Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

4 iyun çevrilişi olmaya bilərdimi?


4 iyun qiyamı təkrarlana bilərmi?
Gözlə

No media source currently available

0:00 0:13:58 0:00

Azərbaycanda hakimiyyətin devrilməsi ilə nəticələnmiş 4 iyun Gəncə hadisələrindən 25 il ötür. 1993-cü ilin bu günlərində hələ yenicə qurulmaqda olan Azərbaycan ordusunun hərbi hissələrindən biri - polkovnik Sürət Hüseynovun rəhbərliyi ilə hökumətə tabe olmayıb hakimiyyət qüvvələri ilə qarşıdurmaya getdi. Hadisələr sonda hakimiyyətin dəyişməsi ilə nəticələndi.

Bu hadisələri təhlil edənlərin ən çox səsləndirdikləri fikirlərdən biri də Azərbaycanın o zamankı hakimiyyətiniistəməyən yaxın qonşularının Gəncə hadisələrini təşkil etməsidir.

Bəs, Azərbaycana yenə də 4 iyun hadisələrinə bənzər müdaxilələr mümkündürmü. Son 25 ildə Azərbaycan dövləti özünü bu cür təhdidlərdən qorumaq qədər güclənə bilibmi?

Gəncə hadisələri dövründə Azərbaycanın ikinci şəxsi - parlamentin sədri olmuş İsa Qəmbər o zaman baş verənləri Azərbaycanın müstəqilliyinə qarşı Rusiyanın əməli sayır. Deyir ki, Azərbaycana hələ də bu cür təhdidlər var:

"Çünki 4 iyun hadisəsi sadəcə hakimiyyət uğrunda mübarizə deyildi. Daxili vətəndaş qarşıdurması faktı deyildi, ilk növbədə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinə qarşı rəsmi Moskva siyasətinin yaratdığı hadisə idi. Bu problem hələ də qalır. Azərbaycanda müstəqilliyin, cümhuriyyətin dəyərini bilməyən, Moskvanın və digər qüvvələrinin dediyi ilə oturub, duran bir hakimiyyət var".

Hakim Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü Ağabəy Əsgərov isə düşünür ki, 4 iyun hadisələri o zamankı hakimiyyətin zəifliyi ucbatından baş verib. Onun fikirincə, indiki hakimiyyət dönəmində belə hadisələr bir daha təkrar oluna bilməz:

"4 iyun hadisələrindən sonra da bir neçə dəfə belə cəhdlər oldu. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında amma ulu ödərimiz Heydər Əliyevin rəhbərliyi altında bu təhdidlərin hamısının qarşısı alındı. Sonrakı dövrlərdə - 2003-ci ilin oktyabrında dövlət çevrilişi, 2005-ci ildə də bu cür təhdidlərin qarşısı cənab prezident İlham Əliyev tərəfindən alındı. Ümumiyyətlə, Azərbaycan dövləti son 25 ildə günü-gündən möhkəmlənən və inkişaf edən bir dövlətdir. Yəni, bizdə belə bir şey mümkün deyil artıq".

Ağabəy Əsgərov əlavə edir ki, Azərbaycan dövləti hətta xarici təsirlərin qarşısını almağa tam hazırdır. O, buna örnək kimi 2016-cı ilin aprelində Azərbaycan-erməni qüvvələrinin təmas xəttində bir neçə gün davam edən hərbi toqquşmanı göstərir.

1993-cü ildə millət vəkili olmuş, Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovsa düşünür ki, istənilən dövlət istənilən an öz müstəqilliyinə qarşı təhdidlərlə üz-üzədir. Onun fikrincə, Azərbaycan üçün daxili təhdidlər azalsa da, xaricdən təsirlər qalır:

"O vaxtkı 4 iyun hadisələri bir hərbi hissənin tabelikdən çıxması ilə başladı. Amma bu hadisələrə qarşı istifadə olunan metodlar da qanuna uyğun olmayıb. Bundan da sui istifadə edənlər oldu. Amma o dövrə nisbətən indi tabelikdən çıxma, silahlı qüvvələrdən hökumətin qanunsuz istifadə etməsi və s daha çətindir. Çünki bütün nəzərdə tutulmayan halların hamısı qanuna əlavə edilib. Qiyam və ya dövlət çevrilişinin qarşısını almaq üçün qanunlar sərtləşdirilib. Ancaq risk bütün dövlətlərdə həmişə var, həmişə də olacaq".

Bu hadisələrdən sonra o vaxtkı prezident Əbülfəz Elçibəy Bakını tərk etmiş, o zaman Naxçıvanda Ali Sovetin sədri olan Heydər Əliyev Bakıya çağırılmışdı. Hələ də bu hadisənin kimlər tərəfindən təşkil edilməsi üstündə birmənalı fikir yoxdur. Amma indi bir sual düşündürür ki, bu hadisələr yenidən təkrarlana bilərmi? Siyasi şərhçi Şahin Hacıyev bildirir ki, bu cür təhdidlər hər zaman qalır, heç bir dövlət bu cür hadisələrdən sığortalanmayıb:

"4 iyunun hadisələrinin əsas səbəbi müharibə idi. Müharibə dövründə müxtəlif qüvvələrin çəkişməsi, bundan da daha önəmli geosiyasi amillər vardı. Burda kənar müdaxiləsi vardı. Əlavə 3-cü qüvvə konkret olaraq, Rusiya bu hadisələrdə maraqlı olub".

Şahin Hacıyev ötən 25 ildə baş verənlərə nəzər salıb gəldiyi qənaət odur ki, Azərbaycan dövlət kimi 1993-cü illə müqayisədə xeyli güclənib. Amma həm Rusiya amili, həm də Dağlıq Qarabağ münaqişəsini nəzərə alanda düşünür ki, risklər hələ də qalır.

Bəs, Bakı sakinləri Azerbaycandakı proseslərə böyük güclərdən hansıların təsir imkanını daha çox görürlər? Ümumiyyətlə, belə bir təsir görürlərmi? Bakıda keçirdiyimiz qısa sorğunu izləyək.

Sizcə, Azərbaycandakı proseslərə böyük güclərdən hansıların təsir imkanı daha çoxdur?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Azərbaycan hakimiyyəti isə bəyan edir ki, öz balanslı siyasəti ilə nəinki Azərbaycanda, hətta regionda sabitliyi qoruya biliyib. Fəxrlə Azərbaycanı bütün dünya üçün sabitlik örnəyi göstərir. Amma hakimiyyətin tənqidçiləri hesab edirlər ki, Azərbaycan, özəlliklə, Rusiyanın təsiri altındadır. Elə bu verilişdə söhbətləşdiyimiz müsahiblərin də əksəriyyəti vurğulayırlar ki, hökumət müstəqil siyasət yürütmək istəsə, Rusiyanın maraqlarına qarşı çıxarsa, 1993-cü ilin hadisələrinə bənzər təzyiqlərlə üzləşə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG