Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:54

İspaniya hökuməti fövqəladə toplantı keçirəcək


C.Puigdemont Kataloniya parlamentində çıxış edir.

Kataloniyanın separatçı liderləri İspaniyadan müstəqillik bəyannaməsini imzalayandan sonra, oktyabrın 11-də İspaniya hökuməti fövqəladə toplantı keçirəcək.

Oktyabrın 10-da Kataloniya prezidenti Carles Puigdemont deyib ki, 1 oktyabr referendumu Kataloniyaya İspaniyadan ayrılmaq prosesinə başlamaq hüququ verib. Amma o, region parlamentinə təklif edib ki, «dialoqa başlamaqdan ötrü müstəqillik aktının icrası ertələnsin».

KRİTİK MƏQAM

Amma bu çıxışdan sonra Puigdemont özü «Kataloniya təmsilçilərinin deklarasiyası» adlı sənədə imza atan ilk şəxs olub. Onlarla digər separatçı deputat da sənədi imzalayıb.

***Buna da bax-Kataloniya müstəqillik qərarından geri çəkilir

Madrid bu addımları rədd edir. Şərhçilər Kataloniya separatçıları ilə İspaniya mərkəzi hakimiyyəti arasında qarşıdurmanın kritik məqama çatdığını deyirlər.

İspaniya baş nazirinin müavini Soraya Saenz de Santamaria deyib ki, «Kataloniya lideri harada olduğunu, hara getdiyini, kiminlə getmək istədiyini bilmir».

Saenz de Santamaria-nın sözlərinə görə, Puigdemont Kataloniyanı «indiyədək görünməmiş qeyri-müəyyənliyə» salıb.

Baş nazirin müavini Puigdemont-un beynəlxalq vasitəçiylə danışıqları təklifini rədd edib.

«Nə Puigdemont, nə də bir başqası vasitəçilik iddiasını irəli sürə bilməz», – o deyib.

İspaniyanın ədliyyə naziri Rafael Catala referendum qanunsuzluğu, nəticələrin etibarsızlığına dair hökumətin mövqeyini bir daha dilə gətirib.

***Buna da bax-Kataloniya müstəqilliyini elan edərsə, 'Barsa' necə olacaq?

AB-NİN MÖVQEYİ

Avropa Şurasının prezidenti Donald Tusk Kataloniya rəhbərinin çıxışından öncə onunla birbaşa danışmış, bölücü müstəqilliyə çağırmaqdansa, dialoqu seçməsini istəmişdi. Avropa Birliyi aydın şəkildə bildirib ki, Kataloniya İspaniyadan ayrılsa, AB-nin bir hissəsi sayılmayacaq.

Kataloniya İspaniyanın ən varlı regionlarından biridir. Ancaq bir sıra şirkətlər böhrandan dolayı ofislərini bu bölgədən çıxarmaq planlarını açıqlayıblar.

Puigdemont çıxışında İspaniya hökumətinin referenduma münasibətini, səsvermə günü polisin zorakı davranışı nəticəsində yüzlərlə adamın xəsarət almasını kəskin tənqid edib. Ancaq o, katalanların İspaniya və ispanlara qarşı olmadığını vurğulayıb.

Referenduma 2.3 milyon katalan, elektoratın 43 faizi gedib. Rəsmilər onların 90 faizinin müstəqilliyə səs verdiyini bildiriblər. Ancaq referendum qarşı çıxanlar onu boykot edəcəklərini demişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG