Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Bir çox mədəniyyətlərdə itin quyruğunu qısması yaxşı əlamət sayılmır. Bu, xüsusilə də hürməyən itin kimisə dişləməyə hazırlaşmasından və ya onun qorxmasından xəbər verir. Bəlkə elə dişləmək niyyəti də qorxu ilə əlaqədardır.

Azərbaycan ədəbiyyatında itin quyruğunu qısmasını təsvir edən bir çox nümaunələr var:

Haf-haf gəldi, zingildədi;
Quyruğunu qısıb dedi:
– Sənin xallı küçüyünəm;
Burnu qıllı küçüyünəm.

M.Dilbazi

Yazıq it quyruğunu böyrünə qısıb, vəngildəyə-vəngildəyə qaçar, yainki iri qara ağzını açıb Murada hürərdi.

Abdulla Şaiq, 1910

İt də durdu. Quyruğunu qısıb yazıq-yazıq boylandı.

İsmayıl Şıxlı, “Ölən dünyam”

İngilislərdə isə belə bir inam var ki, it nə isə bir təqsiri olanda quyruğunu qısıb ayaqları arasında saxlayır.

Nyu Yorkdakı John Jay kollecində aparılmış bir təcrübə göstərib ki, itlər həqiqətən də nə isə düzgün olmayan iş gördüklərinin fərqində olurlar və quyruqlarını qısmaqla üzrxahlıq edirlər. Bu zaman onlar həm də başlarını aşağı salırlar.

İt davranışı eksperti Nathan Lentsin fikrincə itlər quyruqlarını qısmaqla sahiblərinə sadiq olduqlarını ifadə edirlər.

Ekpsert deyir ki, itin belə “qanacaqlı” hərəkətinin kökü gedib onun əcdadları olan canavarlara çıxır. Beləki, canavarlar “harmoniyalı tabeçilyin əsiridirlər” və dəstənin onları təcrid etməsi və ya onlara məhəl qoymaması bu heyvanlar üçün son dərəcə ağrılıdır.

İt başını aşağı salmaqla sahibinə sanki onun daha qüdrətli olduğunu xatırladır və bir kiçik kimi üzr istəyir.

Nyu Yorkdakı John Jay kollecinin molekulyar biologiya professoru Lents bu barədə Psychology Today internet jurnalında yazıb.

O deyir ki, itlərin belə davranışı “olduqca maraqlı fenomendir” və onun kökü it-insan münasibətlərinin təşəkkül tapdığı vaxtlardan da qədimlərə gedib çıxır.

Heyvan davranışlarına dair kitabın müəllifi bildirir ki, burada məsələ bizim təsəvvür etdiyimizdən də qəlizdir.

Itlərin bəzi "xasiyyətləri" canavar əcdadlarından qalıb
Itlərin bəzi "xasiyyətləri" canavar əcdadlarından qalıb

Professor Lents yazır: "İtlər bu davranışlarını irsən alıblar və ondan cəzalanmaya qarşı müdafiə kimi istifadə edirlər”.

"Bütün sosial heyvanlar qrup daxilində inteqrasiyadan asılıdırlar və təcridolunma onlar üçün son dərəcə təhlükəlidir” – yazır alim.

Professor Lents bildirir ki, balaca canavar küçükləri dəstə qarşısında üzr istəmək pozasını doğulandan öyrənməyə başlayırlar.

Canavar küçüyü oyun vaxtı qardaş və bacılarını bilməyərəkdən bərk dişlədikdə, özü dəstəyə yaxınlaşaraq başını yerə dikir.

İtlər də eyni hərəkəti öz sahibləri qarşısında etməklə üzr istəyir, ən azı daha yüngül cəzalandırılmaq arzusunda olurlar.

Professor Lents yazır: “Belə hallarda itlər başlarını aşağı salır, dişlərini ağartmağı dayandırır, göz kontaktından yayınır və sözün əsl mənasında quyruqlarını qısırlar”.

Bu nə deməkdir? Canavar və ya it üzr istəyirlər, yoxsa itaətkarlıq bildirirlər?

Professor deyir ki, “hər ikisi”. Belə davranış müxtəlif situasiyalarda müxtəlif cür “tərcümə” olunmalıdır.

Professor Lents əlavə edir ki, insanlarda vəziyyət bir az başqa cürdür:

“Biz üzr istəyəndə kiməsə tabeçilik göstərmirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG