Məşhur Britaniya yazıçısı Rudyard Kipling keçmiş sovet respublikalarında ilk növbədə Mauqlinin müəllifi kimi tanınırdı.
Sovet illərində onun “Jungle Book” (Cəngəllik kitabı) kitabı azərbaycanca “Bənövşəyi ilan” adı ilə buraxılmışdı. Sovetlər Mauqli haqqında multiplikasiya filmini rus dilinə dublyaj etmişdilər və çox maraqlı alınmışdı.
Amma Rudyard Kipling zəmanəsinin çox məşhur şairi idi və öz ölkəsində bir çoxları onu məhz şair kimi sevirdilər. Sovet ədəbiyyatşünaslığında isə Kipling-i vətənpərvər şeirlərinə görə “imperializmin nəğməkarı” adlandırırdılar.
Onun şeirlərində Britaniya imperiyası tərənnüm edilirdi. Kipling Britaniya əsgərinin uzaq-uzaq ölkələrdə, daha doğrusu müstəmləkələrdə göstərdiyi şücaətləri vəsf edirdi.
Məğlub olsaq, nə adı var, qalsaq salamat?
Ya da ölsək sinəmizdən burulsa tüstü...
Adi gəmi ekipajdan bahadır qat-qat,
Adi döyüş döyüşçüdən tutulur üstün.
Tərxis haqda fərmanımız gəlib çıxmamış,
Fəraridir tərk eləyən sıralarını,
Vətən borcu, xidmət borcu başa çatmamış,
Salamlayaq bəxtimizin bəlalarını… (Tufana oxunmuş nəğmə)
Kipling-in ölkə hərbiyyəsinin yuxarı eşelonlarında dostları çox idi. O məhz bu dostlardan istifadə edərək sağlamlıq baxımından hərbi xidmətə yararsız oğlunu orduya göndərmişdi.
Sonralar buna peşman olacaqdı, çünki yeganə oğlu Birinci Dünya Müharibəsində itkin düşəcəkdi.
Kipling oğlunun məzarını bütün ömrü boyu axtramış, amma təsəllini başqa əsgərlərin başdaşlarına şeir parçaları yazmaqda tapmışdı.
Məni döyüşdən əvvəl,
Bircə fikirdi, qardaş,
Ən çox qorxuya salan
Ki, döyüş qurtaranda,
Birdən məlum olsa ki,
Təkcə mənəm sağ qalan...
Birdən məlum olsa ki,
Bütün dostlarım gedib,
Ölümün qapısına,
Məni satın alıblar,
Qanları bahasına… (Sual)
Başqa maraqlı bir fakt isə budur ki, 1918-ci ilin yayında Bakını qısa müddətə işğal etmiş general Dunsterville Kipling-in çox yaxın dostu idi və o bu hərbçiyə öz hekayələrindən birini həsr etmişdi.
Lakin Britaniyanın özündə də bir sıra ədəbiyyat tarixçiləri Kiplingi ziddiyyətli yazıçı hesab edirdilər.
“The Telegraph” qəzetinin təhsil müxbiri Camilla Turner yazır ki, onilliklər ərzində Kipling “persona non grata” sayılırdı. Onun əsərlərini “siyasi qüsurluğuna” görə məktəblərin tədris proqramlarından çıxarmışdılar.
Lakin indi Rudyard Kipling ədəbiyyat araşdırmaçılarının yeni nəsli tərəfindən yüksək qiymətləndirilir və ona “daha geniş dünya perspektivindən” baxılır.
Kipling ən gənc Nobel mükafatı laureatı olmuşdu və 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində dünyanın ən populyar yazıçılarından biri idi.
O “Cəngəllik kitabı” ilə uşaq ədəbiyyatının klassiki olmuşdu, amma eyni zamanda həm də qısa hekayə janrının yaradıcısı sayılırdı.
Buna baxmayaraq 20-ci əsrdə onu öz ölkəsində də müstəmkələkəçiliyin məddahı kimi tənqid edirdilər.
George Orwell onu “Britaniya imperializminin peyğəmbəri” adlandırmışdı.
Kipling müstəmləkədə, Bombeydə doğulmuşdu və əsərlərini Britaniya müstəmləkəçiliyi perspektivindən yazırdı. Bəziləri onu hətta iqrçilikdə ittiham edirilər.
Belə tənqidlə üzləşən şeirlərdən biri də “Ağ adamın yükü” (The White Man's Burden) idi. Şeirdə bütün dünyanı ağdərili insanın mədəniləşdirdiyi iddia edilidi.
Kipling-in tədqiqatçılarından Andrew Lycett bu yaxınlarda Britaniyada keçirilmiş Chalke Valley TarixFestivalında çıxış edərkən demişdi ki, yazıçı siyasi baxımdan tamamilə qüsurlu baxışlara malik idi və buna görə də onu arzuolunmaz şəxs kimi məktəblərin tədris planlarına yaxın qoymurdular.
Əslində bu elə indi də belə olaraq qalır. Lakin Lycett bunu da əlavə etmişdi ki, Kipling-in bu cür gözümçıxdıya salınmasında böyük bir ədalətsizlik də var.
Lycett məmnun olduğunu bildirib ki, ədəbiyyat tarixçilərinin cavan nəsli Kipling-ə daha rəhmli münasibət nümayiş etdirir. İndi universitetlərdə onun yaradıcılığını daha çox öyrənməyə başlayıblar.
Alimin sözlərinə görə, Kipling-in bir “irticaçı” olması şəksizdir, amma o həm də qlobal bir yazıçıdır, dünya hadisələrinin böyük müşahidəçisidir. Böyük ədibdir. Böyük ədibinsə yeri ədəbiyyat olmalıdır.
Krallarla bir nimçədən xörək yeyəndə
Kütlələrlə itirməsən ünsiyyətini,
Bütün dünya – dostların da, düşmənlərin də,
Anlasalar dəyişməyən xasiyyətini,
Ömrün sənə bəxş etdiyi hər dəqiqənin
Çox demirəm, düz altımış saniyəsini,
Xalqa versən, oğul, haqsan, bunu bil yəqin:
Kişi kimi tanıyacaq bu dünya səni! (Əgər)