövkən” oyunu müəyyən mənada döyüşdə tələb olunan keyfiyyətlərin məşqi idi və bu təlimin vacibliyi hökmdarlar tərəfindən çox yüksək qiymətləndirilirdi. Təbii ki, “çövkən” sözünün və oyununun türk mənşəli olması türklər yaşayan arealda böyük izlər buraxıb, oyun digər xalqlar tərəfindən mənimsənilib və geniş yayılıb”.

Agentliyin direktorunun fikrincə, Azərbaycanın Çövkən adlı idman oyunu heç bir xalqın, ölkənin maraqlarına toxuna bilməz:

“Məqsədimiz məşhur Qarabağ atları cinsini yaşatmaq, Cıdır və digər düzlərdə onları qoruyub saxlamaq və ənənəvi, qədim idman oyunumuzu gələcək nəsillərə ötürməkdir. Bizdə yaranan təhlükə ilə rastlaşmayan bu oyunun yayıldığı hər bir ölkə öz növbəsində onu UNESCO-nun Reprezentativ Siyahısına salmaq üçün müraciət edə bilər”.

Xatırladaq ki, çövkən oyununun UNESCO-nun “Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs” siyahısına salınması birmənalı qarşılanmayıb.
Tacikistanın bir sıra mədəniyyət və elm xadimləri dekabrın 9-da UNESCO-ya məktub ünvanlayıblar. Onlar UNESCO-nu Çövkən oyununu, iranlılara məxsus olmasına baxmayaraq, Azərbaycan, İran, Tacikistan, Əfqanıstan, Özbəkistan, Türkmənistan və Ermənistanın ortaq mədəni mirası kimi qeydə almağa çağırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG