Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 06:08

Şimali Koreya uşaqları üçün anti-Qərb multfilmləri


Britaniyada çıxan Vice jurnalı yazır ki, Şimali Koreya qəribə bir nostalji hissilə 20-30 il bundan əvvəl ölkədə çox məşhur olan multiplikasiya filminin yeni versiyasını ekranlara buraxıb.

Ötən avqustda Şimali Koreya lideri Kim Jong-un atasının zəmanəsini daha çox əks etdirən “General oğlan” multfilminin yeni versiyasının çəkilişi üçün fərman imzalayıb.

Uşaqlar üçün çəkilmiş bu film tam təbliğat missiyası daşıyır.

1980-ci illərdə ekranlara buraxılmış versiyada “General oğlan” multfilminin qəhrəmanı qədim əsrlərdə, Qoquryeo krallığı dövründə yapon və çinli yadelli işğalçılara qarşı mübarizə aparırıdı. 1997-ci ilədək bu filmdən 50 hissə göstərilmişdi.

Şimali Koreyadan gələn bəzi xəbərlərə görə multfilmin yeni versiyasını uşaqdan böyüyə hamı maraqla izləyir.

Vice yazır ki, yeni versiyanın buraxılışı çox səbirsizliklə gözlənirdi və bu münasibətlə hətta Pxenyanda qurulmuş böyük ekranın ətrafına minlərlə insan toplaşmışdı.

Tənqidçilər bildirirlər ki, ilkin variantın süjetinin davamı kimi yeni balaca qəhrəman döyüşdə öldürülmüş babasının qanlı qılıncını ələ alır.

Bir çox tənqidçilər bildirirlər ki, yeni “general oğlan” əslində Şimali Korayanın indiki ali baş komandanı Kim Jong-un-un özüdür.

Şimali Koreya lideri uşaqlar və raketlərlə
Şimali Koreya lideri uşaqlar və raketlərlə

Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə liderin özü çəkilişlərin aparıldığı Elmi-Təhsil Koreya Multiplikasiya Studiyasına baş çəkərək burada xalqı “Balaca generalın” 50 yeni seriyası ilə sevindirəcəyini elan edib.

Şimali Koreya üzrə ekspert, professor Christopher Richardson bu qənaətdədir ki, multiplikasiya seriyaları uşaqlar üçün təbliğat kimi çox ustalıqla çəkilib. Bu filmdə “vətən daim hər tərəfdən təhlükə altındadır”.

Richardson bunu da əlavə edir ki, “General oğlan” multfilminin ilkin variantları çəkiləndə indiki liderin özü uşaq idi. Professor qeyd edir ki, bundan əvvəlki lider Kim Jong-il də multiplikasiya janrına ölkəsinin Qərblə qarşıdurması zamanı müraciət etmişdi.

Bütün təbliğat multfilmlərində olduğu kimi burada da “general oğlan” və onun silahdaşları gözəl, səliqəli və intizamlı obrazlardır. Düşmən obrazlarına gəldikdə isə onların necə deyərlər “əclaflığı” elə üzlərinin idbarlığından tökülür. Onların paltarları belə əzik-üzük, bir az da əyinlərinə yekədir.

Uşaqlar üçün uzun müddətdir ki, teleekranlardan verilən “Dələ və kirpi” cizgi filmlərində də alleqoriyadan istifadə olunub. Buradakı heyvan personajlar Güllü təpə deyilən bir yerdə yaşayırlar. Sonra bura vəhşi heyvanlar hücum edirlər. Buradakı samur obrazları yaponları, canavarlar isə amerikalıları təsvir edir.

Rəssamlıq baxımından ördək, dələ, siçan obrazları keyfiyyətinə görə Disney filmlərinin qəhrəmanları kimi cəlbedicidir. Amma bir fərq var ki, məsələn, ördəyin əlində pulemyot, dövşanın əlində isə qumbara var.

İndiki lider Kimin özü də bu kimi veriliş və filmlərlə böyüyüb, amma indi o “general oğlan” multfilmlərinin tamaşaçısından onların qəhrəmanına, daha doğrusu qəhrəmanın prototipinə çevrilib.

Lakin Richardson bu qənaətdıədir ki, hər halda indi müasir texnologiyalar dövrüdür və Şimali Koreyanın indiki prezidenti ata və babasından daha məşəqqətli liderlik missiyası daşıyır.

İndi nə qədər olmasa da, Şimali Koreya xalqı əvvəllər görünməmiş bir miqyasda Qərb filmlərinə, kompüter oyunlarına çıxış əldə edib. Söhbət ilk növbədə qara bazarda satılan USB-lərdən, CD-lərdən, DVD-lərdən gedir. Kimin babası prezident olanda xalq yalnız onun təbliğatına həsr olunan filmlərə baxmağa məcbur idi.

Richardson deyir ki, hazırda Şimali Koreya dövləti çaşqınlıqdadır. Yeni zamanədə necə hərəkət ediləcəyini bilmir və müəyyən mənada iflic vəziyyətinə düşüb.

Alimin fikrincə məhz buna görə də nəvə liderə “babasından qalmış köhnə şərabı, yeni şüşələrə doldurmaq” qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG