Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

İsveçrədə bazar günü şüşəni zibilliyə atmırlar


Zibil biri 1.5 avroya satılan xüsusi ağ paketlərdə atılmalıdır.
Zibil biri 1.5 avroya satılan xüsusi ağ paketlərdə atılmalıdır.

İsveçrədə məişət tullantılarından qızıl və enerji əldə edirlər. Bu ölkədə bazar günü zibil qabına şüşə atmaq olmaz. İsveçrədə iri zibilxanalar da yoxdur.

Sürix şəhərinin tullantıların emalı idarəsinin əməkdaşı Daniel Eberhard CurrentTime.TV-nin müxbirinə bu işin sirlərindən danışıb. Onun sözlərinə görə, Sürixdə məişət tullantılarının 43%-i təkrar emala gedir. Bura şüşə, kağız, karton, metal və s. daxildir.

MADDİ STİMUL

Eberhard deyir ki, 90-cı illərin əvvəllərinədək İsveçrədə zibilin qruplaşdırılması könüllü iş idi. Hazırda isə hər bir vətəndaşın öz tullantılarını qruplara ayırmaq üçün maddi stimulu var.

«Karton, metal, şüşə kimi tullantıları uyğun küçə konteynerlərinə yerləşdirə bilərsiniz. Şəhərdə belə konteynerlərin olduğu xüsusi yerlərin sayı 160-a çatır. Qalan tullantılarsa biri 1.5 avroya satılan xüsusi ağ paketlərdə atılmalıdır. Yəni zibilinizi nə qədər yaxşı qruplaşdırsanız, belə paketlərdən sizə bir o qədər az lazım olacaq və daha az pul xərcləyəcəksiniz. Bu sistem tətbiq olunan kimi təkrar emala göndərilən tullantıların faizi dəfələrlə artıb», – Eberhard deyir.

Mütəxəssisin sözlərinə görə, zibilin yerdə qalan 57%-i yandırılır. Sürixin ətrafında yerləşən Hagenholts zavodunda ildə 250 min ton zibil yandırılır. Zibilin yandırılmasından əldə edilən enerji isə 170 min evin qızdırılmasına sərf olunur.

Ancaq zibildən təkcə enerji alınmır. Zibilin yandırılmasından sonra qalan küldən onlarla ton alüminium, polad və hətta qiymətli metallar, məsələn, qızıl əldə olunur.

«Kül şəhərin yaxınlığında yerləşən xüsusi yerə köçürülür. Burada ondan metallar əldə edilir. Bu texnologiyadan son iki ildə istifadə olunmağa başlayıb və o, İsveçrə üçün unikaldır», – o deyir.

Daniel Eberhard
Daniel Eberhard

HAVAYA BURAXILAN TÜSTÜ TƏR-TƏMİZDİR

Eberhard -ın sözlərinə görə, zibil yandırılarkən havaya buraxılan tüstü tər-təmizdir:

«Mövcud qanunlara görə, biz bu tüstünü maksimum effektiv üsulla təmizləməyə məcburuq. Onun insanlara, heyvanlara və ətraf mühitə hər hansı bir ziyanı yoxdur. Bütün turşular çox mürəkkəb proses nəticəsində filtrlənir».

Eberhard zibili qaydalarla müəyyən olunmuş paketlərdə yox, adi paketlərdə atmaqdan da danışıb:

«Birincisi, bu, digər insanlara qarşı ədalətsizlikdir. Axı, onlar pullu paketlərdən istifadə edirlər. İkincisi isə, zibilin qanunsuz atılmasına nəzarət edən xidmət var. Konteynerdə pulu ödənməmiş hər hansı zibil tapılarsa, həmin xidmət onu atanı tapmağa çalışacaq. Bu işi törədəni birinci dəfə sadəcə bilgiləndirəcəklər. İzah edəcəklər ki, belə etmək olmaz. Həmin şəxs yenidən belə edərsə, onda polisə müraciət edə bilərlər. Polisinsə qayda pozuntusuna görə cərimə yazmağa ixtiyarı var».

ÖLKƏDƏ İRİ ZİBİLLİK YOXDUR

Eberhard deyir ki, İsveçrədə hökumətin zibili yığıb saxlamaq əvəzinə yandırmasını vacib edən qanunlar mövcuddur. Sürix kantonunda bütün məişət tullantılarını emal edərək enerjiyə çevirən beş zavod var. Qanuna görə, zibili sahəyə aparıb yerə basdırmaq sadəcə qadağandır. Buna görə bu ölkədə iri zibilliklər yoxdur.

Zibil emalı zavodu
Zibil emalı zavodu

«Nə zamansa, ötən əsrin 50-ci illərinədək olub. O zaman hələ bu qadağan deyildi. Sürixdəki zavod 70-ci illərdə işləməyə başlayıb», – o deyir.

Eberhard-ın sözlərinə görə, İsveçrədə zibilin sortlaşdırılması işi insanlara uşaqlıqdan aşılanır. Məktəblilər də daxil olmaqla, minlərlə insan zibil emalı zavoduna ekskursiyaya aparılır. Burada onlar gündəlik həyatda yaratdığımız zibildən qurtulmaq üçün nə qədər əmək sərf edildiyini və zibili bir-birindən ayırmağın nə qədər vacib olduğunu öz gözləri ilə görürlər.

Sürix küçələrindəki şüşə konteynerlərinin üzərində yazılıb ki, bura zibili ancaq axşam saat 8-dək atmaq olar, həftəsonu və qeyri-iş günlərində isə bu, ümumiyyətlə qadağandır. Eberhard-ın sözlərinə görə, şüşə konteynerə atılan zaman səs yaradır. Həmin konteynerin yaxınlığında yaşayan insanları qoruyan xüsusi səs qaydaları olduğuna görə müəyyən saatdan sonra və istirahət günləri şüşə və metal tullantıları atmaq qadağandır.

«Əlbəttə ki, əhalinin mütləq çoxluğu bu qaydalara əməl edir. Bu, mədəniyyətin bir hissəsidir. Bu, başqalarına, yanınızda yaşayan insanlara göstərdiyiniz sayqıdır», – o deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG