Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:32

'Jiquli'də dünyanı gəzən iki çex


Petr Javurek və Filip Vogl

İki çexiyalı kişi mavi VAZ-2101 avtomobilində 30 ölkəni gəzərək 56 min kilometr yol qət edib. Biri avtomexanik, digəri isə texniki universitetin aspirantı olan səyahətçiləri ən çox Orta Asiya ölkələri təəccübləndirib. Onlar Latın Amerikasında öz maşınlarında iki dəfə avtomobil qəzasına düşüblər. Rusiyaya gəlincə, orada gecə qalmağa yer tapmaq hər yerdəkindən çətin olub: polis onları hər yerdən qovurmuş.

Filip VogelPetr Javurek bu qərarı dostları ilə mərcə girdikdən sonra veriblər.

«Səhər polis bizi oyadırdı»

«Biz Çexiyadan Moskvaya gələndə bizə dəli kimi baxırdılar. Çox adam bizə həlak olacağımızı, maşınımızınsa dağılacağını deyirdi. Ancaq hər şey ötüşdü», – F.Vogel deyir.

Çex səyahətçilər öz sədaqətli maşınlarını nəvazişlə «jiqulik» adlandırırlar. Onların sovet avtomobil sənayesinin məhsulu olan bu maşını seçməsi təsadüf deyil. Bu, səyahət üçün ən ucuz vasitədir. Onun hər hansı hissəsi sıradan çıxsa, ehtiyat hissələrini dünyanın ən ucqar yerlərində belə həm asanlıqla, həm də çox ucuz qiymətə tapmaq mümkündür.

Dostları bu səyahətdə heç bir sponsor dəstəkləməyib. Bu səbəbdən onlar bütün səyahət zamanı hər şeydə pula qənaət etməli olublar.

«Biz, əsasən, çadırda gecələyirdik. Məsələn, Sibirdə kempinq üçün yer tapmaq çox çətin idi. Biz, əsasən, Transsibir magistralı boyu ərazilərdə gecələyirdik. Atılmış fabriklərin yaxınlığında gecələməyə məcbur olurduq, səhərsə bizi polis oyadırdı», – P.Javurek deyir.

Səyahətçilər onları ən çox Orta Asiyanın təəccübləndirdiyini deyirlər. Buralar onlarda o qədər dərin təəssürat buraxıb ki, dostlar tezliklə Pamirə dönməyi planlayırlar.

«Polislər yerindəcə...»

«Tacikistanda Pamir dağ sistemindən keçən yol ən gözəl, ancaq həm də ən çətin yol idi. Hava sarıdan bəxtimiz o qədər də gətirmədi. Yüksək rütubətlilik səbəbindən elektron cihazlarımız davamlı sıradan çıxırdı», – F.Vogel xatırlayır.

Bundan başqa, çex səyahətçilərin Asiyada polis və yerli hökumət nümayəndələri ilə problemləri çıxıb. Qırğızıstanın cənubunda yol polisi onları Avropada öyrəşdikləri kimi, gündüz yanılı işıqlarla hərəkət etdiklərinə görə cərimələyib. Dostlar maşının işıqlarını söndürüblər. Ancaq sonradan ölkənin şimalında polis onları yenidən cərimələyib – bu dəfə avtomobili işıqları sönülü idarə etdiklərinə görə.

«Bizi hətta maşının üzərindəki stikerlərə görə də cərimələmək istəyirdilər. Bizdə belə bir təsəvvür yarandı ki, yerli polislər yerindəcə özlərindən məhdudiyyətlər düşünüb tapırdılar», – F.Vogel deyir.

Xoşbəxtlikdən, bu ekspedisiyada çoxlu gözəl təəssüratlar da olub.

«Həyatımızda ilk dəfə pelmeni və borşun dadına baxdıq. Tacikistan və Qırğızıstanda bizi südlü və ərinmiş kərə yağlı qeyri-adi çaya qonaq edirdilər», – deyə Vogel xatırlayır.

«Ondan başqa, biz ilk dəfə qarğıdalı sıyığı yedik. Dadlı idi», – P.Javurek əlavə edir.

Qiymət öldürmək bacarığı

Ancaq bir dəfə səyahətçilərin işi həqiqətən çətinə düşüb.

«Maşınımızı Vladivostokdan bərəylə ABŞ-a keçirəndə məlum oldu ki, bizə yardım edən rusiyalı broker bir mühüm sənədi Amerikaya göndərməyib. Bizə çox böyük cərimə yazdılar və biz buna görə səyahətimizə son verməli idik», – deyə F.Vogel xatırlayır.

Ancaq bu vəziyyətdə çex səyahətçilərə Asiyada səyahət zamanı öyrəndikləri sövdələşmək, qiymət öldürmək bacarığı kömək edib. Hökumət nümayəndələri iki çexin «Jiquli» ilə dünya səyahətinə çıxdığını eşidəndə onların bütün cərimələrini bağışlayıb.

Səyahətçilər Polşada gözlənilməz aprel qarına düşüb, Moskvada özlərinin fan-klubu ilə görüşüb, Asiya qonaqpərvərliyini canlı, öz təcrübələrində yaşayıb, Latın Amerikasında iki avtomobil qəzası ilə üzləşib, Boliviyada «Ölüm yolu» ilə hərəkət ediblər... Bütün bu macəraların ardınca, 10 aydan sonra mavi «jiqulik» doğma çex kəndinə dönüb. Ancaq bu, çox çəkməyib.

«Tezliklə «jiqulik»i yenidən Rusiyaya səfər gözləyir. Yəqin ki, orada biz onu Tolyattidəki AvtoVAZ muzeyinə verəcəyik. Bu, çox rəmzi olacaq», – deyə Vogel nəvazişlə sadiq maşını sığallayır.

XS
SM
MD
LG