Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:22

Tacikistanda dələduzluğun yeni növü: fotolarla onlayn şantaj


Tacikistandan Farangis kibercinayətkarlıqla qarşılaşıb.

Tacikistanda 200-dən artıq qız polisə müraciət edərək dələduzlardan şikayətlənib. Dələduzlar fotoşop vasitəsilə həmin qızların şəkillərini nalayiq fotolara köçürərək internetə yerləşdirir, qızlardan fotoları pozmağın əvəzində pul tələb edirlər. Çox zaman zərərçəkənlər adlarına xələl gəlməməsi üçün pulu ödəməyə üstünlük verirlər.

İki il öncə Özbəkistanda da dələduzlar eyni sxemlə insanları şantaja məruz qoyaraq pul tələb edirdilər. O zaman istintaq müəyyən etmişdi ki, bu qanunsuz işlə məşğul olan Koreyada yaşayan özbəklərdən ibarət cinayətkar dəstədir. Onlar təkcə qızları yox, həm də gənc özbək miqrant oğlanları hədəfə alırdılar. Cinayətkarlar qurbanlarının əsl ad və soyadlarını öyrənərək "Odnoklassniki" sosial şəbəkəsində yerləşdirdikləri pornoqrafik fotolara əlavə edirdilər.

Buna da bax:​ Tacikistanın korrupsiya ilə mübarizə agentliyi əhalini əməkdaşlığa cəb edir

MİLİSİN KÖMƏYİNƏ İNANMIRLAR

İndi isə Tacikistan sakinləri oxşar cinayətlərdən əziyyət çəkirlər.

Kibercinayətin qurbanlarından biri olan Farangis Düşənbədə dövlət idarəsində çalışır. O, tanışlarının və ya həmkarlarının dələduzların yerləşdiriyi fotoları görəcəyindən qorxur. O, milisə müraciət etsə də, cavab ala bilməyib. Farangis artıq kiminsə bu məsələni həll edə biləcəyinə inanmır.

"Siz elə bilirsiniz bu məsələyə təsir edə bilənlərdən heç kəs bunu görmür? Görürlər. Bu onlara maraqlıdır! Onlar oturub baxacaqlar və güləcəklər. Ancaq heç kəs deməyəcək ki, gəlin maraq üçün baxaq görək bu kimdir. Axı, sabah sənin bacının da şəkli orada ola bilər!" – Farangis deyir.

Onun sözlərinə görə, Tacikistanda çoxları bu problemlə üzləşsə də, əksəriyyəti milisin şantajçıları tapmağa kömək edə biləcəyinə inanmır.

"Çoxları ərizə yazıb, heç bir nəticə olmayıb", – Farangis deyir.

Buna da bax:​ Tacikistanda hicab və dekolteyə qarşı 'müharibə'

SƏHİFƏLƏR XARİCDƏN İDARƏ OLUNUR

Kibercinayətkarlar sadəcə, qurbanlarına qara yaxmaqla yox, həm də onları şantaj etməklə məşğul olurlar. Sosial şəbəkələrdə əxlaqsız saytların anonim administratorları fotoları silmək üçün qızlardan pul tələb edirlər.

Səhifələri idarə edənlər bəlli deyil. Ancaq müstəntiqlər müəyyən ediblər ki, səhifələr xaricdən idarə olunur.

Tacikistan xarici işlər nazirliyinin mətbuat katibi Umarjoni Emomali deyir ki, sosial şəbəkələrdə heç bir filtr yoxdur və istənilən adam ora daxil olaraq "istədiyi şeyi" yaya bilər.

Ancaq Farangis əmindir ki, belə səhifələrin moderatorlarını uzaqda axtarmaq lazım deyil. Onun sözlərinə görə, cinayətkarlardan birini yaxalamaq mümkün olub. O, "küskünlük və diqqət çatışmazlığı" səbəbindən kiberşantajla məşğul olan 16 yaşlı qız imiş. Uşaq "sadəcə həmin qadınları alçaltmaq istəyirmiş".

Buna da bax:​ Tacikistanda azı 10 aparıcı məmur korrupsiyaya görə həbs olunub

“ŞANTAJI DAVAM ETDİRMƏK ÇOX ASANDIR”

Sosial şəbəkələr üzrə mütəxəssis Zafar Abdullaev deyir ki, kiberşantajla mübarizə aparmaq çox çətindir. Çünki yeni hesab açaraq şantajı davam etdirmək çox asandır.

"Sosial şəbəkələrdə belə səhifələr bizim cəmiyyətimiz, Tacikistanın kişi hissəsi üçün rəzalətdir", – Abdullaev deyir.

Bir çox qızlar və ya onların yaxınları şantajçılara şəkilləri pozmaq əvəzində pul verməyə məcbur olurlar.

"Valideynlər istəyirlər ki, uşaqlarının adına ləkə gəlməsin və onlar uğurla ərə getsinlər. Onlar qızları haqqında müxtəlif şayiələrin ortaya çıxmasını istəmirlər", – vəkil Abdurahmon Sharipov insanların milisə müraciətinin səbəbini belə izah edir.

Buna da bax: Taciklər yeni geyim qaydalarıyla bağlı milyonlarla ismarış alıb

Hüquqşünaslar xatırladırlar ki, yalan, xüsusən də təhqiredici məlumatın yayılması cinayətdir və ona görə cəza nəzərdə tutulur. "İnternet siyasəti üzrə vətəndaş təşəbbüsü" təşkilatı hazırda "Sosial şəbəkələrdə şəxsi məlumat haqqında" qanun layihəsi üzərində işləyir. Layihənin təşəbbüskarları deyirlər ki, qanun qəbul edilərsə, şəxsi məlumatların qorunmasına dair qanunlardakı boşluqlar aradan qaldırılmış olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG