Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

Kataloniya lideri 'bir neçə günə' müstəqilliyi elan edəcəyini bildirir


Carles Puigdemont

Kataloniya lideri bildirir ki, region «bir neçə günə» müstəqilliyi elan edəcək. Bu addımın Madriddəki hökumətlə gərginliyi qızışdıracağı gözlənir.

Separatçı lider Carles Puigdemont oktyabrın 3-də BBC-yə deyib ki, hökumət «bu həftənin sonunda, yaxud gələn həftənin əvvəlində hərəkətə keçəcək». Bu arada regionda müstəqilliyə dəstək aksiyaları da güclənir.

«HƏR ŞEYİ DƏYİŞƏN SƏHV»

Puigdemont xəbərdarlıq edib ki, İspaniya hökuməti müdaxilə etməyə, Kataloniya hökumətinə nəzarəti ələ almağa cəhd göstərsə, bu, «hər şeyi dəyişən səhv» olar.

***Buna da bax-Azərbaycan 'referendum olayları'ndan hansı dərsi götürməlidir? [video]

Kataloniya hökuməti bildirib ki, oktyabrın 1-də 2.26 milyon seçicinin 90 faizi müstəqilliyə səs verib. Rəsmilər 5.34 milyon qeydiyyata alınmış seçicinin 42 faizinin səsverməyə getdiyini açıqlayıb. Ancaq səsvermədən öncə keçirilən rəy sorğuları 7.5 milyonluq kataloniyalının yalnız 40 faizinin müstəqilliyi dəstəklədiyini üzə çıxarmışdı. Di gəl, referenduma qarşı çıxanların çoxu səsverməyə getməyib.

İspaniyanın Konstitusiya Məhkəməsi referendumun qanunsuz olması barədə qərar çıxarıb. Polis səsverməni önləmək üçün seçici məntəqələrinə girib, 900 nəfərin hüquq-mühafizə əməkdaşlarıyla toqquşmalarda yaralandığı bildirilir.

KRAL DA DİLƏ GƏLDİ

İspaniyanın baş naziri Mariano Rajoy səsverməni «demokratiyanın məzhəkəsi» adlandırıb. Avropa Komissiyası referendumdan öncə Madridin mövqeyinə dəstək bildirmişdi.

Oktyabrın 3-də televiziya ilə çıxışında İspaniya kralı Felipe VI separatçı liderləri demokratik prinsipləri pozmaqda, Kataloniya cəmiyyətini bölməkdə suçlayıb.

***Buna da bax-Avropa Komissiyası: 'Kataloniyadakı referendum qanunsuzdur'

Felipe monarxdan əvvəl görünməmiş bir hərəkət edib. O deyib ki, Kataloniya liderləri «məsuliyyətsiz davranış»la regiondakı sosial harmoniyaya zərbə vurublar.

«Bu gün Kataloniya cəmiyyəti kövrəkdir, münaqişə aparır», – o söyləyib.

Oktyabrın 3-də tətil edən fəhlələr və yüz minlərlə etirazçı Kataloniyanın Barselona və digər şəhərlərində küçələrə çıxıb, polis zorakılığına etiraz edib, nəqliyyatın yolunu kəsib, şirkətlərin işini əngəlləyib.

Muxtar Kataloniya İspaniyanın ən varlı regionudur, ayrıca dili və mədəniyyəti var. 15-ci əsrdən İspaniyanın tərkibindədir, ancaq tarix boyunca separatçılıq meylləri güclü olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG