Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:52

Türkmənlər nağd pul çıxarmağa Türkiyəyə gedirlər


Türkmənistanda türkmən qadınlar ATM qarşısında.

İstanbulun qızğın ticarət və ucuz mehmanxanaları ilə tanınan, gediş-gəlişli mərkəzi Aksaray məhəlləsinin küçələrində son zamanlar onlarla Türkmənistan vətəndaşını görmək olar. Onlar bankomatların qarşısında növbəyə dayanırlar.

QIZIL APARIB PULA ÇEVİRİRLƏR

AzadlıqRadiosu-nun türkmən xidməti bildirir ki, Türkmənistdanda nağd valyuta mübadiləsinə rəsmi qadağa və ölkə banklarının nağd pul verilməsini məhdudlaşdırması ölkə vətəndaşlarını öz hesablarındakı pulları götürməkdən ötrü müxtəlif yollar axtarmağa vadar edir.

Buna da bax:​ Türkmənistanda bankomatlarda pul yoxdur

«Bu səbəbdən son zamanlar, özəlliklə də Aksaray rayonunda, günü-gündən daha çox Türkmənistan vətəndaşı İstanbulun bankomatlarının qarşısına toplaşır. Onlar hər hansı şəkildə öz pullarını götürməyə çalışırlar. Türkmənistan banklarındakı hesablarında olan pullarını nağdlaşdırmaqdan ötrü insanlar ölkədən kənara çıxmağa məcburdurlar. Bundan başqa, bir çoxları özləri ilə qızıl da aparırlar ki, onu satıb nağd pula çevirsinlər. Xaricə gedə bilməyənlərsə gedənlərdən xarici bankomatlarda onların da hesablarından pul çıxarmalarını xahiş etməli olurlar. Nəticədə bir çoxları çıxarılan məbləğin 10 faizə qədərini itirir. Bu faizlər xarici banklarda tranzaksiyaya görə komissiya, habelə vasitəçi xidmətlərinə görə ödəmələr kimi çıxılır», – deyə adının çəkilməsini istəməyən, Türkiyədə yaşayan bir Türkmənistan vətəndaşı bildirib.

MİNLƏRLƏ İNSAN QEYRİ-LEQAL YAŞAYIR

Türkmənistanla Türkiyə arasında viza rejimi yoxdur. Buna görə də, Türkmənistan əhalisi arasında bu, ən populyar istiqamətdir. Türkmənlər təhsil, müalicə, istirahət və pul qazanmağa Türkiyəyə gedirlər.

Buna da bax: Özbəkistanda dollar almaq çətinliyi

Bu ölkəyə gedən türkmənistanlıların dəqiq sayı barədə rəsmi məlumatlar açıqlanmır. Qeyri-leqal əmək miqrasiyası barədə də heç bir dəqiq bilgi yoxdur. Müstəqil informasiya mənbələri Türkiyədə qeyri-leqal qalan minlərlə insanın olduğunu bildirirlər.

Türkmənistan hökuməti vətəndaşların həm ölkə xaricində, həm də ölkə daxilində apardıqları bank əməliyyatları və ümumilikdə, bank hesabları üzərində nəzarəti sərtləşdirməkdədir.

SUTKADA 250 ABŞ DOLLARI

Bu ilin fevralında Türkmənistan Mərkəzi Bankının təyin etdiyi valyuta kursları ilə mübadiləsinə və xaricə köçürülməsinə icazə verilən pul vəsaitinin məbləği məhdudlaşdırılıb. Yeni məhdudiyyətlər əhalinin bütün təbəqələrinə təsir edib. Bu qaydalardan ilk növbədə sahibkarlar və xaricdə təhsil alan tələbələr əziyyət çəkirlər. Ölkə sərhədləri xaricində plastik kartlardan çıxarılmasına icazə verilən məbləğ sutkada 250 ABŞ dolları müəyyən edilib.

Buna da bax:​ Türkmənistanda təqaüdçülər kütləvi işdən çıxarılır

Hazırda Türkmənistanın milli banklarındakı hesablardakı pul vəsaitləri nağdlaşdırmaq hüququ yalnız ölkə xaricində oxuyan tələbələrə və xarici ölkələrdə kommersiya fəaliyyəti ilə məşğul olan sahibkarlara verilib.

Martın sonlarında isə Türkmənistan bankları beynəlxalq plastik kartlarla onlayn hesablaşmaları dayandırıb.

BANKOMATLARDAN NAĞD PUL ÇIXARMAQ OLMUR

AzadlıqRadiosu-nun Türkmənistandakı müxbirləri bildirirlər ki, hazırda dövlət müəssisələrinin işçilərinin əməkhaqlarının köçürülməsi aylarla gecikdirilir. Əhali əvvəlki kimi bankomatlardan nağd pul çıxarmaqda çətinlik çəkir.

Buna da bax:​ 'Türkmənistan 25 ildən sonra: Avtoritarizmin ağır bədəli'

Ötən il ölkənin bank sahəsində əhalinin plastik kart hesablarına daxil olan pul vəsaitlərini, o cümlədən əməkhaqları, pensiya və sosial müavinətləri nağdlaşdırmasını məhdudlaşdıran bir sıra tədbirlər gerçəkləşdirilib.

Vətəndaşların pul vəsaitlərini nağdlaşdırmasına və bank sistemi vasitəsilə maliyyə əməliyyatları aparmasına qadağa və məhdudiyyətlərin səbəbləri barədə heç bir məlumat verilmir. Jurnalistlər ölkənin maliyyə qurumlarından rəsmi açıqlama ala bilmirlər.

Buna da bax:​ Türkmənistan Asiya Oyunları keçirir, amma talismanı...

Qeyd edək ki, 2016-cı ilin əvvəlindən Türkmənistanda nağd valyuta mübadiləsi qadağan edilib. 2015-ci ilin yanvarında Türkmənistan Mərkəzi Bankının rəsmi məzənnəsi 1 ABŞ dollarına 3,5 türkmən manatı səviyyəsində müəyyən edilib. O vaxtdan "qara bazarda" 1 ABŞ dollarının dəyərinin təqribən iki dəfə yüksəldiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG