Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 14:29

Azərbaycan kəmərini İtaliyanın zeytunluqlarından keçməyə qoyacaqlarmı?


Kəmər tikintisi.

Azərbaycan qazını Avropaya çıxarmalı olan Trans-Adriatik qaz kəməri layihəsi (TAP) İtaliyada «ilişib». Kəmər İtaliyanın Apuliya vilayətindəki qədim zeytun bağları və əl dəyməmiş çimərliklərindən keçir. Bu gəzib-görməli yerlərsə İtaliyanın turizm sənayesindən ötrü xüsusi əhəmiyyət daşıyır. Bu da təbiətsevərlərin, yerli təbiəti mühafizə təşkilatlarının ciddi etirazına səbəb olub. «EurasiaNet» saytının bu haqda yazısını «The Value Walk» xəbər saytı da nəşr edib.

2 MİN ZEYTUN AĞACI

Azərbaycanın, eləcə də Rusiyadan enerji asılılığından qurtarmağa çalışan Avropanın çox böyük ümidlərlə gerçəkləşdirməyə başladığı TAP hazırda tikilməkdədir. Layihənin bir hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir və tikintidən öncə bank layihənin sosioloji, eləcə də ətraf mühitə təsirini dəyərləndirən xüsusi hesabat istəyib.

Saytın yazdığına görə, İtaliya hökuməti layihənin zərərinin minimuma endirilməsini nəzərdə tutan 50-dən çox tələbin yerinə yetirilməsiylə bağlı sənəd hazırlayıb. İtaliyanın İqtisadi İnkişaf Nazirliyi sənədi, hökumət isə layihəni təsdiqləyib. Amma yerli rəsmilər, o cümlədən Apuliya vilayətinin qubernatoru və kəmərin torpağa çıxacağı yerin – Melendunyonun meri mərkəzi hökumətin qərarıyla razılaşmır.

Buna da bax-'ABŞ monopoliyanın əleyhinədir'

Məsələ burasındadır ki, plana görə, kəmər tikiləndə onun yolu üstündəki zeytun bağı müvəqqəti başqa yerə köçürülməli, tikinti başa çatdıqdan sonra yerinə qaytarılmalıdır. Amma bağdakı ağaclardan bəzilərinin minillik tarixi olduğunu deyən ətraf mühit fəalları ağacların köçürülməsinin incə əməliyyat olduğunu, bu işin layiqincə yerinə yetiriləcəyinə inanmadıqlarını deyirlər. Bağda 2 minə yaxın zeytun ağacı var.

«QARŞILARINA ORDUYLA ÇIXARIQ»

Kəmərin bir hissəsinin Adriatik dənizindən San- Bazilio çimərliyinə çıxması da fəalları narahat edir.

Sayt dekabrda keçirilən referendumun İtaliyada yerli idarələrin səlahiyyətlərini artırdığını, beləliklə, kəmərin əleyhinə çıxan təbiətsevərlərin üstünlük qazandığını qeyd edir.

Üstəlik, İtaliyanın «5 ulduz» populist hərəkatı da kəmərin əleyhinədir. «Apuliyanın harasındasa kəmər tikməyə gələnlər orduyla gəlsələr, qarşılarına orduyla çıxacağıq». Bunu hərəkatın lideri Beppe Grillo 2014-cü ildə deyib.

İtaliyada zeytun plantasiyaları.
İtaliyada zeytun plantasiyaları.

İtaliyada ətraf mühiti mühafizə təşkilatı «Re:Common»dan Elena Gerebizza isə «EurasiaNet»ə müsahibəsində kəmərə müqavimətin ekspertlərin rəyinə əsaslandığını, texniki problemlərin həllini tapmadığını, siyasi razılığın olmadığını, ona görə də layihənin irəli getmədiyini söyləyib.

BİR NEÇƏ YÜZ AĞACA ÜSTÜNLÜK VERMƏK...

Meledunyo şəhərinin meri Marco Poti isə deyib ki, onlar əvvəl TAP-a etiraz etmirlərmiş, ancaq sonra –– düzgün texnikadan istifadə edilmədiyini, layihənin onların ərazisinə uyğun olmadığını, yararsızlığını biləndə əməkdaşlığı dayandırıblar.

Azərbaycan rəsmilərinin cavabının İtaliya müxalifətini razı salacağı gözlənmir. Kəmərə çalışan və adının açıqlanmasını istəməyən bir Azərbaycan rəsmisi sayta müsahibəsində bunun siyasi məsələ olduğunu deyib: «Bir neçə yüz ağacın ölkəyə böyük mənfəət gətirən layihədən üstün tutulması inandırıcı deyil».

Buna da bax-'Türk axını' Azərbaycan layihələrini dəfn edə bilərmi?

Sayt Azərbaycanın, eləcə də Qərbin bu məsələdə Rusiyadan şübhələndiyini, Azərbaycan və ABŞ rəsmilərinin Rusiyanın əleyhinə fikirlər səsləndirdiyini qeyd edir. Məsələn, 2014-cü ildə NATO-nun ozamankı baş katibi Anders Fogh Rasmussen deyibmiş ki, Rusiya ətraf mühit fəalları vasitəsilə yalan informasiya yayaraq, layihəyə mane olmağa, Avropanın Rusiyadan asılılığını saxlamağa çalışır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə TAP əleyhinə təbliğatın Rusiyanın məqsədlərinə xidmət etdiyini söyləyib.

NATİQ ƏLİYEV KÖMƏK İSTƏYİB

Bu yaxınlarda Azərbaycan hökuməti İtaliya müxalifətinə üstün gəlməkdən ötrü ABŞ-dan yardım istəyib. Dekabrda ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun nümayəndəsi William Silkworth Bakıya gələndə energetika naziri Natiq Əliyev ondan TAP-la bağlı siyasi dəstəklərini bildirmələrini xahiş edib.

Ancaq müxalifətçilərin etirazlarının əsaslı olduğu sübut edilsə belə, TAP-ın tikintisi yəqin ki, dayandırılmayacaq, sadəcə, marşrut dəyişdiriləcək. Avropada enerji siyasəti üzrə analitik Madalina Vicari «EurasiaNet»ə müsahibəsində bunu gözləmədiyini vurğulayıb.

Yerli fəallar TAP-ın marşrutunun dəyişdirilməsi – 50 km şimaldan çəkilməsiylə bağlı təkliflərini irəli sürüblər. Amma rəsmilər, hələ ki, bu təklifə razılıq vermir.

«EurasiaNet» TAP-ın təkcə İtaliyada deyil, Yunanıstan və Albaniyada da etirazlara səbəb olduğunu qeyd edir.

XS
SM
MD
LG