Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 07:49

HƏMAS daha 17 girovu azad edir


Azad olunmuş israilli girovları daşıyan karvan.
Azad olunmuş israilli girovları daşıyan karvan.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması noyabrın 26-da daha 17 girovu azad edib, onların 14-ü israillidir, içində bir amerikalı da var. İsrail isə 39 fələstinli məhbusu azad edib. Bununla da İsraillə HƏMAS arasında dördgünlük kövrək atəşkəs çərçivəsində üçüncü girov mübadiləsi gerçəkləşib. Birləşmiş Ştatlar atəşkəsin müddətinin uzadılacağına ümidini bildirib.

AP girovların çoxunun birbaşa İsrailə təhvil verdildiyini yazır. Onları hava qüvvələri bazasında izdiham qarşılayıb. İsrail ordusu azad olunanların birinin xəstəxanaya aparıldığını, 84 yaşlı bir qadının həyatına isə təhlükə olduğunu bildirir, "çünki yaşlı qadına uzun müddət gərəkən qayğı göstərilməyib".

4 yaşlı qızın valideynləri öldürülüb

Girovlardan ən kiçiyi 4 yaşlı qızdır. O, İsrail və ABŞ vətəndaşıdır, valideynləri oktyabrın 7-də HƏMAS-ın radikal üzvləri İsrailin cənubuna girəndə öldürülüblər.

"Onun yaşadıqlarını ağla gətirmək mümkün deyil", – ABŞ prezidenti Co Bayden (Joe Biden) atəşkəs çərçivəsində azad edilən ilk amerikalı barədə belə deyib. Prezident qızın vəziyyətindən xəbərdar olmadığını deyərək digər amerikalı girovlar haqda da məlumat verməyib. Bayden bildirib ki, məqsədi atəşkəs razılaşmasını mümkün qədər uzatmaqdır.

İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin məlumatına görə, siyahıda yaşı 17 və daha az olan doqquz uşaq olub. Daha üç tailandlı da buraxılıb. HƏMAS Rusiya prezidenti Vladimir Putinin səylərinə cavab olaraq, rusiyalı girovu da azad etdiyini deyib.

Fələstinli məhbus İsrail həbsxanasından azad edildikdən sonra anasını qucaqlayır.
Fələstinli məhbus İsrail həbsxanasından azad edildikdən sonra anasını qucaqlayır.

Həbsdən buraxılan fələstinli məhkumlar isə uşaqlar və 15-19 yaşlı gənclərdir, əsasən, ictimai asayişi pozmaqda, əmlaka ziyan vurmaqda, bəzi hallarda israilli zabitlərə fiziki ziyan vurmaqda, yaxud bununla hədələməkdə ittiham olunublar.

Noyabrın 27-də, atəşkəsin sonuncu günü dördüncü girov mübadiləsinin baş tutacağı gözlənilir. Yekun olaraq 50 girov və 150 fələstinli məhbus azadlığa qovuşmuş olacaq. Onların çoxu qadınlar və azyaşlılardır.

Atəşkəsi uzatmaq mümkün olacaqmı

ABŞ, Misir və Qətərin başçılığı ilə beynəlxalq vasitəçilər isə atəşkəsin uzadılmasına çalışırlar.

HƏMAS radikal qruplaşması ilk dəfə olaraq bildirib ki, daha çox girovun buraxılması üçün razılaşmanın uzadılmasına çalışacaq.

Netanyahu isə bəyanatında bildirib ki, Bayden ilə danışıb, atəşkəsi HƏMAS-ın günə 10 girov azad etməsi qarşılığında uzatmaq təklifini bir daha dilə gətirib. Ancaq onu da deyib ki, atəşkəs bitən kimi İsrail hücumu "var gücü ilə" bərpa edəcək.

HƏMAS-ın 7 oktyabr hücumundan sonra İsrail Qəzzanın şimalını bombalamağa başlayıb. İsrail ordusu minlərlə radikal silahlını öldürdüyünü bildirir, ancaq buna dəlil göstərməyib.

Qəzzadakı rəsmilər azı 13 min nəfərin öldürüldüyünü bildirir. Amma onların neçəsinin silahlı, neçəsinin dinc sakin olduğu açıqlanmayıb.

XS
SM
MD
LG