Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:21

Kataloniyada '90 faiz' müstəqilliyə səs verib


Azı 844 nəfərə tibbi yardım göstərildiyi bildirilir.

Kataloniyada müstəqillik referendumunda seçicilərin 90 faizindən çoxunun İspaniyadan ayrılmağa səs verdiyi bildirilir.

Oktyabrın 1-də prezident Carles Puigdemont televiziyayla çıxışında deyib ki, «bu ümid dolu və əziyyətli gündə Kataloniya vətəndaşları respublika formasında müstəqil dövlətə hüquq əldə ediblər».

«Bir neçə günə hökumətim bugünkü səsvermənin nəticələrini Kataloniya parlamentinə göndərəcək. Xalqımın suverenliyi bu orqandadır və referendum qanununa uyğun olaraq hərəkət edə biləcək», – Puigdemont söyləyib.

RƏY SORĞULARI BAŞQA ŞEY DEYİRDİ

Referendumdan öncəki rəy sorğuları regionun 7.5 milyonluq əhalisini yalnız 40 faizinin müstəqilliyi dəstəklədiyini, ancaq əksəriyyətin referendumun keçirilməsinə tərəfdar olduğunu göstərirdi.

Müstəqilliyə qarşı çıxanların səsverməni boykot edəcəyi və bu səbəbdən «hə» cəbhəsinin uduzacağı gözlənirdi.

Referendum və onunla bağlı polisin gördüyü tədbirlər Kataloniyada və İspaniyanın qalan hissəsində gərginliyi artırıb.

İspaniya Konstitusiya Məhkəməsi referendumu boykot edib, onun 1978-ci il konstitusiyasını pozması barədə qərar çıxarıb. Diktator-general Francisco Franco-nun ölümündən sonra həmin konstitusiya İspaniya ərazisində demokratiyanı bərpa edib.

844 NƏFƏR XƏSARƏT ALIB

Kataloniya rəsmiləri səsvermədən dolayı baş verən zorakılıqlarda azı 844 nəfərə tibbi yardım göstərildiyini bildirirlər. Belə ki, çevik polis alayı bəzi dövlət binalarının seçki məntəqəsi kimi istifadəsini önləməyə çalışıb.

Polis azı 33 hüquq-mühafizə əməkdaşının da yaralandığını bildirir.

Məlumatlara görə, polis bəzi seçki məntəqələrinə zorla girib, Barselonanın mərkəzində azı bir yerdə rezin güllələrdən istifadə edib.

AzadlıqRadiosu Belarus xidmətinin müxbiri Alyaksey Znatkevich Barselonanın Raval rayonunda bir seçki məntəqəsi önündə toqquşmaların baş verdiyini bildirib. Həmin binada qocalar evi yerləşir.

«Adamlar polis əməkdaşlarının bu seçki məntəqəsinə girməsinə imkan vermirdilər. Polis, çox güman ki, bülleten qutularını müsadirə etmək istəyirdi. Adamlar yolu bağladılar və bəziləri polisə əşya atmağa başladı. Polis adamları qorxutmaq üçün havaya, güman ki, rezin güllələr atırdı», – Znatkevich Barselonadan telefonla deyib.

«DEMOKRATİYA QƏLƏBƏ ÇALDI»

İspaniya baş naziri Mariano Rajoy deyib ki, «biz etməli olduğumuzu etdik».

«Bu gün Kataloniyada öz müqəddəratını təyinetmə referendum keçirilirdi və demokratiya qələbə çaldı, çünki konstitusiya təmin olundu», – deyən baş nazir səsverməni «demokratiyanın mahiyyətinin məzhəkəsi» adlandırıb.

Səsvermə günü zorakılıqlarından sonra müstəqillik tərəfdarı olan qruplar və həmkarlar birlikləri oktyabrın 3-də ümummilli tətilə çağırıb. Onlar tətili təhlükəsizlik qüvvələrinin referendumu dayandırmaqdan ötrü əl atdığı zorakılığı pisləmək üçün çağırdıqlarını bildirib.

Barselonanın futbol komandası «Las Palmas»ı məğlub edib. Oyun azarkeşlərsiz keçirilib. Klub prezidenti oyunun qapalı keçiriləcəyini, bununla polisin seçicilərə qarşı zorakılığına etiraz etdiklərini bildirib.

Referendumu açıq dəstəkləyən komanda oyunu təxirə salmaq istəmişdi, ancaq İspaniya liqası bu xahişi rədd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG