Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Kadyrov-un uşaqlarının gəlirləri bir ildə 50 dəfə artıb


Ramzan Kadyrov qızı Aishat və xanımı Medni ilə birlikdə
Ramzan Kadyrov qızı Aishat və xanımı Medni ilə birlikdə

Çeçenistan Respublikasının başçısı Ramzan Kadyrov ötən il özünün və ailəsinin gəlirləri, xərcləri və əmlakı barədə məlumatı dərc edib. Respublika hökumətinin rəsmi saytında yayılmış bəyannaməyə görə, 2016-cı il ərzində onun gəlirləri iki dəfə artaraq 6.5 milyon rubldan (114 min 800 dollar) 11.5 milyon rubla (203 min 160 dollar) çatıb.

Bəyannaməyə əsasən, 2016-cı ildə onun yetkinlik yaşına çatmamış iki uşağının hərəsi 10 milyon rubl (176 min 600 dollar) qazanıb. 2015-ci ildə onların gəlirləri 200 min rubla (3 min 532 dollar) yaxın göstərilmişdi.

BİRİNCİ LEDİNİN GƏLİRLƏRİ AZALIB

Yalnız Çeçenistanın Birinci xanımı Medni Kadyrova-nın gəliri azalıb. Birinci ledi 2015-ci ildə 2.8 milyon rubl (49.5 min dollar) bəyan etmişdisə, 2016-cı ildə onun gəliri 2.1 milyon rubla (37 min dollar) düşüb. Yeri gəlmişkən, onun gəliri artıq ard-arda ikinci ildir ki, azalır. 2014-cü il bəyannaməsində illik qazancı 3.37 milyon rubl (60 min dollar) göstərilmişdi.

Ümumilikdə bəyannamədə 14 adamın adı qeyd edilib: Kadyrov-un özü, həyat yoldaşı və cütlüyün yetkinlik yaşına çatmamış 12 övladı. Kadyrov-un 10 doğma övladı var. Cütlük digər iki uşağı övladlığa götürüb.

Bəyannamədə Çeçenistan rəhbərinin 12 yetkinlik yaşına çatmamış övladı haqda az məlumat verilib. Onların adları və yaşları göstərilməyib.

Evin böyük qızı, 1998-ci il təvəllüdlü Aishat 2016-cı ildən anasının təsis etdiyi «Firdaws» çeçen moda evinə rəhbərlik edir. «Firdaws» müsəlman qadın geyimlərinin dizaynı ilə məşğuldur. Bundan başqa, Aishat həmin ilin iyununda Qroznının mərkəzində «Paris» adlı şirniyyat evi açıb.

«Firdaws» çeçen moda evi
«Firdaws» çeçen moda evi

Ramzan Kadyrov-un sosial şəbəkədəki səhifəsindən məlumdur ki, onun digər qızı Khutmat Kadyrova da bizneslə məşğuldur. O, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətin rəhbəridir.

Kadyrov vaxtaşırı «Instagram»da digər övladları haqda da məlumatlar paylaşır. Oğlanları Akhmad, Ali Adam idman zalında məşq edirlər.

DAŞINMAZ ƏMLAK

Daşınmaz əmlaka gəlincə, ailənin bütün üzvləri üçün sahəsi 300 kvadrat metr olan ev göstərilib. Bundan başqa, Ramzan Kadyrov-un mülkiyyətində sahəsi 3 min 668 kvadratmetr olan torpaq sahəsi və 2 min 344.3 kvadratmetrlik ev var. Bəyannamədə onun həyat yoldaşı Medni Kadyrova-ya məxsus 209.8 kvadrat metrlik mənzil də göstərilib.

Sənədlərə əsasən, Kadyrov-ların mülkiyyətində nəqliyyat vasitəsi yoxdur.

Çeçenistan Rusiyanın dotasiyadan ən çox asılı regionlarından biridir.

Rusiyanın Maliyyə Nazirliyi 2017-ci ildə Çeçenistana ayrılan maliyyəni azaltmaq istəsə də, Kadyrov bu planlara qarşı çıxıb.

«Əgər büdcənin kəsilməsi praktikası bundan sonra da davam etsə, respublika inkişaf edə bilməyəcək. Üzərimizə götürdüyümüz sosial öhdəlikləri yerinə yetirə bilməyəcəyik», – deyə o qeyd edib.

Lev Kuznetsov
Lev Kuznetsov

RUSİYA HÖKUMƏTİNİN ƏN VARLI ŞƏXSİ

Daha öncə Rusiya Federasiyasının mərkəzi hökumətinin nümayəndələri də öz gəlir bəyannamələrini dərc etmişdilər. Aprelin 14-də Kremlin rəsmi saytında açıqlanmış həmin məlumatlara görə, dövlətin birinci şəxsləri - prezident Vladimir Putin və baş nazir Dmitry Medvedev-in gəlirləri 2016-cı ildə uyğun olaraq 8.86 milyon (156.5 min dollar) və 8.6 milyon rubl (152 min dollar) olub. Bəyannamələrə görə, onların gəlirləri əvvəlki ilə nisbətən uyğun şəkildə 33 min (583 dollar) və 180 min rubl (3200 dollar) azalıb.

2016-cı ilin yekunlarına görə, Rusiya hökumətində ən varlı şəxs Şimali Qafqaz məsələləri üzrə nazir Lev Kuznetsov-dur. Onun gəlirləri əvvəlki ilə nisbətən 10 dəfədən çox artaraq 47.8 milyon rubldan (844 min dollar) 528.1 milyon rubla (932.3 milyon dollar) çatıb. Bəyannaməyə əsasən, onun Rusiya ərazisində 10 torpaq sahəsi, Fransada yaşayış evi, dörd qarajı və torpaq sahəsi var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG