Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:14

Şamaxı kəndlərinin bir əsas dərdi var


Arx
Arx

"Keçən il susuzluqdan yanan sahəni ağır texnika gətizdirib təmizləyəndə dözə bilmədim, ağladım. Elə bil, öz əziyyətimi kürüyüb çaya tökürdüm. Torpaqları xalqın əlindən alıb, əkdiyini şumlayıb, kürüyüb yerində pambıq əkməklə deyil. Məhsul yığmaq üçün əkin işləri aparırıq, ancaq məhsullarımızı yığıb bazara çəkmək əvəzinə susuzluqdan zay olmuş əkini yığıb çaya tökürük. Kənd təsərrüfatının inkişafına hər il milyonlarla pul ayrılır, ancaq bir arx nədir ki, sahələrə çəkib insanları zülmdən qurtarmırlar".

Kənd təsərrüfatı ilə məşğul olan Şamaxı sakini Fərman Qulamov deyir, hazırda rayonda bəzi əkin sahələri susuzluqdan cadar-cadar olub. Kəndli və fermerlərin əkdikləri sahələr göz önündəcə susuzluqdan külə dönür:

Buna da bax:​ Qonaqkəndlilərin ürəyinə vəlvələ salan Vəlvələçay

"Əziyyəti və xərc çəkməyi bizə qalır. Bu boyda problemin həlli bircə arxa bağlıdır. O arxı da sanki qəsdən, əhaliyə əzab vermək üçün çəkmirlər".

“BİR AZ XƏRCİ VAR”

Fərman Qulamov 10 hektar sahədə qarğıdalı, daha 10 hektar sahədə isə günəbaxan əkib. Ancaq susuzluqdan yanan sahələr çəyirtkə və başqa həşəratlarla dolub:

"Burda elə sahələr var ki, yağışdan sonra suyla dolub, əkin zay olub, elə sahələr də var ki, əksinə, su görmür. Kəndlilər yerli dövlət qurumlarına çox gözəl təkliflər irəli sürüblər. Sadəcə, bu təklifləri gerçəkləşdirməyə maliyyə lazımdır. Özü də bu maliyyə hökumət üçün elə də böyük xərc deyil. Təklifimiz odur ki, məsələn, yağıntı zamanı dolan əkin sahələrindəki suların suvarmadan kənarda qalan sahələrə ötürülməsi üçün arxlar çəkilsin. Başqa ölkələrdə kənd təsərrüfatlarında bu təcrübə var. Bir az xərci var, hökumət əlini cibinə salsa, problemimiz yerli-dibli həll olunar".

Buna da bax:​ Ləyiş bağlarından indi heyvan səsləri gəlir

Yasər Namazovunsa, əksinə, əkin sahəsini su basıb. O, suyu çəkməyə 16 hektarlıq sahəyə xüsusi qurğular gətizdirib. Ancaq buna baxmayaraq, özü demişkən, itirdiyini itirib:

"Məhsul əlli əlliyə əldən gedib. Ancaq heç olmasa, yarısını götürmək də qənimətdir.

Bir tərəfdə sahələr su altında qalıb, bir tərəfdə sahələr susuzluqdan məhv olur. Fermerlər başlarını itiriblər. Susuz sahələrə yaxın Hacıqədirlidə göl var, sanki fermerlərə gözdağıdır. Suyu ilboyu Şamaxıdakı bütün əkin sahələrinə bəs edər. Gəl ki, göldən arxlar çəkilmir. Yazıq kəndli suyu pulla alır. Su satışıyla da hökumətin öz adamları məşğul olur. Deməli, əslində, arxlar ona görə qazılmır ki, bir neçə adam su satışından əldə etdiyi qazancı itirməsin. Bu, yüz faiz belədir".

Buna da bax:​ 'Adı var ki, yeni tikilidə yaşayırıq, əslində isə zülm çəkirik' - Sakin

“SUVARMADA PROBLEM OLMAYACAQ”

Şamaxı rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kəndlilərin əkin sahələri ilə bağlı problemləri ilə Kənd Təsərrüfatı Nazirliyi məşğul olmalıdır. Ancaq nədənsə, kəndlilər hər dəfə icra hakimiyyətinə üz tuturlar:

"Bununla belə, şikayətlərini aidiyyəti qurumlara bildiririk. Növbəti illərdə əkin sahələrinin suvarılmasında problem olmayacaq. İcrasını gözləyən müəyyən dövlət layihələri var. Ancaq indidən bu barədə danışmaq tezdir".

Elə kəndlilər də əkin sahələrini susuzluğun əlindən alacaq istənilən layihənin, dövlət proqramının tezliklə icra olunmasını arzulayırlar. Ən azı, qurumuş sahələrdən topladıqlarını çaya tökmək üçün yox, məhsulu bazara çəkmək üçün...

XS
SM
MD
LG