Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:02

FBI rəhbəri cəzalandırılacaq


Barack Obama və James Comey
Barack Obama və James Comey

Britaniyanın «The Daily Mail» qəzeti Federal Tədqiqatlar Bürosunun (FBI) direktoru James Comey-nin seçkidən sonra işdən qovulacağını yazır. Qəzetin Ağ evdəki mənbədən aldığı məlumata görə, prezident Obama müşaviri Valerie Jarrett-lə uzun-uzadı müzakirələrdən sonra bu qərarı verib. Prezidenti qəzəbləndirən FBI direktorunun Clinton-un e-mail-ləri ilə bağlı araşdırmanı yeniləməsi olub.

Oktyabrın sonu J.Comey demokratların namizədi Hillary Clinton-un dövlət katibi olduğu zamanlarda şəxsi e-mail-indən dövlət əhəmiyyətli yazışmalarda istifadəsiylə bağlı araşdırma aparıldığını elan etmişdi. Onun bu açıqlaması Clinton-u sorğularda rəqibi Donald Trump-dan geri salmış, seçki kampaniyasının istiqamətini gözlənilmədən dəyişmişdi.

PREZİDENTİ İNANDIRIBLAR

Seçkiyə cəmi 2 gün qalmış J.Comey araşdırmanın başa çatdığını, Clinton-a cinayət işi açılmayacağını bəyan etdi.

Buna baxmayaraq, Obama administrasiyası FBI direktorunu cəzalandırmaq qərarına gəlib. «The Daily Mail»in yazdığına görə, B.Obama öncə J.Comey-yə qarşı sərt addım atmaq niyyətində olmayıb, çünki ədalətə əngəl olmaqda suçlanmaqdan çəkinib. Amma baş müşaviri Valerie Jarrett-in davamlı təkidlərindən sonra prezident qərarını verib.

Ağ evdəki mənbənin bildirməsinə görə, V.Jarrett prezidenti inandırıb ki, seçki kampaniyasına düşünülməmiş və yersiz müdaxilə edən FBI direktorunu cəzalandırmaq onun səlahiyyətlərinə daxildir. V.Jarrett bildirib ki, Konqresdə prezidentin bu qərarını hər iki tərəf dəstəkləyəcək, çünki J.Comey-nin açıqlaması həm respublikaçılara, həm də demokratlara mənfi təsir edib. Ağ evin hüquq məsləhətçisi də V.Jarrett-lə razılaşandan sonra B.Obama müşavirlərinə FBI direktorunun işdən azad olunması planının hazırlanması barədə göstəriş verib.

James Comey
James Comey

Baltanı kimin və nə vaxt vuracağı hələ bəlli deyil. Yəni, bu təşəbbüslə prezidentin, ya baş prokuror Loretta Lynch-in, ya da başqa birinin çıxış edəcəyi barədə bilgi yoxdur. Bəlli olan yalnız J.Comey-nin seçki prosesi başa çatanadək vəzifəsində saxlanacağıdır.

İSTEFASINI İSTƏYİRLƏR

FBI-dakı mənbələr isə J.Comey-nin prezidentdən öncə hərəkət edəcəyini deyirlər. Bu mənbələr bildirirlər ki, FBI-ın daxilində də direktorun təşkilatın imicinə zərbə vurduğunu və heyətin etimadını itirdiyini düşünənlər çoxdur. «J.Comey agentləri üzərində nüfuzunu itirib və müavinlərinin getdikcə daha çoxu onun istefasını tələb edir», - məqalədə deyilir.

Ədliyyə Departamentinin təqaüdə çıxmış rəsmilərindən biri qəzetə müsahibəsində departament və FBI-dakı dostlarıyla görüşlərdə onların da J.Comey-yə münasibətinin dəyişdiyini hiss etdiyini danışıb. «Onlar hamısı deyirlər ki, Comey-nin bu mənasız qərarı—Clinton-un işini boş yerə qurcalaması, sonra da müavinləri ilə məsləhətləşmədən bağlaması hüquq-mühafizə orqanları işçilərini və ittihamçıları həm təəccübləndirib, həm də əndişələndirib».

«The Daily Mail» Ağ evin məsələyə münasibətini öyrənmək istəyəndə, sözçü deyilənləri araşdıracağını bildirib.

XS
SM
MD
LG