Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:20

Demokratlar Kushner-dən açıqlama istəyir


Jared Kushner
Jared Kushner

ABŞ demokratları prezidentin kürəkəni Jared Kushner-in Rusiyayla gizli kommunikasiya yaratmağa cəhd göstərməsi iddiaları barədə bilgi verməsini istəyir. İddialara görə, hazırda Ağ evdə müşavir kimi çalışan Kushner prezident Donald Trump-ın inauqurasiyasından öncə Rusiyayla gizli kommunikasiya kanalı yaratmağı təklif edib.

Nümayəndələr Palatasının Kaliforniyadan olan Demokrat üzvü Adam Schiff mayın 28-də deyib ki, Trump-ın keçid komandasının üzvünün seçkiyə müdaxilədə ittiham olunan ölkəylə gizli əlaqə yaratmağa çalışması «çox narahatedicidir». Schiff palatanın kəşfiyyat komitəsinin üzvüdür.

Bəzi demokratlar Kushner-in milli təhlükəsizlik sisteminə çıxışının ləğvini istəyiblər.

İddialar haqda ilk dəfə «The New York Times» və «The Washington Post» qəzetləri yazıblar. Sonradan digər media orqanları da məsələni manşetə çıxarıblar.

«UYDURULMUŞ YALANLAR»

Prezident Donald Trump Twitter-də yazıb ki, administrasiya barədə sızan bütün məlumatlar «uydurulmuş yalanlar»dır.

«Fikrimcə, Ağ evdən bütün informasiya sızmaları #FakeNews mediasının uydurduğu yalanlardır», – o yazıb.

Donald Trump
Donald Trump

«Saxta xəbər mediasında «mənbələr deyir» sözlərini görürsünüzsə və ad çəkmirlərsə, bilin ki, həmin mənbələr mövcud deyil və saxta xəbər yazarları tərəfindən uydurulur. #FakeNews (#SaxtaXəbər) media düşməndir», – Trump vurğulayıb.

Məlumatlara görə, mayın 28-də Trump Ağ evdə Rusiyayla bağlı məsələlərə görə vəkillərlə danışıb. Bütün bu qalmaqala cavab vermək üçün «mübarizə otağı»nın yaradılacağının mümkünlüyü vurğulanır.

Bildirilir ki, bu komandaya elə Kushner-in özü, prezidentin baş müşaviri Steve Bannon və Ağ ev aparatının rəhbəri Reince Priebus rəhbərlik edəcək.

Demokrat A.Schiff hökuməti məsələnin «dibinədək» getməyə çağırıb. Onun sözlərinə görə, Kushner-in təhlükəsizlik sisteminə çıxışının saxlanmasından ötrü onun nə dərəcədə etibarlı olması araşdırılmalıdır.

«Belə deyilsə, bu çıxışı saxlamaq olmaz», – Schiff deyib.

İKİ TENDENSİYA

ABŞ mediasının yazdığına görə, Kushner dekabrda Rusiya səfiri Sergei Kislyak-la görüşündə Kremllə Trump-ın keçid komandası arasında gizli kommunikasiya kanalının yaradılmasını təklif edib.

Ağ ev bircə belə bir görüşün baş verdiyini təsdiqləyib.

Nyu-Cersi ştatından Demokrat senator, Xarici əlaqələr komitəsinin üzvü Cory Booker də iddiaları «ciddi» adlandırıb, hərtərəfli araşdırma aparmağa çağırıb:

«O, həmin vaxt nə baş verdiyiylə bağlı sualları cavablandırmalıdır. Məni əndişələndirən gördüyümüz tendensiyadır. Birincisi budur ki, bu administrasiya dəyərlərdən danışmır, avtoritar liderlərə yaltaqlanır. Digər tendensiya rusiyalılarla yersiz kontaktlardır».

Kushner-in vəkilləri isə onun təhqiqatçılara xarici əlaqələri, Trump-ın kampaniyasındakı işi barədə danışmağa hazır olduğunu bildiriblər.

XS
SM
MD
LG