Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:24

Erməni general 'Putin NATO-su'nun başına keçdi


Yuri Khachaturov

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Khachaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə təyin edilib. Bu qərar qurumun təxminən 20 gün öncə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş qeyri-rəsmi sammitində verilib. Onun vəzifələrinin icrasına mayın 2-də başladığı qeyd edilir.

Ötən ilin oktyabrına qədər 8 il Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutmuş Khachaturov sonradan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib. Ötən gün o, Ermənistan prezidenti Serzh Sarkisian-ın fərmanı ilə bu vəzifədən azad olunub.

1995-1998-ci illərdə Ermənistanın KTMT-dakı nümayəndəsi olmuş Stepan Grigorian-ın sözlərinə görə, Yerevanı təmsil edən hərbçinin qurumun baş katibi vəzifəsinə təyinatı Ermənistana heç bir üstünlük qazandıra bilməz. «KTMT-nın baş katibinin müəyyən funksiyaları var. O, KTMT-da açıq şəkildə öz ölkəsinin maraqlarını yürüdə bilməz, çünki baş katibin funksiyaları başqadır. KTMT-da əsas siyasi orqan dövlət başçıları şurasıdır. Əsas siyasi qərarları da o qəbul edir», – deyə o bildirib.

BAŞ KATİBİN ROLU

Grigorian qeyd edib ki, baş katib KTMT-nın inzibati strukturlarının işini tənzimləyir, qurumun üzvü olan dövlətlərin rəhbərlərinin qərarlarını təqdim edir və alyansın adından bəyanatlar verir: «Hər bir ölkənin veto hüququ var. Məsələn, Ermənistanın irəli sürdüyü namizədin uzun müddət təsdiq olunmaması nə ilə bağlı idi? Belarus etiraz edirdi».

KTMT 1992-ci ilin mayında yaradılıb. Ancaq ilk dəfədir ki, quruma Rusiyanın təmsilçisi rəhbərlik etmir.

Nikolai Bordyuzha
Nikolai Bordyuzha

2003-cü ildən KTMT-nın baş katibi vəzifəsini Rusiya təmsilçisi Nikolai Bordyuzha tuturdu. Bordyuzha hələ 2016-cı il yanvarın 1-də bu vəzifədən getməli idi. Bundan sonra rotasiya qaydası ilə onun yerini Ermənistan təmsilçisi tutmalı idi. Ancaq 2015-ci ilin dekabrında gözlənilmədən Bordyuzha-nın mandatının daha bir il uzadılması haqda qərar qəbul edildi.

FİKİR AYRILIQLARI

O zaman media KTMT daxilində fikir ayrılıqlarından yazmağa başladı. Özəlliklə də, Azərbaycanla sıx əlaqələri olan Qazaxıstan və Belarusun Ermənistan təmsilçisinin baş katib olmasına etiraz etdiyi bildirilirdi.

2016-cı ilin oktyabrında KTMT-nın Yerevanda, ötən ilin dekabrında Sankt-Peterburqda keçirilən sammitlərində də yenidən Ermənistan təmsilçisini seçmək mümkün olmadı. Belarus prezidenti Alyaksadr Lukashenka sonuncu sammitdə iştirakdan imtina etmişdi. 2017-ci il yanvarın 1-dən Bordyuzha-nın səlahiyyətləri qeyri-müəyyən müddətə onun müavini Valery Semerikov-a verildi.

Peterburq sammitindən sonra rəsmi Yerevan xarici işlər nazirinin müavini Shavarsh Kocharian-ın dili ilə öz narazılığını ifadə etməyə başladı. «Bu məsələdə Qazaxıstan heç vaxt maneə yaratmayıb. Belarus prezidentinin ötən sammitə qatılmaması bu problemi yaradıb», – Kocharian demişdi.

KTMT-nın Bişkek sammiti. 15 aprel 2017
KTMT-nın Bişkek sammiti. 15 aprel 2017

ERMƏNİSTANDA MÜZAKİRƏLƏR

Son illər ərzində KTMT-nın Ermənistanın təhlükəsizliyini nə dərəcədə təmin etməsi haqda suallar yaranmağa başlayıb. 2013-cü ilin iyununda Rusiya və Belarusun Azərbaycana irihəcmli silah satışları barədə məlumatlar üzə çıxanda, qurumun baş katibi N.Bordyuzha bunun, sadəcə, biznes olduğunu bildirmişdi.

Bordyuzha-nın bu sözlərindən təqribən üç il keçmiş, 2016-cı ilin aprel müharibəsindən bir neçə gün sonra Yerevanda Rusiyanın baş naziri Dmitry Medvedev-lə görüşən Ermənistan prezidenti S.Sarkisian Bakının dinc sakinlərə qarşı Rusiya silahlarından istifadə etdiyini vurğulamışdı.

Aprel müharibəsi günlərində KTMT-nın reaksiyası isə qurumun mətbuat katibinin bəyanatından o yana getməmişdi: «Hər şey danışıqlar yolu ilə həll olunmalıdır. Bu halda Azərbaycan tərəfinin hərəkətləri vəziyyətin və münaqişənin eskalasiyasına aparır».

Bundan başqa, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan KTMT üzvləri hərbi əməliyyatların dayandırılmasından iki gün sonra Aİİ-nin Yerevanda keçirilməli olan görüşünü ertələmişdilər. Onlar bu görüşün Yerevanda keçirilməsinin onların Ermənistana dəstəyi kimi görünə biləcəyindən ehtiyat edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG