Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 22:37

Məşhur operanın sonluğu dəyişdirilib: Karmen ölmür…öldürür


Karmenin 1875-ci ildə oynanmış premyerasının tetr rekvizitləri Paris sərgisində

İtaliyada dünyanın ən məşhur operalarından birinin sonluğuna radilkal şəkildə fərqli quruluş verilib.

O qədər radikal ki, yekun səhnəsində qadın qəhrəman bıçaqlanaraq ölməkdənsə, öz zülmkarını güllələyir.

Rejissorlar bununla da qadınlara qarşı zorakılıqla mübarizəyə töhfə verdiklərini bildirirlər.

Telegraph qəzeti yazır ki, beləliklə də ilk dəfə olaraq Bizenin qəhrəmanı, qaraçı qızı Karmen özünün zorakı heyranı Don Xoseni onun əlindən aldığı tapança ilə öldürür.

Məqalədə deyilir ki, “opera təməlçiliyindən belə dramatik qopma” müasir günümüzdə qadınlara qarşı pis rəftara çox ciddi yanaşıldığının göstəricisidir. Tənqidçilər bildirirlər ki, bu həm də Harvey Weinstein və Donald Trump-la bağlı qalmaqallarla əlaqəlidir.

Karmeninin yeni versiyası bu həftəsonu Florensiyanın Opera Teatrında oynanacaq. İlk tamaşalara biletlər artıq satılıb.

Opera teatrının yaradıcı heyətindən Paolo Klun Telegraph qəzetinə deyib ki, onun inamına görə teatr mühafizəkar musiqi mədəniyyətinə yad olmalıdır:

“Karmen 150 il əvvəl və tamam başqa mədəni kontekstdə yazılıb. Zaman başqa zamandır”.

Operanın yeni quruluşunun prodüserləri bunu da bildirirlər ki, süjetin dəyişdirilməsi həm də İtaliyada hər il çox sayda qadının qısqanc ərləri, nişanlıları və sevgililəri tərəfindən öldürülməsi ilə bağlıdır.

Qadınların öldürülməsi o qədər geniş yayılıb ki, bu qətlləri ümumləşdirici terminlə “femminicidio” adlandırırlar.

Sosioloqların və kampaniyaçıların fikrincə bu xoşagəlməz hal, hazırda qadınların daha böyük azadlıqlara və daha geniş iqtisadi imkanlara malik olmasından kişilərin narahatlığı ilə bağlıdır. İtaliya cəmiyyətində onilliklər boyu qadın kişinin bir növ mülkiyyəti sayılıb.

Məişət zorakılıqlarına dair hər ay daha dəhşətli xəbərlərin çıxdığı bir vaxtda teatr rəhbərləri tamaşaçıların daha bir qadın qətlini alqışlamalarına yol vermək istəməyiblər. Məhz buna görə də əsərdə Karmenin bıçaqlandığı səhnə dəyişdirilirb. Ənənəvi Karmen operasında son pərdə qəhrəmanın cansız cəsədinin səhnədə uzandığı məqamda bağlanır.

Florensiyadakı Teatro del Maggio Musicale teatrının baş direktoru Cristiano Chiarot deyib ki, cəmiyyətdə bu qədər qadın qətllərinin baş verdiyi bir halda daha bir qətlin səhnədə alqışlanmasına yol vermək olmazdı.

Chiarot bunu da bildirib ki, keçmiş zamanlarda da müxtəlif teatrlar eyni əsatirləri bir neçə versiyada oynayırdılar və əsərin məzmunu bundan ziyan çəkmirdi.

Buna baxmayaraq operanın rejissoru əvvəlcə sonluğun dəyişdirilməsi ideyasına qarşı olub.

O deyib: “Karmenin ölümü bu operanın hərəkətverici qüvvəsidir. Bu sonluğu dəyişmək nəyə lazımdır ki…”

Lakin sonra onu yola gətiriblər. İndi rejissor deyir ki, Chiarot-un ideyası ona ağlabatan görünür.

Rejissorun fikrincə bu əsərdəki ölüm mövzusunda qüsur da var. Karmen azadlığına qovuşmaq üçün ölməli olur. Bu gün məsələnin belə qoyuluşu yersiz görünür.

Bize Karmeni 1875-ci ildə yazsa da, əsərin motivləri 1830-cu illəri daha çox əks etdirirdi.

Florensiya teatrının rejissorları isə hadisələri 1980-ci illərə çəkiblər. Buradakı hadisələr bir İtaliya şəhərinin ətrafındakı qaraçı düşərgəsində baş verir.

Bu versiyada Karmen müasir qaraçı qadındır. O fabrikdə işləyərək yaşayışını güclə təmin edir. Don Xose isə bu əsərdə əzazil polis zabiti kimi işlənib.

Bizenin əsərindəki Don Xose sadəlövh bir əsgərdir və uşaqlıq sevgisi Karmenə vurğundur.

Lakin iş elə gətirir ki, Karmen sonradan öküz döyüşçüsü, yaraşıqlı Eskamilloya vurulur.

Operanın son səhnəsində Sevilya yaxınlığındakı öküz korridası təsvir olunur. Don Xose Karmeni məhz burada bıçaqlayır.

Dörd pərdədən ibarət Karmen ilk dəfə 1875-ci ildə Parisdə oynanıb. Opera Prosper Merimenin romanının motivləri əsasında yazılıb.

Hətta ilk tamaşaları zamanı da Karmen fabrik işçilərini, qaçaqmalçıları, əsgər və qaraçıları canlı və realist boyalarla təsvir etdiyindən auditoriyanı şoka salmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG