Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 02:19

Economist məcmuəsi 2017-ci ilin ən yaxşı kitablarının siyahısını dərc edib.

Kitablar kateqoriyalar üzrə təsnif olunub.

TARİX

“Qırmızı aclıq: Stalinin Ukraynaya qarşı müharibəsi” (Red Famine: Stalin’s War on Ukraine). MüəllifAnne Applebaum.

"Qırmızı aclıq"
"Qırmızı aclıq"

Bu kitabda müəllif 1930-cu illərdə Sovet Ukraynasında yaşanan böyük aclığın İosif Stalinin və bolşevik Moskvasının bilərəkdən yürütdüyü siyasət olduğunu inandırıcı faktlarla isbata çalışıb.

Moskvanın bu siyasətdən məqsədi Ukraynadakı millətçi ambisiyaları aclıqla boğmaq və ölkəni əldən salaraq Sovet hakimiyyətinə tabe etdirmək idi.

“Müharibənin qadın olmayan üzü” (The Unwomanly Face of War). Müəllif Svetlana Aleksiyeviç.

Svetlana Aleksiyeviç
Svetlana Aleksiyeviç

Şifahi nəql şəklində yazılmış bu əsər ilk dəfə 1985-ci ildə çap olunsa da, ingiliscəyə bu yaxınlarda tərcümə edilib.

Kitabdakı hadisələr birbaşa məktəbdən Sovet ordusu sıralarına çağırılmış qadınların dilindən bəhs olunur. Orduda onlara yaşamaq və yeni həyat yaratmaqdan əvvəl öldürmək və ölmək öyrədilir. Nobel mükafatı laureatı Aleksiyeviç öz nəslinin ən istedadlı yazıçılarından biri sayılır.

“Düşmənlər və qonşular: Fələstinin ərəb və yəhudiləri 1917-2017-ci illərdə” (Enemies and Neighbors: Arabs and Jews in Palestine and Israel, 1917-2017) Müəllif Ian Black.

Tanınmış Britaniya jurnalisti bu kitabda israillilərin və fələstinlilərin öz tarixlərinin əsirinə çevrilməsi barədə təfərrüatlı söhbət açır. Balfour bəyənnaməsi bütün bu düşmənçilik tarixinin başlanğıcı olmuşdu.

“Hökumət evi: Rus inqilabının saqası” (The House of Government: A Saga of the Russian Revolution) Müəllif Yuri Slezkine.

Bu kitab kommunizmə ürəkdən inananlara ev olan nəhəng binadan bəhs edir. Simvolik məna daşıyan çoxmənzilli bina barədə bu kitab rus inqilabının son nəticədə nəyə gəlib çıxdığını təhlil edir.

SİYASƏT VƏ BEYNƏLXALQ HƏYAT

“Qərb liberalizminin geri çəkilməsi” (The Retreat of Western Liberalism). Müəllif Edward Luce.

Çox az adamlar son iki ildə Qərb siyasətində nələrinsə dəyişdiyinə şübhə edir. Amma heç kim məhz nələrin baş verdiyini bilmir. Vaşinqton və Londonda baş verən təlatümlər Parisin və Berlinin mərkəzçi stabilliyi ilə ziddiyyət təşkil edir. Bu bədbin diaqnozlu kitabda ABŞ şərhçisi Edward Luce bu nəticəyə gəlir ki, buraxılmış səhvlərin nə olduğunu bilmədən liberal nizamı bərpa etmək mümkün olmayacaq.

“Sığınacaq: Sınmış qaçqın sisteminin transformasiyası” (Refuge: Transforming a Broken Refugee System). Müəlliflər Alexander Betts və Paul Collier.

Avropanı 2015-ci ildə bürümüş miqrant böhranı zamanı varlı ölkələrə yetişə bilməyən milyonlarla qaçqın inkişaf etməkdə olan ölkələrdə ilişib qalıb.

Qaçqın düşərgəsində yaşamaq adətən təhsilsiz və işsiz qalmaq deməkdir. Oksford Universitetinin iki eksperti qaçqınlar və sığınacaq problemini geniş miqyasda təhlil etməyə çalışıblar.

“Harasa gedən yol: Populist qiyam və siyasətin gələcəyi” (The Road to Somewhere: The Populist Revolt and the Future of Politics). Müəllif David Goodhart.

David Goodhart-ın fikrincə “harasa” sözündə bir mühafizəkarlıq və şübhə sezilirsə, “hər hara olsa” sözündə bir kosmopolitlik, sosial liberallıq və dəyişikliklərdən qorxmayan rahatlıq var.

Yeni siyasi təsnifat yaratmaqla Britaniya jurnalisti və Prospect jurnalının təsisçisi David Goodhart təhlilini Britaniya və Qərbin başqa yerləri üzərində qurub.

BİOQRAFİYA VƏ MEMUAR

“Dəyişən layihə: İki insanın dostluğu bizim düşüncəmizi necə dəyişib” (The Undoing Project: A Friendship that Changed Our Minds). Müəllif Michael Lewis.

Bu kitab iki israilli alimin ecazkar bioqrafiyasıdır. Söhbət psixoloqlar Daniel Kahneman və Amos Tvreskidən gedir. Bu iki çox fərqli insanın psixologiya və iqtisad elmlərinin kəsişməsinə aid tədqiqatlarının əhəmiyyəti ildən-ilə artır.

“Əli: Həyatı” (Ali: A Life). Müəllif Jonathan Eig.

Məhəmməd Əli bütün zəmanələrin ən böyük boksçusu kimi tanınır və bu, bir həqiqətdir. O əldə etdiyi bütün nailiyyətlərdən prinsiplərinə görə əl çəkə bilən çox az şəxsiyyətlədən biri olub.

Nailiyyətlərini prinsiplərinə qurban verən insan - Məhəmməd Əli
Nailiyyətlərini prinsiplərinə qurban verən insan - Məhəmməd Əli

Bu kitab Əlinin təkcə böyük boksçu olması yox, həm də Vyetnam müharibəsinə getməkdən imtina etməsi, ağdərili hegemonluğu qəbul etməməsi barədədir.

“Sübhün intizarında: Joseph Conrad qlobal dünyada” (The Dawn Watch: Joseph Conrad in a Global World). Müəllif Maya Jasanoff.

Joseph Conrad
Joseph Conrad

Uşaqlıqda yalnız polyak və fransız dillərini bilən Jozef Teodor Konrad Korzeniowski 21 yaşınadək ingiliscə danışa bilməyib. Amma o Joseph Conrad kimi ən gözəl ingilis yazıçılarından biri ola bilib.

“Qaranlığın ürəyi” (Heart of Darkness) onun ən məşhur kitablarından biridir. Maya Jasanoff-un kitabında isə Conrad-ı qloballaşmanın ilk romançısı kimi görürük.

MƏDƏNİYYƏT

“Hamı yalan danışır: Böyük məlumat, təzə məlumat və internet bizim əslində kim olmağımız barədə nə deyə bilər” (Everybody Lies: Big Data, New Data, and What the Internet Can Tell Us About Who We Really Are). Müəllif Seth Stephens-Davidowitz.

Google şirkətinin keçmiş analitiki Seth Stephens-Davidowitz yazır ki, böyük məlumat yeni informasiyanın mənbəyidir. Bura insanların etdikləri və düşündükləri daxildir. Amma bu, onların rəy sorğularına dediyindən tamam fərqli bir məlumatdır.

Müəllif inanır ki, internet ictimai elmləri, mikroskop və teleskop təbiət elmlərini inqilabiləşdirdiyi kimi dəyişəcək.

“Əsrin romanı: “Səfillər”in fövqəladə tarixçəsi” (The Novel of the Century: The Extraordinary Adventure of “Les Miserables”). Müəllif David Bellos.

Bu kitabda müəllif Victor Hugo-nun “Səfillər” romanının “gələcəyin cəmiyyətinə” verdiyi töhfədən bəhs edir.

Dünyanı dəyişən belə kitablar o qədər də çox olmayıb.

BƏDİİ ƏDƏBİYYAT

“Exit West” – Müəllif Mohsin Hamid.

Miqrasiya probleminə həsr olunmuş bu roman az qala 2017-ci il üçün Man Booker mükafatına layiq görüləcəkdi. Bundan əvvəl “Könülsüz təməlçi” (The Reluctant Fundamentalist) romanının müəllifi daha bir diqqətəlayiq əsər yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG