Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

İsrailli general: 'İsrail İranın öhdəsindən tək gələ bilməz'


ABŞ-ın İsraildəki səfiri Dan Shapiro, İsrail müdafiə qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini, general-mayor Yair Golan, ABŞ generalı William Garrett
ABŞ-ın İsraildəki səfiri Dan Shapiro, İsrail müdafiə qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini, general-mayor Yair Golan, ABŞ generalı William Garrett

İsrail İran İslam Respublikası ilə birbaşa toqquşmaya hazır olmalıdır.

Bunu ötən cümə günü, sentyabrın 8-də Yaxın Şərq Siyasəti üzrə Washington İnstitutunda çıxışı zamanı İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah Rəisinin keçmiş müavini, general-mayor Yair Golan deyib.

“İran təhlükəsi hələ də İsrailin əsas problemi hesab olunur. Onlar [iranlılar] bizə çox bənzəyirlər", – deyə general bildirib.

“ÖHDƏLƏRİNDƏN TƏK GƏLƏ BİLMƏRİK”

Golan əlavə edib ki, İsrail İranla tək mübarizə apara bilməz.

İsrail Müdafiə Qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini general-mayor Yair Golan
İsrail Müdafiə Qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini general-mayor Yair Golan

İsrail bu yaxınlarda özünün Suriya ilə sərhədi yaxınlığında Livanın Hizbullah hərəkatının və İranın dəstəklədiyi digər silahlı qruplaşmaların fəallığının artması ilə bağlı həyəcan təbili çalıb.

Buna da bax: İranda anti-İsrail yürüşündə Səudiyyə əleyhinə şüarlar səslənib

İsrail mətbuatının yazdığına görə, Vaşinqtondakı təhlükəsizlik konfransında çıxışı zamanı general-mayor Golan qeyd edib ki, iranlıların israillilərə bənzərliyi onları "İsrail üçün daha təhlükəli edir".

“Onlar [iranlılar] sivilizasiyanın yüksək formasıdır. Onların gözəl, elmi infrastrukturu, heyrətamiz sənayesi, yaxşı alimləri və çoxlu istedadlı gəncləri var. Onlar bizə çox bənzəyirlər... və buna görə də daha təhlükəlidirlər. Və biz onların öhdəsindən tək gələ bilmərik”, – deyə İsrailin “Ynetnews” xəbər saytı general Golan-dan sitat gətirib.

TÜKƏNMƏ MƏSƏLƏSİ

İsrailin "Walla!" xəbər saytının yazdığına görə, general-mayor Golan deyib: “İranla mübarizə aparmaq üçün strateji siyasət işləyib hazırlamaq zərurətdir. Belə ki, İranla birbaşa qarşıdurmanın mümkünlüyünə əhəmiyyət verməmək olmaz”.

General Golan əlavə edib ki, İsraillə İran arasında birbaşa qarşıdurma hər iki tərəfə baha oturacaq:

“Onlar bizə təsir edə bilərlər; biz onlara təsir edə bilərik. Bu, tükənmə məsələsidir. Ancaq daha dərin bir şey əldə etməyə gəldikdə, biz bunu tək bacarmarıq. Bu, faktdır. Yaxşısı budur, bunu etiraf edək”.

Buna da bax: İran Suriya və Livanda silah zavodları tikir

İsrailin ABŞ-la müttəfiqliyinə toxunan general Yair Golan vurğulayıb ki, Amerikanın dəstəyi İsraildən ötrü çox vacibdir: “Hər hansı mümkün gələcək hərbi toqquşmada İran üzərində qələbə əldə etmək üçün Amerikanın köməyi vacib olacaq”.

“QANA İNVESTİSİYA QOYURLAR”

"The Times of Israel" xəbər saytı hesab edir ki, general Golan İsrailin İrana hava zərbələri endirməsinin mümkünlüyünə işarə edib: “İsrailin keçmişdə İranın nüvə proqramına qarşı hava zərbələri gerçəkləşdirməyi nəzərdən keçirdiyi deyilir. Həm Vaşinqton, həm də Qüdsdə rəsmilər İsrailin bu ideyanı effektiv həyata keçirməsi üçün köməyə ehtiyacı olacağını bildiriblər", – deyə sayt yazır.

“Biz İranla birbaşa qarşıdurmaya hazır olmalıyıq. Bizim ekspedisiya qüvvələrimiz yoxdur. İsraildə dəniz piyadaları yoxdur... Bu bizim imkanlarımız xaricindədir. Yaxşı, bizim nəyimiz olmalıdır? Əsas sual da budur”, – general deyib.

General Golan çıxışında İranı "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasıyla müqayisə edərək onun nə dərəcədə böyük təhlükə olduğunu bir daha vurğulayıb: “Biz on illərlə İŞİD tipli terrorçuluqla mübarizə aparmışıq. Bunun problem olmadığını demirəm. Ancaq bununla yaşamağı bacarmışıq... Onlar primitivdirlər, imkanları da nisbətən məhduddur. Bəli, onların qətiyyəti var və təhlükəlidirlər. Ancaq İran təhlükəsi, İŞİD-lə ...müqayisədə xeyli daha təhlükəlidir”.

Buna da bax: Rusiya İsrailə İrana hücum etməmək xəbərdarlığı verib?

General Golan-ın sözlərini "qeyri-adi bəyanat" adlandıran “Jerusalem Online” (JOL) saytı onun çıxışından başqa bir sitat gətirib: "Onların [iranlıların] regiondakı fəaliyyətinə fikir verin. Onlar çox ağıllı hərəkət edirlər, həmişə mümkün qədər az investisiya qoymağa çalışırlar. Bunu etməli olanda belə qana investisiya qoyurlar. Qan üçün də öz müttəfiqlərindən yararlanırlar".

XƏBƏRDARLIQ

İsrailli general öz çıxışında amerikalı ev sahiblərinə xəbərdarlıq etmək fürsətini də əldən verməyib: “Təhlükələrin internet, terror hücrələri, qaçqın axınları vasitəsilə sürətlə ...yayıldığı bugünkü dünyada bizim ABŞ-la əməkdaşlığımız hər zamankından daha sıx olmalıdır", – o deyib.

“Times of Israel” yazır ki, Golan-ın çıxışından cəmi bir neçə saat öncə İsrailin Suriyanın raket bazasına hava zərbəsi endirdiyi haqda xəbər yayılıb. Bir çoxları bu zərbəni İrana, Rusiyaya və Suriyada hərbi əməliyyatlarda iştirak edən digər qüvvələrə ismarış hesab edirlər. Onların fikrincə, İsrail bu yolla regionda öz maraqlarını qorumaq əzmində olduğunu sərgiləyir.

Buna da bax: İran su müharibələrindən danışır

Ötən həftə İranın baş qərargah rəisi, İslam İnqilab Keşikçiləri Korpusunun general mayoru Mohammad Hossein Baqeri xəbərdarlıq edib ki, İrana hər hansı hücum geniş regional fəlakətə yol açacaq.

“Əgər İranın düşmənləri müharibəyə başlamaq qərarına gəlsə, şübhəsiz ki, onlar bu müharibənin bitməsinin vaxtı və yeri barədə qərar verə bilməzlər”, – deyə o bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG