Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:53

Trump-ın kürəkəni “Rusiya əlaqələri” barədə ifadə verməyə hazırlaşır


Jared Kushner
Jared Kushner

ABŞ prezidenti Donald Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner Senatın Kəşfiyyat Komitəsində dinləmədən əvvəl rusiyalı agentlərlə əlaqə mövzusunda rəsmi açıqlama verib.

Söhbət həm də onun Rusiyanın Vaşinqtondakı səfiri və böyük bir bankın rəhbəri ilə görüşündən gedir. Həmin görüşlər Donald Trump-ın seçki kampaniyası dönəmində və prezident seçildikdən sonra keçirilib.

Kushner bu seçki kampaniyasında Trump-ın ən yaxın məsləhətçilərindən biri olub və Trump prezident seçiləndən sonra onu özünün baş müşaviri təyin edib.

Kushner etiraf edib ki, məxfi informasiyaya giriş almaq üçün doldurduğu anketlərdə seçki kampaniyası zamanı görüşdüyü əcnəbilərin hamısının adlarını göstərməyib (qanun bütün əlaqələrin göstərilməsini tələb edir).

Kushner həmçinin deyir ki, onun xüsusi xidmət orqanlarına təqdim etdiyi «giriş forması» «səhvən vaxtından əvvəl» göndərilib.

“Heç kimlə sövdələşməm olmayıb...”

Kushner qeyd edib ki, Rusiya Federasiyasından olanlar onun sənədlərdə qeyd etmədiyi yeganə adlar deyil. Bu siyahıya düşməyən başqa ölkələrin təmsilçiləri də var. Söhbət İordaniya kralı II Abdulla, İsrailin baş naziri Benjamin Netanyahu, Meksikanın xarici işlər naziri və başqalarından gedir.

Kushner-in açıqlamasında qeyd olunur: «Amma heç kimlə heç bir sövdələşməm olmayıb və mən hər hansı xarici hökumətlə sövdələşməsi olan heç kimi tanımamışam».

Onun dediyinə görə, kimlərinsə adının sənədlərə daxil edilməməsi yalnız onunla bağlı olub ki, həmin ərəfədə 15-ə yaxın ölkənin nümayəndələri ilə görüşüb və görüş istəyi ilə minlərlə telefon zəngi və məktublar alıb.

Kushner təsdiqləyib ki, ola bilər Rusiya nümayəndələri ilə dörd dəfə görüşüb, amma bu görüşlər «yaddaqalan olmayıb».

Kislyakla görüşlərdən biri apreldə Mayflower otelində, digəri isə dekabrda Trump-ın milli təhlükəsizlik müşaviri Flynn-ın də iştirakı ilə baş tutub. Kushner xatırlayır ki, bu görüşdə Kislyaka Trump-ın iki ölkə arasında münasibətlərdə “yeni başlanğıc” istədiyini bildirib.

Kushner bu arada qeyd edir ki, dekabrda ikinci dəfə görüşəndə heç Kislyakın adını belə xatırlamayıb. O, ötən ilin aprel-noyabr ayları arasındakı müddətdə Kislyakla telefonla danışdığını da xatırlamadığını deyir.

Kushner-in bəyanatında deyilir: “Media yazır ki, 2016-cı ilin aprel ayından noyabr ayınadək olan müddətdə bizim aramızda iki dəfə telefon danışığı olub. Amma bu vaxt ərzində mənin minlərlə telefon danışığım olub və səfir Kislyakla danışıb-danışmadığımı xatırlaya bilmirəm”.

O bildirir ki, bu barədə yazan Reuters agentliyinə sorğu ilə müraciət edib, lakin agentlik onunla əməkdaşlıqdan imtina edib.

«Biz əlimiz çatan telefon zənglərimizi götür-qoy etdik və səfir Kislyakla əlaqəli olan hər hansı zəng və ya nömrə tapa bilmədik. Mən belə bir telefon danışıqlarının olması ehtimalına çox az inanıram” - deyə Kushner qeyd edir.

Qorkovla görüşə gəlincə...

O ki qaldı Qorkovla görüşə, Kushner deyir ki, Kislyak-ın xahişi ilə Qorkovla 25 dəqiqəlik görüşü olub. Bankir ona içində torpaq olan bir torba və bir incəsənət əsəri verib və bildirib ki, bunlar Kushner-in əcdadlarının vətəni Belarusun Novoqrudka kəndindən gətirilib.

Görüşdə Qorkov Rusiya-Amerika münasibətlərinin durumundan narahatlığını ifadə edib və bildirib ki, o Putinə yaxın olan adamdır və ona birbaşa çıxışı var.

Trump-ın kürəkəni bildirib ki, “bizim aramızda mənim şirkətlərim və ya biznesimlə, daşınmaz əmlak sahəsindəki layihələr və ya biznesə bağlı başqa bir söhbətimiz olmayıb”.

Kushner Qorkovla yalnız bir dəfə görüşdüyünü bildirir və bunun bir daha təkrarlanmadığını, o vaxtdan Qorkovu bir daha görmədiyini yazır.

“Sadəcə vaxt itkisi”

Açıqlamasında Kushner 2016-cı il, iyunun 9-da rusiyalı vəkil Natalia Veselnitskaya ilə, Donald Trump-ın oğlunun da iştirak etdiyi görüşdən söz açıb.

Həmin görüşdə rusiyalı vəkilin Trump-ın məsləhətçilərinə Hillary Clinton barəsində kompromat təklif etməsi iddia olunur.

Kushner bəyan edib ki, bu “sadəcə vaxt itkisi” olub və o, görüşü bir bəhanə ilə vaxtından əvvəl tərk edib.

Oğul Trump bundan öncə bildirib ki, rusiyalı vəkillə görüş bir dəfə olub və həmin görüşdə heç bir kompromat olmayıb və atasının bu görüşdən ümumiyyətlə xəbəri yox imiş.

Bundan öncə ABŞ-ın baş prokuroru Jeff Sessions Senatın Kəşfiyyat Komitəsi qarşısında verdiyi ifadədə Kislyakla protokollaşdırılmamış görüşünün olmasını etiraf edib.

Amma o da Rusiyanın rəsmi nümayəndələri ilə Donald Trump-ın seçki kampaniyasının detallarını götür-qoy etdiyi barədə iddiaları rədd edib. Sessions onu da deyib ki, Jared Kushner-in Kislyakla görüşüb-görüşmədiyini xatırlamır.

Trump-ın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flynn-in isə rusiyalılarla əlaqəsi artıq təsdiqini tapıb. Araşdırma üzə çıxarıb ki, Flynn Kislyakla tez-tez əlaqədə olub vəTrump-ın qələbəsindən sonra da onlar Trump və Putin arasında qeyri-rəsmi görüşün necə keçirilə biləcəyini götür-qoy ediblər.

Donald Trump-ın kürəkəni və baş müşaviri 36 yaşlı Kushner iyulun 24-də Senatın Kəşfiyyat Komitəsində ifadə verəcək.

Jared Kushner Senatdakı qapalı dinləmədən bir gün sonra isə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadə verməlidir.

Konqresdən başqa,Trump-ın kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün əlaqələndirməni Ədliyyə Nazirliyinin təyin etdiyi xüsusi prokuror Robert Mueller də araşdırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG