Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:01

Kreml Kiselyov-un dediklərinin arxasında durmur


Dmitry Kiselyov
Dmitry Kiselyov

Kreml özünü Moskvanın Rusiya dövlət televiziyasında səslənən qızışdırıcı şərhdən kənar tutmağa çalışır. «Rossiya 1» kanalının aparıcısı Dmitry Kiselyov ABŞ prezidenti Donald Trump-ın Şimali Koreya lideri Kim Jong Un-dan daha təhlükəli olduğunu, hərəkətlərini proqnozlaşdırmağın mümkünsüzlüyünü söyləyib.

Kremlin sözçüsü Dmitry Peskov isə aprelin 17-də jurnalistlərə deyib ki, Kiselyov-un şərhləri çox vaxt Kremlin mövqeyi ilə üst-üstə düşsə də, bu, həmişə belə olmur.

Rusiyada əksər dövlət media orqanlarının etdiyi kimi, Kiselyov, Trump seçiləndən öncə və sonra onu tərifləyirdi. Amma aprelin 7-də Trump Suriyada hava bazasını raket zərbəsiylə vurmaq göstərişi verəndən medianın da tonu dəyişib. Dövlət televiziyası və digər media şirkətləri ABŞ prezidentini indi daha çox tənqid edirlər.

Qeyd edək ki, ABŞ zərbələri Suriyada onlarla adamın ölümünə səbəb olmuş kimyəvi silah hücumuna cavab olaraq endirmişdi.

«TRUMP DAHA TƏHLÜKƏLİDİR»

Aprelin 16-da Şimali Koreyanın uğursuz raket sınağından bir neçə saat sonra Kiselyov deyib ki, Kim Trump qədər qorxulu deyil, çünki danışıqlara hazırdır, digər ölkələrə hücum etməyib, ABŞ sahillərinə donanma göndərməyib.

«Bu iki şəxsiyyət – Donald Trump və Kim Jong Un arasındakı qarşıdurma üzündən müharibə başlana bilər. Hər ikisi təhlükəlidir, amma kim daha təhlükəlidir? Trump», – Kiselyov «Vesti Nedeli» proqramında belə deyib.

V.Putin və D.Trump
V.Putin və D.Trump

«Reuters» xəbər agentliyi yazır ki, Kiselyov-a Trump haqda belə sərt ritorikadan istifadəyə icazə verilməsi faktı Kremlin qəzəbini göstərir. Axı, Moskva Trump-ın ikitərəfli əlaqələri yaxşılaşdıracağını gözləyirdi.

Kiselyov izləyicilərinə sarkazmla deyib ki, Şimali Koreya liderinin qızı, Ivanka Trump kimi atasının rəsmi iqamətgahında çalışmır.

«SOYUQ DUŞ» EFFEKTİ?

Artıq bəzi rəy sorğuları da əsas xəbərləri televiziyalardan alan ictimaiyyətin Trump-a münasibətinin dəyişdiyini göstərir. VTsIOM dövlət sorğu mərkəzinin bazar ertəsi açıqladığı nəticələrə görə, Trump-a mənfi yanaşan rusiyalıların sayı bir ayın içində 37 faizdən 39-a qalxıb. Ona inamsızlıq və məyusluq hisslərinin də yüksəldiyi bildirilir.

«ABŞ-ın Suriyaya raket zərbəsi rusiyalıların çoxunun başına «soyuq su» tökdü», – sorğu mərkəzinin baş direktoru Valery Fedorov agentliyə deyib.

«Reuters» yazır ki, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsinə, Ukraynada separatçıları dəstəkləməsinə baxmayaraq, Moskva ABŞ prezidentlərini başqa ölkələrin işlərinə qarışmaqda suçlayır. Trump-a daha çox ümid bəslənsə də, ümidlər hələlik, gerçəkləşməyib. Amma bəzi rəsmilər Birləşmiş Ştatlarla əlaqələrin yaxşılaşdırmaq istədiklərini söyləyirlər. Çünki Ukraynaya görə qoyulmuş maliyyə sanksiyaların yumşaldılması indi Rusiyanın ən çox istədiyi şeydir.

Yenə də həmin rəsmilərin agentliyə bildirdiyinə görə, Kreml anlayır ki, proses daha da ağırlaşacaq və ilkin düşünüldüyündən uzun çəkəcək. Rusiya rəsmiləri Trump-ın siyasi mövqeyinin sələfi Barack Obama-dan çox da fərqlənmədiyini, yaxud ondan daha sərt olmadığını da dilə gətirirlər.

XS
SM
MD
LG